Tramp onlarla yeni dünya qurmaq istəyir - Prezident seçkilərinə açıq və gizli dəstək verən milyarderlər - FOTO
ABŞ tarixinin ən qalmaqallı və böyük dəyişiklərlə dolu dövrünü yaşayır. 2025-ci ilin yanvar ayının 20-də keçiriləcək inaqurasiya mərasimindən sonra Donald Tramp ikinci dəfə ABŞ Prezidenti kimi fəaliyyət göstərəcək. İş adamı kimi dünya biznesində tanınan Tramp “Amerikanı yenidən daha böyük edək!” devizi ilə dünyada sülhün bərpası və iqtisadi dirçəlişi fəaliyyətinin prioritet istiqaməti seçib.
ABŞ-də 2024-cü ilin prezident seçkilərində milyarderlər misligörünməmiş bir rol oynadılar, dünyanın 150 ən varlı ailəsi nəticələrə təsir etməyə çalışaraq seçkilərə təxminən 2 milyard ABŞ dolları (1,57 milyard funt sterlinq) töhfə verdilər.
Bəli, bu, böyük xərcdir, lakin seçkilərə xərcələn vəsait onların ümumi sərvətinin yalnız 0,07%-ni təşkil edir. Həmin donorların çoxu öz siyasi xərcləri haqqında açıq məlumat versələr də, bəziləri “gizli siyasətlə” məşğul olur, ictimaiyyətin diqqətini cəlb etmədən, əksəriyyətin seçimləri ilə ziddiyyət təşkil edən siyasi prosesə təsir edirlər. Taktikaya gizli lobbiçilik və dövlət məmurlarına güclü təsir imkanlarının əldə edilməsi də daxildir. Elitaların nə qədər siyasi təsirə malik olduğunu dəqiq müəyyən etmək çətin olsa da, ABŞ hökumətinin siyasətinin zənginlərin üstünlükləri ilə qeyri-mütənasib şəkildə formalaşdığını göstərən dəlillər var.
Seçkiyə təsir mexanizmlərinə seçki kampaniyasının maliyyələşdirilməsi və medianın tənzimlənməsi kimi fəaliyyətləri misal göstərmək olar. Lakin milyarderlərə verilən siyasi güc bəzilərinin daha cəsarətli dəyişikliklər təklif etməsinə səbəb olur. Filosof İnqrid Robeyns deyirdi ki, “demokratiyanı qorumaq və bərabərsizliyi cilovlamaq üçün fərdi sərvətlərin məhdudlaşdırılmasını müdafiə edən “limitarianizm”i tətbiq etmək lazımdır”. Limitarizm milyarderlərin siyasətə təsiri ilə əlaqələndirilir və super varlıların sərt seçim qarşısında qalmasını təklif edir: ya onlar müəyyən həddi aşan sərvətlərindən 100% vergi ödəməlidirlər, ya da partiya ianələri və ya vəzifədə qalmaq kimi bəzi siyasi hüquqlarından məhrum olmalıdırlar. Lakin sərvətin müəyyən məbləğdə limitləşdirilməsi ilə bağlı təklif ciddi tənqidlərlə qarşılaşdı, belə ki, ekspertlər belə hesab etdilər ki, sərvətin məhdudlaşdırılması iqtisadi artıma və innovasiyalara mənfi təsir edə bilər.
ABŞ-də keçirilən son prezident seçkilərinə ən böyük təsir isə illərdir, milyarderlər kürsüsündə zirvədə olan İlon Maskdan gəldi. İlon Mask hazırda dünyada 400 milyardı ötən sərvəti ilə “Space X”, “Tesla”, “Tvitter/X”, “Starlink”in sahibi kimi elm və texnologiya sahəsində qazandırdığı uğurları ilə tanınır. İlon nəinki Yer Planeti, hətta Mars və Ayın tədqiqi məqsədi ilə həyata keçirilən kosmik proqramlara da uğurla rəhbərlik edir. İlon həm də son illərdə dünya siyasətinin də gündəmində olan siyasət adamlarından biri kimi tanınır. Onun dünya liderləri ilə keçirdikləri görüşlər və müzakirə etdiyi məsələlər dünya siyasətinin gündəmini dəyişir. İlon dünyanı idarə edən və söz haqqına sahib fiqur kimi görünür, bu da onun gələcəkdə ABŞ-nin növbəti Prezidenti postuna hazırlanan lider olacağı təxminlərini təsdiqləyir.
