Close

20:39
07 Yanvar 2025
20:07
07 Yanvar 2025

168 saat: Prezidentdən sərt xəbərdarlıq, İrana etiraz, Yeni ilin ilk körpəsi...

Yeni ilin ilk ayının birinci həftəsi başa çatdı. Ötən həftə (30 dekabr – 5 yanvar) ölkədə və dünyada xeyli yaddaqalan hadisənin şahidi olduq.

TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında həftənin önəmli hadisələrinə nəzər salacağıq.

Litva Prezidenti Gitanas Nauseda Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək, təyyarə qəzası ilə bağlı dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib.

Finlandiya Prezidenti Aleksandr Stubb, Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili, Surinam Prezidenti Çandrikapersad Santoxi Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

Azərbaycan Prezidenti İlham Əliyev "X"dəki rəsmi hesabında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paylaşım edib.

tebrik

Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar instaqramdakı rəsmi səhifəsində paylaşım edib. "Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Tanrı öz mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin! Qoy yer üzündəki bütün azərbaycanlılar sağlam və xoşbəxt olsunlar! Sizə və ailələrinizə möhkəm cansağlığı, xoş ovqat, sevinc və xoşbəxtlik arzulayıram! Dərin hörmət və sevgilərlə, Sizin Mehriban", - deyə paylaşımda bildirilib.

tebrik1

Prezident İlham Əliyev Tahir Yaqub oğlu Budaqovun “Şöhrət” ordeni, Əməkdar mədəniyyət işçisi Röya Seyfəddin qızı Tağıyevanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Prezidenti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin bir qrup əməkdaşını təltif edib.

Dövlətimizin başçısı Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xalqa müraciət edib. Azərvaycan Prezidenti bildirib ki, bizə qarşı şər, böhtan, yalan, iftira, uydurma kampaniyası aparılır - Azərbaycanı qaralamaq, Azərbaycanın imicinə zərbə vurmaq: “Onun arxasında duran ölkələrin adlarını mən heç çəkmək də istəmirəm. Azərbaycan xalqı o ölkələri yaxşı tanıyır. Qeyri-hökumət təşkilatları hansı mənbədən vəsait alır, hansı paytaxtdan göstəriş alır, onu da Azərbaycan xalqı yaxşı bilir. Ümid edirəm ki, gələn ilin yanvarın sonlarından başlayaraq, artıq Azərbaycana qarşı bu diskriminasiya və ayrı-seçkilik, şər, böhtan siyasətinə son qoyulacaq”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan 21 ildir, inamla, uğurla, ləyaqətlə inkişaf edir: “Bu illər ərzində çətinliklər də olub, sınaq məqamları da olub, müharibələr olub, bizə qarşı əsassız ittihamlar olub. Amma heç biri, heç biri bizi yolumuzdan döndərə bilmədi. Biz ərazi bütövlüyümüzü də bərpa etdik, dünya güclərinin istəklərinə rəğmən, dövlət suverenliyimizi də bərpa etdik, yenə də böyük dövlətlərin iradəsinə zidd olaraq. Ölkəmizi də inamla idarə edirik. Bizim ayağımıza dolaşmaq istəyənlər isə növbəti dəfə iflasa uğrayacaq”.

Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə kubalı həmkarı Migel Dias-Kanel Bermudesə təbrik məktubu göndərib.

Dövlətimizin başçısı Sudan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sudanın Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhanı təbrik edib.

Azərbaycan Prezidenti Çetinye şəhərində silahlı hücum nəticəsində insanların həlak olması və xəsarət alması ilə əlaqədar Monteneqronun Prezidenti Yakov Milatoviçə başsağlığı məktubu göndərib.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olublar.

sahdaq2

Prezident İlham Əliyev Müqəddəs Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasını təbrik edib.

Ölkəmizə qarşı daim qərəzli münasibət sərgiləyən İran İslam Respublikası ötən həftə də bu əməllərindən əl çəkməyib. İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçısısına qarşı təhqiramiz ifadələr səsləndirilib. Bu səbəbdən İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Həmin tədbirdə Azərbaycana və dövlət başçısısına qarşı səsləndirilən təhqiramiz ifadələrə görə İran tərəfinə sərt etiraz bildirilib.

