Close

168 saat: Paşinyanın konstitusiya “təəssübkeşliyi”, Prezident haqqında impiçment qərarı…

Dekabr ayının daha bir həftəsi başa çatdı. Ötən həftə (9-15 dekabr) ölkədə və dünyada xeyli yaddaqalan hadisənin şahidi olduq.

TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında həftənin önəmli hadisələrinə nəzər salacağıq.

Prezident İlham Əliyev “Siyasi partiyalar haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Dövlət başçısının digər Fərmanı ilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında bu il sentyabrın 3-də Buxarest şəhərində imzalanmış yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında sazişə düzəliş protokolu təsdiqlənib.

“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Sərəncamda dəyişiklik edilib. Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğana zəng edib. Dövlətimizin başçısı Prezident Rəcəb Təyyib Ərdoğan və Əminə xanım Ərdoğanın Azərbaycanda keçirilmiş COP29 konfransının liderlər sammitində fəal iştirakını məmnuniyyətlə qeyd edərək, geniştərkibli Türkiyə nümayəndə heyətinin konfransın işinə əsaslı töhfələr verdiyini vurğulayıb. Prezident Rəcəb Təyyib Ərdoğan COP29-un uğurla keçirilməsi və danışıqlar prosesində əldə olunmuş nəticələr münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb. Telefon danışığı əsnasında Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub. Prezident İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib.

Azərbaycan Prezidenti Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul edib.

qebul-rus

Prezident İlham Əliyev Keniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Uillyam Samoei Rutoya təbrik ünvanlayıb.

Azərbaycan Prezidenti Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) prezidenti Maykl Tuçini və Komitənin yeni seçilmiş prezidenti Bernard Kaminetskini qəbul edib.

qebul1

Prezident İlham Əliyev “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma”nın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının Qanunu"nu təsdiqləyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumilli Lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib.

paylasim

Birinci vitse-prezidenti Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar "Instagram"dakı rəsmi səhifəsində paylaşım edib.

paylasim1

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

z1 z2

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi, “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu”nu, “Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş”i  təsdiqləyib.

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti vəzifəsinə seçilməsi münasibətilə Mixeil Kavelaşvilini təbrik edib.

Dekabrın 12-də müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 21-ci ili tamam olub.

Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri, hərbi qulluqçular, hüquq-mühafizə orqanlarının əməkdaşları, diplomatik korpusun nümayəndələri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, müasir müstəqil Azərbaycanın banisi və qurucusu Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, müasir Azərbaycanın banisi və xilaskarı, Ümummilli Lider Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.

dtx

Həftə ərzində Azərbaycanda yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində siyasi partiyaların səlahiyyətli nümayəndəsi qeydə alınıb. Ölkədə fəaliyyət göstərən siyasi partiyaların əksəriyyəti seçkidə iştirak edəcəyini açıqlayıb.

Ötən həftə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail Prezidenti İsxaq Hersoq, xarici işlər naziri Gideon Saar ilə görüşüb.

hh-isr

Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı baş tutub. Söhbət zamanı post-münaqişə dövründə bölgədə, Yaxın Şərqdə, xüsusilə Suriyada mövcud vəziyyət, habelə digər regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Azərbaycan XİN rəhbəri Ermənistanla 17 maddədən ibarət sülh müqaviləsi layihəsinin 15 maddəsinin razılaşdırıldığını bəyan edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə anlaşılmaz fikirlər səsləndirib. O, yenidən Ermənistan konstitusiyası, qonşu ölkələrə qarşı ərazi iddialarının məzmunu ilə bağlı bəyanat verib. Baş nazir bəyan edib ki, Ermənistanın konstitusiya ilə bağlı heç bir problemi yoxdur.

Ötən həftə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Kiqali şəhərində Ruanda Respublikasının Prezidenti Pol Kaqame ilə görüşüb.

ruanda

Həftə ərzində “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna əlavə və dəyişikliklər təklif olunub. Təklif edilən dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmətə və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçırdıqda çağırış üzrə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ məhdudlaşdırılacaq. Həmçinin orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara 21 yaşınadək bir dəfə möhlət veriləcək, hərbi xidmətə çağırış müddətinin yuxarı həddi 35 yaşdan 30 yaşa endiriləcək.

Ötən həftə Xocalıya növbəti köç olub. Daha 27 ailə - 152 nəfər keçmiş məcburi köçkün doğma yurda qovuşub.

Həftə ərzində Elm və təhsil naziri Emin Əmrullayevin verdiyi açıqlamalar müzakirələrə yol açıb. Nazir bildirib ki, məktəblərdə hazırda sistematik şəkildə pul yığılmır, sadəcə müxtəlif zamanlarda ayrı-ayrı təhsil müəssisələrində bu kimi hallarla bağlı şikayətlər olur və dərhal araşdırılır. Pul yığılması məsələsinin yolverilməz hal olduğunu vurğulayan nazir əlavə edib ki, milyon yarım şagirdi olan sistemdə gün ərzində hansısa şagirdlərin, valideynlərin və ya müəllimlərin arasında münaqişə tipli halların olması qaçılmazdır.

Səhiyyə naziri Teymur Musayev isə saxta həkimlərlə bağlı araşdırmaların aparıldığını açıqlayıb. O bildirib ki, insanlara süni və yanlış gözəllik standartları təlqin edilir. Bu, daha çox uşaq yaşlarında həyata keçirilir. Nəticədə insanlar plastik əməliyyatlara meyil edir.

Ötən həftə məşhur futbolçu Lionel Messi və komanda yoldaşları - Luis Suares, Serxio Buskets və Xordi Alba Bakıya gəliblər. Onlar Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər, Heydər Əliyev Mərkəzində olublar, azarkeşlərlə görüşüblər.

messi

Suriyada Əsəd rejiminin süqutundan sonra indiyədək Türkiyəyə sığınan suriyalılar ölkələrinə dönməyə başlayıblar.

İran İslam Şurası Rəyasət Heyətinin üzvü Əhməd Naderi Bəşər Əsəd hakimiyyətinin süqutunun son anına qədər İranın qüvvələrinin Suriyada olduğunu deyib. O qeyd edib ki, hazırda Suriyada İran qüvvələri yoxdur.

Qonşu Gürcüstanda vəziyyət stabilləşmir. Ötən həftə keçirilən seçkilərdə hakim “Gürcü arzusu” Partiyasından namizədi Mixail Kavelaşvili tələb olunan 200 səsi toplayaraq, Prezident seçilib. Ölkənin Mərkəzi Seçki Komissiyası seçkinin nəticələrini təsdiqləyib. Lakin hazırkı Prezident Salome Zurabişvili nəticələri tanımayıb. O, heç bir seçki keçirilmədiyini, heç kimin seçilmədiyini deyərək, səlahiyyət müddətinin başa çatacağı 29 dekabr tarixindən sonra Prezident Sarayını tərk etməyəcəyini bildirib. Ölkədə növbəti etiraz aksiyalarının başlayacağını deyib.

Cənubi Koreyada da hakimiyyət böhranı səngimək bilmir. Həftə ərzində ölkənin hərbi kəşfiyyat qurumunun rəhbəri Mun San Xo və onun sələfi No San Von həbs edilib. Bundan əvvəl isə sabiq müdafiə naziri Kim Yon Xyon və hərbi əks-kəşfiyyatın rəhbəri Yo İn Xyon tutulub. Cənubi Koreya parlamenti isə Prezident Yun Sok Yolun impiçmentini dəstəkləyib.