ABŞ Prezidenti seçilən Donald Tramp isə elm və texnologiya sahəsində böyük sərvətlər qazanan milyarderlərdən təkcə İlon Maskdan deyil, eyni zamanda digər milyarderlərdən də dövlət idarəetməsində yararlanmağa çalışır. Bunlardan Mark Zukerberq, Jeff Bezosu da misal göstərmək olar. “Forbes”in məlumatına görə, Trampın Jeff Bezos və Mark Zukerberqlə rəsmi görüşləri planlaşdırılır. Trampın sözlərinə görə, o, bu görüşdə milyarderlərin yeni dövlət quruculuğu ilə bağlı fikir və düşüncələrindən yararlanmaq, eləcə də gələcəklə bağlı planlarını dinləmək niyyətindədir.
ABŞ-nin aparıcı analitik saytlarından olan “Forbes”in dünyanın ən zəngin insanları ilə bağlı təqdim etdiyi statistik cədvəl hər keçən gün dəyişir. Gəlin, “Forbes”in təqdim etdiyi milyarderlərdən onluğa düşənlər və onların birbaşa və ya dolayısı ilə Amerika siyasətinə təsirinə nəzər salaq:
İlon Musk- 439 milyard dollar
Hələ uşaq ikən Cənubi Afrikada yaşayarkən proqramlaşdırma dilini öyrənmiş və hazırladığı ilk “Blastar” adlı oyunu 500 dollara satmışdı. 3 qadından 11 uşağı olan Mask çıxışlarında dünyada insanların sayının azaldılmasından narahatlığını ifadə edir.
İlon Mask, elektrikli avtomobil istehsalçısı “Tesla”, raket istehsalçısı “SpaceX” və süni intellekt startapı “xAI” daxil olmaqla yeddi şirkətin sahibidir. O, səhmlər istisna olmaqla, “Tesla”nın təxminən 12%-nə sahibdir, lakin səhmlərinin yarıdan çoxunu - 3,5 milyard dollara qədər şəxsi kreditlər üçün girov qoyub. 2002-ci ildə əsası qoyulan “SpaceX” 2024-cü ilin dekabrında şəxsi səhm satışı əsasında 350 milyard dollar dəyərində qiymətləndirilir ki, onun da 42 %-i Maska məxsusdur. Mask sosial platforma olan “Twitter”i 2022-ci ildə 44 milyard dollara satın aldı. “Forbes” hesab edir ki, onun adını “X” adlandırdığı sosial media şirkətinin dəyəri 2024-cü ilin qiymətləndirməsinə əsasən 70% azdır. Mask 2023-cü ildə təsis etdiyi “xAI”nin təxminən 54%-nə sahibdir. Şəxsi investorlar 2024-cü ilin noyabrında şirkəti 50 milyard dollar dəyərində qiymətləndiriblər.
Jeff Bezos - 241.2 milyard dollar
Bezos uşaq ikən yay aylarında babasının fermasında Caterpillar traktorlarını təmiri ilə məşğul olub. Bezos 1998-ci ildə “Google”un qurucuları Larri Peyg və Sergey Brin ilə tanış olur və təxminən 250.000 dollar sərmayə qoyaraq şirkətin ilk mələk investorlarından birinə çevrilir.
Jeff Bezos 1994-cü ildə Seattle qarajından e-ticarət nəhəngi olan “Amazon”u qurur. Bezos 2021-ci ildə icraçı direktor olmaq üçün CEO vəzifəsini tərk edir. O, şirkətin 10%-dən bir qədər az hissəsinə sahibdir. O, həyat yoldaşı MacKenzie ilə 25 illik evlilikdən sonra 2019-cu ildə boşanır və “Amazon”dakı 16% payının dörddə birini ona köçürür. 2020-ci ildə Bezos qurduğu “Bezos Yer Fondu” vasitəsilə 2030-cu ilə qədər iqlim dəyişiklərinə dəstək məqsədilə 10 milyard dollar ianə etməyi öhdəsinə götürüb. Bugünkü günədək bu vəsaitin 2 milyard dollarını ianə edib. O, “The Washington Post” və raketlər hazırlayan aerokosmik şirkət olan “Blue Origin”in sahibidir. 2021-ci ilin iyulunda onun qısa müddətlik kosmosa uçduğu haqqında məlumatlar var. Bezos 2022-ci ilin noyabrında CNN-ə verdiyi müsahibədə, sərvətinin böyük bir hissəsini sağlığında ianə etməyi planladığını, lakin bununla bağlı detallı məlumat verməyəcəyini bildirib. Jeff Bezos hazırda 60 yaşındadır və 4 uşaq atasıdır.
