168 saat: Pensiyalar artırıldı, Rusiyaya nota verildi, AZAL təyyarəsi ilə bağlı yeni faktlar aşkarlandı

Fevral ayının ilk həftəsi arxada qaldı.
TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında ötən həftənin (3 – 9 fevral) önəmli hadisələrinə nəzər salacağıq.
Azərbaycan Prezidenti İlham Əliyev Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Rüfət Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamına əsasən, Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin olunub.
Azərbaycan Prezidenti “Minatəmizləmə fəaliyyəti haqqında” qanunu, “Dövlət rüsumu” haqqında qanuna dəyişiklikləri təsdiqləyib.
Dövlət başçısı Bakıda Tərlan Heybətov adına “Vətən” İdman Liseyində aparılmış yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Anura Kumara Dissanayakeyə təbrik məktubu göndərib.
Azərbaycan Prezidenti Türkiyədə baş vermiş dağıdıcı zəlzələnin ikinci ildönümü ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Prezident İlham Əliyev əmək pensiyalarının indeksləşdirilməsi, Ukraynaya 1 milyon dollar həcmində humanitar yardımın göstərilməsi barədə sərəncamlar imzalayıb.
Dövlət başçısı 2024-cü il noyabrın 11-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi və Sosial Məsələlər Departamentinin Dövlət Təşkilatları və Rəqəmsal Hökumət Bölməsi tərəfindən təmsil olunan Birləşmiş Millətlər Təşkilatı arasında Töhfə Sazişi” təsdiqləyib.
Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Muxtar Babayev Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
Prezident əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin vəzifəsindən azad edilməsi haqqında Sərəncam verib. Dövlət başçısının digər Sərəncamı ilə Sahil Babayev maliyyə naziri təyin olunub.
Fevralın 1-dən əmək pensiyalarının minimum məbləği 280 manatdan 320 manata qaldırılacaq. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Prezident “İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 29 noyabr 2017-ci il tarixli və “İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 1 may 2018-ci il tarixli fərmanlarına dəyişiklik edib.
Dövlət başçısı Qarabağ Universitetinin tabeliyində Qarabağ Universitetinin Klinikası publik hüquqi şəxs yaradılmasına dair Fərman imzalayıb.
Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə A. Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib.
Azəbaycan Prezidenti İlham Əliyev “Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” 6 oktyabr 2016-cı il tarixli fərmanında dəyişiklik edib. Dəyişikliyə əsasən, Şuraya sədrlik edən deputat Əli Əhmədovu Baş nazirin müavini Samir Şərifov əvəzləyib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında “Antena” sahəsi adlanan ərazidə yeni yaradılan parkın açılışında iştirak ediblər.
Ötən həftə Azərbaycan – Ermənistan dövlət sərhədində Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Ermənistan Respublikası Əsir düşmüş, saxlanılmış və itkin (yeri məlum olmayan) şəxslər üzrə idarələrarası komissiyasının nümayəndələri arasında görüş baş tutub. Görüşdə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə dair fikir mübadiləsi aparılıb və komissiyalar arasında ikitərəfli əsasda müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunub.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddini qəbul edib.
Bakıda saxlanılan separatçıların məhkəməsi ötən həftə davam etdirilib. Separatçı Arayik Harutyunyan məhkəmə prosesində çıxış edərək, cinayət işi üzrə ittiham olunan şəxslərə psixoloji təzyiq göstərilməsi və psixotrop dərmanların verilməsinə dair Ermənistan mediasında yayılan iddiaları yalan adlandırıb: “Təcridxanada bütün qanunlara əməl olunur, Beynəlxalq Qırmızı Xaç Komitəsi vaxtaşırı olaraq bizi ziyarət edir. İstintaq dövründə də müstəntiqlər tərəfindən hüquqlarımız təmin olunub”.
Bakıdakı qalmaqallı “Rus evi” ilə bağlı proseslər səngimək bilmir. Həftə ərzində “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya nota göndərilib.
Həftə ərzində Aktau yaxınlığında qəzaya uğraya AZAL təyyarəsi ilə bağlı yeni faktlar ortaya çıxıb. Qəzanın təhqiqatına dair ilkin hesabatda bildirilib ki, təyyarə yer səthi ilə toqquşana qədər xarici təsirə məruz qalıb. Hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədə aşkarlanıb. Təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulduğu müəyyənləşib.
Dövlət İmtahan Mərkəzi tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının qrafikini açıqlayıb. İmtahanlar 2 və 9 martda keçirəcək.
Amerikalı milyarder İlon Mask həftə ərzində sensasion açıqlamalar verib. O, ABŞ-nin “Azadlıq radiosu” və “Amerikanın səsi” radiostansiyalarını bağlamalı olduğunu deyib. Mask ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyini (USAID) cinayətkar təşkilat adlandırıb.
ABŞ Prezidenti Donald Tramp ilə Rusiya lideri Vladimir Putin arasında telefonla danışığı olub. Prezidentlər bir sıra məsələləri, xüsusilə, Ukrayna mövzusunu müzakirə ediblər.