Close

168 saat: Daha bir mötəbər təşkilata üzvlük, səfirlərin geri çağırılması, milli valyutanın dəyişdirilməsi...

Dekabr ayının növbəti həftəsi arxada qaldı. Ötən həftə (16-22 dekabr) ölkədə və dünyada xeyli yaddaqalan hadisənin şahidi olduq.

TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında həftənin önəmli hadisələrinə nəzər salacağıq.

Prezident İlham Əliyev Bəhreyn Krallığının milli bayramı münasibətilə Bəhreynin Kralı Əlahəzrət Şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik ünvanlayıb.

Azərbaycan Prezidenti Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallageri qəbul edib.

taxt-tac

Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i oxuduğu videonu paylaşıb.

Dövlət başçısı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında” Azərbaycan Prezidentinin 2020-ci il 24 noyabr tarixli 2303 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla azad edilən ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahın tərkibində dəyişiklik edilib.

Prezident İlham Əliyev Azərbaycanın İraqdakı səfiri Nəsir Natiq oğlu Məmmədovun geri çağırılması barədə Sərəncam verib.

Azərbaycan Prezidenti “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanunları təsdiqləyib.

Dövlətimizin başçısı Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov ilə görüşüb.

minnixanov1

Prezident İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycanla Rusiya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilən Rüstəm Minnixanovun təltifedilmə mərasimi olub.

minnixanov3

Azərbaycan Prezidenti ilə Tatarıstan Respublikasının Rəisi Minnixanov birgə nahar ediblər.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 1 sentyabr tarixli 1436 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Dövlətimizin başçısı Qətər Dövlətinin milli bayramı münasibətilə Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktubu göndərib.

Prezident İlham Əliyev Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə verib. Dövlətimizin başçısı Azərbaycanla Ermənistan arasında sülh sazişindəki 17 maddədən 15-nin razılaşdırıldığını, 2-nin qaldığını bildirib. Azərbaycan Prezidenti onu da deyib ki, Azərbaycan mediası heç bir xarici mənbədən hətta bir faiz belə maliyyələşə bilməz: “Axı biz ABŞ mediasını maliyyələşdirmirik. Düzdür? Nə üçün onlar bizimkiləri maliyyələşdirsin? Belə ki, onlar “Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə gecə-gündüz xalqımıza, ölkəmizə qara yaxırlar, Ermənistan üzərində qələbəmizə kölgə salırlar”.

musahibe

Prezident İlham Əliyev Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən uzunluğu 100 metr, 6 aşırımdan ibarət yeni körpünün tikintisi məqsədilə 9.960.000,0 manat vəsait Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılması barədə Sərəncam verib.

Dövlət başçısının digər Sərəncamı ilə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün Prezidentin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 1 milyon manat ayrılıb.

Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək məqsədi ilə “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi üzrə yaradılan Dövlət Komissiyası ləğv edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” (bundan sonra – Mərkəz) publik hüquqi şəxs yaradılması haqqında Fərman verib.

Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib. Paylaşımda bildirilib: “Qahirədə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə toplantısı zamanı Azərbaycanın təşkilata üzv qəbul edilməsinə görə Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeşin dövlət və hökumət başçılarına təşəkkürümü bildirirəm.

Azərbaycanın namizədliyinə dəstək bu ölkələr ilə səmimi dostluğumuzun və əməkdaşlığımızın göstəricisidir. Türkiyənin təşəbbüsü ilə yaradılmış D-8 təşkilatı 30 ilə yaxındır ki, fəaliyyət göstərir və ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul olunmuşdur. Bu, bizim üçün qürur mənbəyidir. Öz həmkarlarımı əmin edirəm ki, Azərbaycan digər ölkələrlə birlikdə təşkilatın daha da inkişafı, İslam həmrəyliyinin gücləndirilməsi üçün öz səylərini əsirgəməyəcəkdir”.

Azərbaycan Prezidenti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, İran Prezidenti Məsud Pezeşkiana, Pakistanın Baş Naziri Məhəmməd Şahbaz Şərifə, Misir Prezidenti Əbdülfəttah əs-Sisiyə məktub göndərərək, ölkəmizin D-8-ə qəbul olunması ilə bağlı təşəkkürünü bildirib.

Prezident İlham Əliyev “Tibbi sığorta haqqında” Qanuna dəyişikliyi təsdiqləyib, “Dövlət investisiya proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Fərman imzalayıb.

Dövlət başçısı Azərbaycan Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru Mayıl Əhmədovun 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Sərəncam verib.

Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib. Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Adış Sakit oğlu Məmmədovun Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması, onun Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncamlar verib.

Dövlət başçısının digər sərəncamları ilə Yaşar Teymur oğlu Əliyev Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb, Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident İlham Əliyev Tofiq Fuad oğlu Musayevin Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi təyin edilməsi barədə Sərəncam imzalayıb.