Larri Ellison - 218.3 milyard dollar
Ellisonun heç kollec təhsili belə yoxdur. Onun ilk fəaliyyəti xüsusi xidmət orqanları üçün verilənlər bazası yaratmaq olub. Qızı Meqan “Zero Dark Thirty” və “American Hustle” kimi filmləri maliyyələşdirib; oğlu David isə “The Terminator” və “Mission: Impossible” kimi filmlərin prodüseri olub.
Larri Ellison təxminən 40%-ə sahib olduğu proqram təminatı nəhəngi “Oracle”ın sədri, baş texnologiya direktoru və həmtəsisçisidir. 2014-cü ildə o, 37 il rəhbərlik etdiyi “Oracle”ın CEO vəzifəsindən imtina edir. “Oracle” proqram şirkətlərinin davamlı alışları hesabına maliyyə gəlirlərini artırıb: ən böyük gəlir 2021-ci ildə elektron sağlamlıq kartlar şirkəti Cernerlə bağlanan 28,3 milyard dollarlıq müqavilə olub. 2020-ci ildə Ellison daimi olaraq 2012-ci ildə 300 milyon dollara satın aldığı Havay adasındakı Lanai adasına köçüb. Ellison 2018-ci ilin dekabrından 2022-ci ilin avqustuna qədər “Tesla”nın idarə heyətində olub. O, direktor vəzifəsindən getməzdən əvvəl 45 milyon bölünmüş səhmə sahib olub. Ellison 80 yaşındadır və 4 övlad atasıdır.
Mark Zukerberq- 214 milyard dollar
Zukerberq və həyat yoldaşı Priscilla Çan 3 uşağa sahibdirlər. Onlar 2100-cü ilə qədər bütün xəstəliklərə son qoymaq, müalicə etmək və ya düzgün diaqnoz qoymaq üçün 3 milyard dollar vəsait ayırıblar. 2019-cu ildə Mark Zukerberq Kaliforniyadakı Taho gölünün sahilində 59 milyon dollar dəyərində mülk alıb.
19 yaşlı Mark Zukerberq “Facebook”u 2004-cü ildə tələbələrin adlarıın fotoşəkillərlə uyğunluğunu yaradan bir lokal platforma kimi yaratmışdı. Zukerberq 2012-ci ildə “Facebook”u birjaya çıxardı; o, hazırda şirkətin səhmlərinin təxminən 13%-nə sahibdir. Bundan əlavə Zukerberq “Facebook”, “Instagram”, “WhatsApp” sosial şəbəkələrini birləşdirən “Meta” adlı şirkətlər qrupuna sahibdir.
Bernard Arnault -169.3 milyard dollar
Arnault və LVMH, Birkenstock və Equinox-a sərmayələr də daxil olmaqla, 30 milyard dollardan çox aktivləri olan özəl kapital firması L Catterton-da 40% paya sahibdir.
Bernard Arnault “Louis Vuitton” və “Sephora” da daxil olmaqla, 75 moda və kosmetika brendinin LVMH imperiyasına nəzarət edir. LVMH, 2021-ci ildə Amerikalı zərgər Tiffany & Co-nu 15,8 milyard dollara satın aldı və bu, indiyə qədərki ən böyük lüks marka alışı oldu. Arnaultun holdinqi “Agache”, “Netflix” və “TikTok”un ana şirkəti “ByteDance” kimi bizneslərə investisiyaları olan vençur kapitalı firması “Aglaé Ventures”i dəstəkləyir. Arnault 1984-cü ildə “Christian Dior”u almaq üçün bu işə 15 milyon dollar yatırmaqla başladı. Arnaultun beş övladının hamısı LVMH-də işləyir; 2022-ci ilin iyul ayında o, “Agache” holdinqinin onlara bərabər pay vermək üçün yenidən təşkilini təklif edib.
Larri Peyg -161,9 milyard dollar
Peyg Sundar Piçainin “Google” şirkətinin baş direktoru olana qədər ictimai yerlərdə görünməkdən qaçıb. O, eləcə də “Google Alphabet” aksionerlərinin 2019-cu ildəki ən böyük yığıncağına da qatılmır. Peyg təmiz enerjidən istifadənin tərəfdarıdır. Onun Palo-Altodakı evində geotermal enerji və təbii yanacaqdan istifadə olunur.
