Close

168 saat: Təyyarəmiz vuruldu, ekipaj üzvləri təltif edildi, Putin üzr istədi…

İlin sonuncu ayının sonuncu həftəsi başa çatdı. Ötən həftə (23-29 dekabr) Azərbaycan təyyarəsi Qazaxıstanın Aktau şəhərində qəza enişi etdi, pilotların qəhrəmanlığı sayəsində 29 nəfər sağ qaldı.

TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında həftənin önəmli hadisələrinə nəzər salacağıq.

Prezident İlham Əliyev “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

Dövlətimizin başçısı Müqəddəs Milad bayramı münasibətilə Roma Papası Fransisk Həzrətlərini təbrik edib.

2024-cü ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak və çıxış edib.

idman1

Prezident İlham Əliyev Azərbaycan Respublikasının bir qrup idmançı və idman mütəxəssisi təltif edilməsi, Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncamlar imzalayıb.

Dekabrın 24-ü Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin doğum günüdür. Dünyanın müxtəlif ölkələrinin dövlət və hökümət başçıları, beynəlxalq təşkilatların rəhbərləri Azərbaycan Prezidentinə təbrik ünvanlayıblar. Dövlət başçımızı təbrik edənlərin siyahısında Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Prezidenti Emoməli Rəhmon, Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev, Macarıstanın Baş naziri Viktor Orban, İsrail Dövlətinin Prezidenti İsxak Hersoq, İordaniya Kralı II Abdullah ibn Al Hüseyn, Bolqarıstan Prezidenti Rumen Radev, Moldova Prezidenti Maya Sandu və digərləri var.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Kasım-Jomart Tokayev, Rusiya Prezidenti Vladimir Putin, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edərək, təbriklərini çatdırıblar.

Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib. "24.12.2024. Doğum gününüz mübarək, cənab Prezident! Uca Allah Sizi və Azərbaycan xalqını qorusun!" – deyə paylaşımda bildirilib.

Prezident İlham Əliyev Liviya Dövlətinin milli bayramı münasibətilə Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfiyə təbrik məktubu ünvanlayıb.

Azərbaycan Biznesinin İnkişafı Fondunun Nizamnaməsi təsdiq edilib. Bununla bağlı Prezident İlham Əliyev müvafiq Fərman verib.

Prezident İlham Əliyev "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyənləşib.

Prezident İlham Əliyev Azərbaycan Respublikasında qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncamlar imzalayıb.

Dövlət başçısı “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında”, “Uşaq hüquqları haqqında”, “Gömrük tarifi haqqında” qanunlara dəyişiklikləri təsdiqləyib.

Birinci vitse-prezident Mehriban Əliyeva Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yollarına" məxsus təyyarənin qəzaya uğraması ilə bağlı paylaşım edib. Paylaşımda bildirilin: "Aktau yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən sarsıtdı. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Allah xalqımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!"

Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlət başçısı dərhal geri dönmək barədə tapşırıq verib.

prezident-enis1

Prezident İlham Əliyev Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı başsağlığı verib. Dövlət başçısının sosial şəbəkə hesablarındakı paylaşımlarda bildirilib: "Azərbaycan Hava Yolları" şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını diləyirəm".

Prezident İlham Əliyev təyyarədə olarkən Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib. Telefon danışığı əsnasında Prezident İlham Əliyev Azərbaycan Hava Yolları şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edə bilməyəcəyini və geri dönmək haqqında qərar qəbul etdiyini bildirib.

Azərbaycan Prezidentinin olduğu təyyarə Bakı şəhərində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Təyyarə endikdən dərhal sonra Prezident İlham Əliyev hadisə ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunda müşavirə keçirib.

musavire1

Dövlət başçısı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb.

Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Baş vermis faciə ilə bağlı Azərbaycan Prezidentinə müxtəlif ölkələrin dövlət və hökumət başçıları başsağlığı verib. Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas, Çin Sədri Si Cinpin, Polşa Prezidenti Andjey Duda, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İordaniya Kralı II Abdullah ibn Al Hüseyn, Xorvatiya Prezidenti Zoran Milanoviç, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer, Belarus Prezidenti Aleksandr Lukaşenko və digər rəsmi şəxslər Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıblar.

Həmçinin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidentinə zəng edərək, başsağlığı veriblər.

Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.

Dövlət başçısı “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında qanunun tətbiqi barədə” Fərman, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin ləğv edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Prezidenti Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub.

kommunal_masin

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Dövlət başçısı 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı paylaşım edib.