Bununla yanaşı, son zamanlar İranda əhali arasında açıq-aşkar şəkildə anti-Azərbaycan əhval-ruhiyyəsinin ciddi şəkildə qızışdırılması ilə əlaqədar narazılıq diqqətə çatdırılıb.

Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində seçkiqabağı təşviqat başlayıb. Artıq seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısı açıqlanıb.

Suriyada Əsəd rejiminin süqutundan sonra yaranmış humanitar problemlərlə əlaqədar olaraq, Azərbaycandan Suriyaya ilk humanitar yardım karvanı göndərilib.

karvan

Ötən həftə Bakı-Aktau istiqamətində uçuş həyata keçirən "Gulfstream" tipli təyyarə uğurlu eniş etdikdən sonra təyyarənin yerdə idarəolunması zamanı göyərtəsində texniki nasazlıqla bağlı işarə siqnalı işə düşüb. Pilotlar təyyarənin sistemini yeniləyib və məlum olub ki, təyyarədə heç bir texniki nasazlıq yoxdur.

Heydər Əliyev Beynəlxalq Aeroportundan Varşavaya "Polish Airlines" aviaşirkətinin həyata keçirməli olduğu LOT-722 reysi isə təyyarədə yaranmış texniki nasazlıq səbəbindən ləğv edilib.

Həftə ərzində Braziliyada Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğramış AZAL-ın təyyarəsinin kabinindəki səs yazısının oxunmasına başlanılıb. Məlum olub ki, qəza səbəblərinin istintaqı üzrə yekun hesabat ən gec 3 il sonra təsdiqlənəcək.

Azərbaycanda 2025-ci ilin ilk körpəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada dünyaya gəlib. 1 yanvar 2025-ci il saat 00:01-də doğulan körpənin cinsi oğlan, boyu 50 sm, çəkisi 3 kq 900 qr olub.

ilkkorpe

Uzun müddətdir, böyrək çatışmazlığından əziyyət çəkən tanınmış aktyor Azər Baxşəliyev vəfat edib.

Türkiyənin məşhur müğənnisi, bəstəkar, kinorejissor və aktyor Ferdi Tayfur da ötən həftə dünyasını dəyişib.

Həftə ərzində dünyada əlverişsiz hava şəraiti bir sıra problemlər yaradıb. Almaniyada 100-dən çox aviareys ləğv edilib. Böyük Britaniyada güclü qar səbəbindən bir neçə hava limanı bağlanıb, avtomobil yollarında qəzalar baş verib. Mançester hava limanı və Liverpulun Con Lennon aeroportu qar səbəbindən uçuş-enmə zolaqlarını müvəqqəti bağlayıb.

Pakistanda törədilən partlayış nəticəsində isə azı 5 nəfər ölüb, 32 nəfər yaralanıb.

Uzun müddətdir, hakimiyyət böhranının yaşandığı Cənubi Koreyada gərgin vəziyyət davam edir. Ötən həftə Prezident Yun Sok Yolun həbsi istiqamətində hüquqi addımlar atılıb. Yun Sok Yolun tərəfdarları isə prezidentin iqamətgahının qarşısında toplaşıblar.

ABŞ-nin Kaliforniya ştatında kiçik mühərrikli təyyarə binaya çırpılıb. Nəticədə 11 nəfər xəsarət alıb. Daha bir təyyarə qəzası Neapol hava limanında qeydə alınıb. Təyyarə eniş zamanı bir neçə binaya dəyib.

Moskvada Suriyanın devrilən prezidenti Bəşər Əsədə qarşı sui-qəsd cəhdi edilib. Onun zəhərləndiyi iddia olunur.

Ötən həftə Monteneqronun cənubundakı Çetinye şəhərində silahlı insident nəticəsində azı 7 nəfər ölüb. Belə ki, 45 yaşlı kişi şəhərin Bayitse bölgəsindəki əyləncə məkanında odlu silahdan istifadə edərək bir neçə nəfəri qətlə yetirib.

Berlinin Şarlottenburq rayonunda isə naməlum şəxs küçədə insanlara bıçaqla xəsarətlər yetirib. Həmin şəxsin küçədə qarşısına çıxan insanlara bıçaqlı hücumu nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. Lakin yoldan keçən bir neçə nəfər onun hücumunun qarşısını ala bilib.

Ötən həftə ABŞ-nin 39-cu Prezidenti, Nobel Sülh Mükafatı laureatı Cimmi Karter vəfat edib.