Peyg “Alphabet”in həmtəsisçi və idarə heyətinin üzvüdür. 2019-cu ildə “Google”un ana şirkəti olan “Alphabet”in baş direktoru vəzifəsindən istefa versə də, idarə heyətinin üzvü kimi səhmlərin idarəetməsinə nəzarət edir. O, 1998-ci ildə Stenfordda tələbə dostu, fəlsəfə doktoru Sergey Brinlə birlikdə “Google”u təsis edir. Page Brinlə birlikdə axtarış sistemini gücləndirən “Google”un PageRank alqoritmini icad edib. Peyg 2001-ci ildə Erik Şmidt vəzifəyə gələnə qədər “Google”un baş direktoru, daha sonra 2011-ci ildən 2015-ci illərdə “Google”un yeni ana platforması “GoogleAlphabet”in baş direktoru olub. 51 yaşlı milyarder evli və bir övlad atasıdır.
Sergey Brin – 154.5 milyard dollar
Aydındır ki, hər kəs uğurlu olmaq istəyir, amma mən innovativ, çox etibarlı, etik və nəticədə dünyada böyük dəyişikliklər yaradan biri kimi xatırlanmaq istəyirəm (Sergey Brin)
“Alphabet” şirkətinin həmtəsisçisi və idarə heyətinin üzvü olan Brin 2019-cu ilin dekabrında “Google”un ana şirkəti olan “Alphabet”in prezidenti vəzifəsindən istefa verir, lakin idarə heyətinin üzvü və səhmlərin nəzarətçisi olaraq qalmaqdadır. Brin 6 yaşında olarkən ailəsi onlara qarşı antisemitist münasibətə görə Rusiyadan ABŞ-yə köçüblər. O, 1998-ci ildə Stenford Universitetində kompüter elmləri üzrə elmi fəaliyyətlə məşğul olarkən Larri Peyglə tanış olur və onlar birlikdə “Google”u yaradırlar. “Google” 2004-cü ildə birjaya çıxarılır və 2015-ci ildə yaradılmış ana şirkət olan “Alphabet” kimi kommersiya fəaliyyətinə başlayır. Brinin yüksək texnologiyalı dirijabl layihəsi olan “LTA Research”ə 250 milyon dollar yatırdığı bildirilir. Sergey Brin 51 yaşındadır və 3 övlad atasıdır.
Uorren Baffett – 142, 3 milyard dollar
Baffet Harvard Biznes Məktəbindən azad edilsə də, sonralar Kolumbiya Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.
"Omaha Oracle" kimi tanınan Baffet bütün zamanların ən uğurlu investorlarından biri kimi tanınır. Baffet böyük sığorta şirkəti “Geico”, batareya istehsalçısı “Duracell” və “Dairy Queen” restoran şəbəkəsi də daxil olmaqla onlarla şirkətə sahib olan “Berkshire Hathaway”i idarə edir. ABŞ konqresmeninin oğlu kimi, o, ilk dəfə 11 yaşında səhm alıb və ilk dəfə 13 yaşında vergi ödəyib. O, sərvətinin 99%-dən çoxunu bağışlamağa söz verib. İndiyədək o, əsasən Gates Fondu və uşaqlara dəstək fondları vasitəsilə təxminən 60 milyard dollar ianə verib. 2010-cu ildə o, Bill Qeytslə birlikdə digər milyarderlərdən sərvətlərinin ən azı yarısını xeyriyyə işlərinə sərf etməyi öhdələrinə götürmələrini xahiş edərək, “Giving Pledge” proqramını başladır. 94 yaşlı milyarder 3 övlad atasıdır.
Stiv Balmer – 131 milyard dollar
Balmer və “Microsoft”un həmtəsisçisi Bill Qeyts Harvardda bir qrupda təhsil alıb. Ballmer, insanların hökumətin pulu hara xərclədiyini bilməsi və araşdırması üçün USAFacts.org adlı veb sayt yaradıb.
Stiv 2000-ci ildən 2014-cü ilə qədər “Mirosoft” şirkətinin baş direktoru olub. O, 1980-ci ildə 30 yaşında Stenfordun MBA proqramını tərk etdikdən sonra “Microsoft”a qoşulub. O, “Microsoft”dan təqaüdə çıxanda 2 milyard dollara NBA-dan “Los Angeles Clippers”i alır; “Forbes” hazırda komandanı 4,65 milyard dollar dəyərində qiymətləndirir. O, 2014-cü ildən bəri xeyriyyəçilik fəaliyyətini artırıb. Bu günə qədər Ballmer müxtəlif fondlara 4 milyard dollardan çox ianə verib. 2022-ci ildə o, həyat yoldaşı Connie ilə birlikdə Oreqon Universiteti nəzdində yaradılan əyalətdəki uşaqların davranış və psixi sağlamlıq ehtiyaclarını həll edəcək bir institut üçün 425 milyon dollar ayırıb. 68 yaşlı milyarder 3 uşaq atasıdır.