Vladimir Putin Azərbaycan Prezidentinə zəng edərək, Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib.

Prezident İlham Əliyev Dövlət Neft Fondunun (ARDNF) 2025-ci il büdcəsi haqqında fərman imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı-Qroznı istiqamətində uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimində iştirak edib, onların ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər.

defn1 defn2 defn4

Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibə verərək, hadisə ilə bağlı vacib məqamlardan danışıb.

musahibeaztv

“Faktlar ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir. Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir və dərhal, elə həmin gün bizim heyətimiz Aktau şəhərində artıq o videomaterialları təşkil edəndə ictimaiyyət də bu məsələ ilə məlumatlandırıldı. Füzelyajın dəlik-deşik olması, əlbəttə, göstərir ki, bilmirəm, ilkin olaraq kimin tərəfindən atılmış quş versiyası tamamilə gündəlikdən çıxarıldı. Ola bilər ki, təyyarə zədə alanda, zərbə alanda pilot bunu quşların təyyarə ilə toqquşması kimi qəbul edə bilərdi. Çünki yəqin ki, heç kimin ağlına gələ bilməzdi ki, bizim üçün dost olan ölkədə bizim təyyarəyə yerdən atəş açılsın. Ancaq təəssüflər olsun ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər. Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir”, -deyə dövlətimizin başçısı bildirib.

Azərbaycan Prezidenti bildirib ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik: “Azərbaycan ilk gündən beynəlxalq ekspertlərdən ibarət qrupun bu işlə məşğul olmasının tərəfdarı idi. Rusiya tərəfi rəsmi qaydada bizə təklif etmişdi ki, Dövlətlərarası Aviasiya Komitəsi bu işi araşdırsın. Biz isə qəti şəkildə bundan imtina etdik. Səbəb də aydındır. Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi. Əgər qəza baş verəndən dərhal sonra biz Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydik, bəlkə də buna etiraz etməzdik. Amma biz gördük ki, burada məsələni ört-basdır etmək cəhdləri göz qabağındadır.

Ona görə biz həm Qazaxıstan tərəfi ilə sıx təmasda olarkən bu mövqeyimizi bildirdik, həm də Rusiya tərəfinə mövqeyimizi bildirdik ki, ancaq beynəlxalq ekspertlərdən ibarət işçi qrup yaradılmalıdır və yaradılmışdır. Orada təyyarənin istehsalçı şirkəti – “Embraer”in nümayəndələri, Braziliyanın müvafiq qurumlarının nümayəndələri, Azərbaycan, Qazaxıstan və Rusiyanın, o cümlədən Dövlətlərarası Aviasiya Komitəsinin nümayəndələri də var. Ancaq aparıcı rollarda yox, sadəcə olaraq, işçi qrupun tərkibində olan üzvlər kimi. Yenə də deyirəm, “qara qutu”lar açılandan sonra və daha detallı məlumat əldə etdiyimiz halda məsələnin tam təfərrüatları üzə çıxacaq və bu gün hələ ki, sual kimi qalan bir çox məsələlərə aydınlıq gətiriləcək. Məsələn, təyyarə nə üçün Qroznı şəhərinə enə bilmədi? Radioelektron mübarizənin təsiri nə dərəcədə təyyarənin idarə olunmasına təsir göstərmişdir? Havada endirilən zərbə və təyyarənin yanında olan partlayışın nəticələri nə dərəcədə təsirli oldu? Çünki onu da bildirməliyəm ki, bu, açıq-aydın faktı inkar etmək və burada gözdən pərdə asmaq cəhdləri həm cəfəngiyyatdır, həm də ağılsızlıqdır. Çünki xoşbəxtlikdən ekipajın qəhrəmanlığı sayəsində elə hadisə baş verdi ki, təyyarə enə bildi, qəza enişi olsa da, təyyarə enə bildi. Sərnişinlərin bir çoxu xilas edildi, onların ifadələri var. Təyyarəni deşən qəlpələrin sərnişinlərə və ekipaj üzvlərinə yetirdiyi xəsarət göz qabağındadır. Bunu hansısa quşlarla bağlamaq, yaxud da ki, qaz balonunun partlaması kimi qələmə vermək həm ağılsızlıqdır, həm də vicdansızlıqdır”.

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Kşnyakin İqor İvanoviç (ölümündən sonra), Kalyaninov Aleksandr Georgiyeviç (ölümündən sonra), Əliyeva Hökumə Cəlil qızı (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Əsədov Zülfiqar Sərdar oğlu, Rəhimli Aydan Vaqif qızı isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Dövlət rüsumu haqqında” qanunlarda edilən dəyişiklikləri təsdiqləyib.