Cəlal Sabir oğlu Mirzəyev Azərbaycan Respublikasının İndoneziya Respublikasında, eyni zamanda Filippin Respublikasında, Timor-Leste Demokratik Respublikasında, Sinqapur Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb. Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Prezidentin digər sərəncamları Ramil Əbil oğlu Rzayev Azərbaycan Respublikasının İndoneziya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Dekabrın 24-ü Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür. Bu münasibətlə dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçılarından Azərbaycan Prezidentinə təbriklər gəlir. Çin Xalq Respublikasının Sədri Si Cinpin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz və digər şəxslər dövlətimizin başçısını doğum günü münasibətilə təbrik ediblər.

Prezident İlham Əliyev Zaur Mir Tofiq oğlu Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi barədə Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Vüsal Yusif oğlu Aslanov “Bakı Metropoliteni”nə sədr təyin edilib.

Azərbaycan Prezidenti Almaniyanın Maqdeburq şəhərində baş vermis faciəli hadisə ilə əlaqədar Prezident Frank-Valter Ştaynmayerə başsağlığı verib.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyevi qəbul edib.

Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək istəyənlərin müvafiq dairə seçki komissiyalarına müraciətlər davam edir. Hakim Yeni Azərbaycan Partiyasının bələdiyyə üzvlüyünə namizədlərinin siyahısı təsdiqlənib.

Həftə ərzində Azərbaycan Milli Məclisi Avropa Parlamentinin qərəzli qətnaməsini pisləyib.

Deputatı Qüdrət Həsənquliyev Milli Məclisdəki çıxışında Prezidentə yalnız məhkumları deyil, həm də istintaq altında olan şəxsləri əfv etməklə bağlı səlahiyyət verilməsini təklif edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan maraqlı açıqlamalar verib. O bildirib ki, Ermənistan Azərbaycana ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağda münaqişə başlayandan sonra dayandırılmış dəmir yolu əlaqəsini bərpa etmək təklifi göndərib. Baş nazir onu da deyib ki, Ermənistan beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddialarını geri götürməyə hazırdır.

Onun müavini Mqer Qriqoryan isə Zəngəzur dəhlizinin olmayacağını bəyan edib.

Ötən həftə Azərbaycanın Baş naziri Əli Əsədov Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü çərçivəsində Yaxın Şərqdəki böhrana həsr olunmuş xüsusi sessiyada iştirak edib. Əli Əsədov tədbir çərçivəsində bir sıra görüşlər keçirib. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Məsud Pezeşkian, Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Pakistanın Baş naziri Şahbaz Şərif və Nigeriyanın xarici işlər naziri Yusuf Tuqqar ilə görüşüb.

ee-misir

Tədbirdə iştirak edən xarici işlər naziri Ceyhun Bayramov isə  türkiyəli həmkarı Hakan Fidanla bir araya gəlib.

Milli Məclisin sədri Sahibə Qafarova isə Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

sq-erd

Ötən həftə Azərbaycana qış fəsli daxil olub. Qış fəslinin uzunluğu 88 gün 23 saat 40 dəqiqə 55 saniyə olacaq.

Tovuz rayonunun Aşağı Quşçu kəndinin 1 nömrəli tam orta məktəbində 71 nəfərin tüstüdən zəhərlənib.

Azərbaycanın Xalq rəssamı, Bakı şəhərinin ilk baş rəssamı olmuş Tofiq Ağababayev 97 yaşında vəfat edib.

Həftə ərzində Gürcüstanda etiraz aksiyaları davam edib. Tbilisidə parlament binasının qarşısında keçirilən aksiyalarda etirazçılar hakim “Gürcü Arzusu” Partiyası əleyhinə müxtəlif şüarlar səsləndiriblər.

Roma Papası Fransiskin səhhətində problem yaranıb. Bu səbəbdən o, ənənəvi bazar günü xütbəsi zamanı Apostol Sarayının Müqəddəs Pyotr meydanına baxan pəncərəsində görünməyib.

Almaniyanın Maqdeburq şəhərində terror aktı törədilib. Şəhərdə təşkil olunan Milad bazarında avtomobil izdihamın üzərinə sürülüb. Nəticədə 11 nəfər həlak olub, 60-ı yaralanıb.

Xorvatiyanın paytaxtı Zaqrebin Preçko rayonundakı məktəbdə yeniyetmənin bıçaqla hücum etməsi nəticəsində yeddi şagird və müəllim yaralanıb.

İran Prezidenti Məsud Pezeşkian isə ölkənin milli valyutasının dəyişəcəyini bildirib. Belə ki, İran rialı İran tüməni ilə əvəzlənəcək, pul əskinaslarından dörd sıfır silinəcək.