Bill Qeyts - 104,9 milyard dollar.
Qeyts uşaq ikən kitab oxumağa o qədər vaxt sərf edirdi ki, valideynləri ona yemək masasına kitab gətirməyi qadağan etmişdilər. Geyts orta məktəbdə oxuduğu illərdə dostu Pol Allenlə Vaşinqtonun Şimali Bonneville şəhərindəki elektrik stansiyasında proqramlaşdırma ilə məşğul olmaq üçün dərslərinə ara vermişdi.
Bill Qeyts sərvətini “Microsoft” proqram təminatı firmasından onlarla holdinqlərə, o cümlədən tullantıların utilizasiyası firması “Republic Services” və traktor istehsalçısı “Deere & Co”ya dəyişdi. Gənc yaşlarından kompüter həvəskarı olan Qeyts 1975-ci ildə “Microsoft”u Paul Allenlə birlikdə qurmaq üçün Harvarddan ayrıldı. 2020-ci ilin mart ayına olan məlumata görə, Qeyts “Microsoft” idarə heyətindən istefa verəndə proqram təminatı və hesablama şirkətinin səhmlərinin təxminən 1,3%-nə sahib idi.
2021-ci ilin may ayında Bill və Melinda Qeyts “Twitter”də 27 ildən sonra evliliklərini bitirdiklərini elan etdilər. O, indi xeyriyyəçi Geyts Fondunun yeganə sədridir.
Bu günə qədər o, Qeyts Fonduna 59 milyard dollardan çox vəsait ianə edib. Onun ilk ianələrinin əksəriyyəti “Microsoft”un səhmləri olub.
Maykl Blumberq -104.7 milyard dollar
2024-cü ildə Blumberq bakalavr təhsili aldığı Johns Hopkins Universitetinə 1 milyard dollar ianə etməyi vəd etsə də, ali məktəbə köçürdüyü vəsait 3,5 milyard dollardan çox idi. Yeniyetmə ikən Blumberq Massaçusets ştatının Kembric şəhərində elektronika şirkətində işləyib.
1981-ci ildə informasiya və media şirkəti “Bloomgerg LP”ni təsis edib. O, şirkətin təşkili üçün ilkin maliyyələşmə etsə də, hazırda gəlirin 88%-nə sahibdir, bu da dövriyyənin 13 milyard dollardan çox olduğunu deyir. 2023-cü ilin avqustunda o, Vlad Kliatçkonu “Bloomberg LP”nin baş direktoru və İngiltərə Bankının keçmiş direktoru Mark Karnini yeni direktorlar şurasının icraçı sədri təyin etdi. Maykl karyerasına 1966-cı ildə “Wall Street”də Salomon Brothers investisiya bankında başladı. O, 15 il bankda işlədikdən sonra bank işi ilə vidalaşmalı olub. İş adamı xeyriyyə işləri ilə məşğuldur, təkcə 2023-cü ildə 3 milyard dollar xeyriyyə işlərinə vəsait sərf edib. Bundan əlavə bütün həyatı boyu təhlükəsizlik, iqlim dəyişikliyi, təhsil və digər sahələrə 17,4 milyard dollardan çox ianə edib. Onun vəsiyyətinə görə, vəfat etdikdə “LP”dəki payı Bloomberg Philanthropiesə bağışlanacaq. Bloomberg Philanthropies fəaliyyət sahəsinin genişliyinə görə dünyanın ən böyük xeyriyyə fondudur. Onu da qeyd edək ki, Blumberq 2002-ci ildən 2013-cü ilə qədər 12 il Nyu York şəhərinin meri vəzifəsində çalışıb və 2020-ci il yarışında prezidentliyə uğursuz namizədliyini irəli sürüb.
Beləliklə, göründüyü kimi, amerikalı milyarderlərin ABŞ-dəki siyasi proseslərə təsiri danılmazdır. “Forbes”in məlumatına görə, milyarderlərdən İlon Mask seçkilərdə Tramp və respublikaçılara 119 milyon dollar, Jeff Bezos 50 milyon dollar maliyyə vəsaiti ilə dəstək olublar. Milyarderlərdən Bill Qeyts Kamala Harrisin seçki kampaniyasına 50 milyon dollar, Blumberq isə 100 milyon dollar vəsait xərcləyib. Mark Zukerberq, Larri Ellison, Uorren Baffetin isə hansı namizədi dəstəklədiyi gizli saxlanılır. Hər halda Trampı kimi dəstəklədiyini onun prezident kimi fəaliyyətindəki milyarderlərə münasibətində müşahidə edəcəyik.
Surə Seyid
araşdırmaçı-jurnalist