Azərbaycan Prezidenti qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Sərəncam imzalayıb, “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli Fərmanda dəyişiklik edib.

Vladimir Putin Prezident İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı dövlət başçıları “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı məsələlərin müzakirəsini davam etdiriblər.

Ötən həftə gələn il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək istəyən namizədlərin sayı açıqlanıb. 118 seçki dairəsini əhatə edən 685 bələdiyyə üzrə 16708 nəfər namizədlik üçün müraciət edib. Onlardan 15 696 nəfər qeydiyyata alınıb.

Milli Məclisin payız sessiyası çərçivəsində sonuncu iclası keçirilib. Spiker Sahibə Qafarova Milli Məclisin payız sessiyasını bağlı elan edib.

Azərbaycan 12 ildən sonra Dəməşqdə səfirliyin yenidən fəaliyyətə başlamasını planlaşdırılır. Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Suriya səfəri çərçivəsində bu ölkənin keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani ilə görüşündə bildirib.

Rusiya vətəndaşlarının Azərbaycanda müvəqqəti olma müddəti isə azaldılıb. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətəndaşlarının və Rusiya Federasiyasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gündən artıq ola bilməz.

Dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərində qəza enişi edib. Nəticədə təyyarədə olan 67 nəfərdən 29-u sağ qalsa da, digərləri həlak olub. Təyyarədə 37 Azərbaycan vətəndaşı olub. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 262.3 (hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Aktauda qəzaya uğrayan təyyarədən sağ qalan azərbaycanlılara baş çəkib.

Azərbaycan tərəfi Çeçenistan Prezdenti Ramzan Kadırovun təyyarə qəzası ilə bağlı yardım təklifini qəbul etməyib.

Hadisədən sonra “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8717 nömrəli Bakı-Mineralnıye Vodı reysini yerinə yetirən təyyarəsinin kapitanı havaya qalxandan və Mahaçqala üzərində hava məkanının bağlı olması barədə NOTAM (uçuş məlumatı) bildirişi alandan dərhal sonra Bakı hava məkanından çıxmadan geri qayıdıb. Bakıdan Rusiyanın bir sıra hava limanlarına uçuşlar dayandırılıb.

Dekabrın 26-da Azərbaycanda matəm elan edilməsi ilə əlaqədar  bayraqlar endirilib, saat 12:00-da bütün ərazilərdə hərəkət tam dayanıb, 1 dəqiqəlik süküt elan olunub.

sukut

Təyyarə qəzasında xəsarət alanlar və həlak olanların nəşi Azərbaycana gətirilib.

bakiyagetirilme

Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri ilə vida mərasimi keçirilib. Ekipaj üzvləri II Fəxri xiyabanda dəfn olunub.

Hadisə nəticəsində təyyarədə olan və xəsarət alanların hər birinə 20 min manat, vəfat edənlərin hər birinin ailəsinə isə 40 min manat kompensasiya ödənilməsinə qərar verilib.

Həftə ərzində “TikTok” sosial şəbəkəsində narkotikin, əxlaqsızlığın, qanunsuz mərc oyunlarının təbliğatı ilə məşğul olan bir neçə nəfər həbs edilib.

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyatla əvvəllər narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 56 yaşlı Hümbət Cəfərov, oğlu 33 yaşlı Əli Cəfərov və qızı 35 yaşlı Şəlalə Cəfərova saxlanılıb.  Onlardan külli miqdarda narkotik aşkarlanıb.

Tovuz Peşə Təhsili Mərkəzində isə 8 tələbə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlar tortdan zəhərlənib.

Həftə ərzində Birləşmiş Ərəb Əmirliklərinin Rəs əl-Xəymə sahillərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

Cənubi Koreyada isə sərnişin təyyarəsi eniş zamanı uçuş-enmə zolağında maneəyə çırpılıb. Nəticədə təyyarədə olan 179 nəfərin hamısı həlak olub. Baş verən hadisə ilə əlaqədar ölkə ərazisində bir həftəlik matəm elan olunub. Cənubi Koreyanın Muan Beynəlxalq Hava Limanında bütün daxili və beynəlxalq reyslər ləğv edilib.

koreya

Ötən həftə Gürcüstanın altıncı Prezidenti Mixeil Kavelaşvili and içib.

gurcuprezident

Keçmiş prezident Salome Zurabişvili isə Prezident Sarayını tərk edərək, keçirilən etiraz aksiyalarına qatılıb.