168 saat: Prezident ölkədən qaçdı, hərbi vəziyyət elan edildi...

İlin sonuncu ayının ilk həftəsi başa çatdı. Dekabrın ilk həftəsində (2-8 dekabr) ölkədə və dünyada baş verən xeyli yaddaqalan hadisənin şahidi olduq.
TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında həftənin önəmli hadisələrinə nəzər salacağıq.
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təbrik məktubu ünvanlayıb.
Dövlətimizin başçısı Laos Xalq Demokratik Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Demokratik Respublikanın Prezidenti Thonqlun Sisulitə məktub ünvanlayıb.
Azərbaycan Prezidenti Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”yə, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlara edilən dəyişiklikləri təsdiqləyib.
Azərbaycan Prezidenti Mavritaniya İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sid Əhməd əl-Bekaye Hamadinin, El-Salvador Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Enrike Haime Kalderonun, Yəmən Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Saleh Əhməd Turiqin etimadnamələrini qəbul edib.
Elbrus Saleh oğlu İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Dövlətimizin başçısı Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edib.
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək, COP29-un uğurlu təşkilinə görə təbriklərini çatdırıb və onun nəticələrinin qlobal iqlim gündəliyinin irəli aparılması baxımından vacibliyini vurğulayıb.
Prezident İlham Əliyev “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın iştirakçılarına və Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarına müraciət ünvanlayıb.
Azərbaycan Prezidenti Tailandın Kralı Maha Vajiralongkorn Phra Vajiraklaochaoyuhuaya ölkənin milli bayramı münasibətilə təbrik məktubu göndərib.
Prezident İlham Əliyev Azərbaycan könüllülərinin VII həmrəylik forumunun iştirakçılarına müraciət ünvanlayıb.
Dövlət başçısı Naxçıvan Sənaye Parkının yaradılması haqqında Fərman, rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Prezident İlham Əliyevin imzaladığı digər sərəncamlarla Əliyar Qəhrəman oğlu Məmmədyarov Mərkəzi Bankın sədrinin birinci müavini, Vüsal Cahangir oğlu Xəlilov müavini təyin edilib.
Dövlətimizin başçısı Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubba bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.
Azərbaycan Prezidenti Avropa İttifaqı Şurasının Prezidenti kimi fəaliyyətə başlaması münasibətilə Antonio Koştanı, yenidən Avropa Komissiyasının (AK) Prezidenti seçilməsi münasibətilə Ursula fon der Lyayeni təbrik edib.
Həftə ərzində Azərbaycanda təyin edilmiş növbəti bələdiyyə seçkilərində seçiləcək bələdiyyə üzvlərinin sayı məlum olub. 2025-ci il yanvarın 29-da 685 bələdiyyəyə keçiriləcək seçkilərdə ümumilikdə 8 min 71 bələdiyyə üzvü seçiləcək.
Türkiyə Azərbaycana yeni səfir təyin edib. Birol Akgün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri olacaq.
ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi isə səhhətində yaranmış problemlə əlaqədar diplomatik xidmətdən istefa verib.
Ötən həftə xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Məşhəd şəhərinə gedib, orada İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında iştirak və çıxış edib. Ceyhun Bayramov tədbir çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi ilə də görüşüb.
XİN başçısı Maltanın paytaxtı Valetta şəhərinə keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında iştirak edib.
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə görüşüb.
Bakıda Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfrans keçirilib.
Milli Məclisdə isə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransı təşkil edilib. Tədbirə 13 ölkənin parlamentlərindən və beynəlxalq təşkilatlardan 100-ə yaxın nümayəndə qatılıb.
Türkiyənin Böyük Millət Məclisinin (TBMM) 60-dan çox deputatı Azərbaycana səfər edib. Onlar Azərbaycanın Milli Məclisinin 106 illiyi ilə bağlı “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransına qatılıb, Şuşa və Xankəndiyə səfər ediblər.
Baş nazir Əli Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktayla görüşüb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov isə ölkəmizdə rəsmi səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının hərbi nümayəndə heyəti ilə görüşüb.
Qış mövsümündə mövsümi xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma hallarının artması səbəbindən adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub.
Həftə ərzində Abşeron rayonu və Sumqayıt şəhərində xeyli insanın xəsarət alması, 1 nəfərin ölümü ilə nəticələnən partlayışlar baş verib. Sumqayıt şəhər 13-cü mikrorayonda yerləşən yaşayış binasında qaz sızmasından partlayış, Xırdalan şəhərində yerləşən AAF yaşayış kompleksində isə yanğın baş verib. Həmçinin Novxanı bağları massivində mərhum şahmat ustası Vüqar Həşimovun valideynlərinin yaşadığı fərdi yaşayış evində partlayış olub. Nəticədə şahmatçının ata-anası ağır yaralanıb. Hazırda xəstəxanada olan hər iki şəxsin vəziyyəti ağırdır.
Bu həftə dünyada çox maraqlı hadisələr baş verib, münaqişə ocaqları daha da alovlanıb.
Ötən həftə ATƏT-də yeni rəhbərlər təyin edilib. Feridun Sinirlioğlu (Türkiyə) - ATƏT-in baş katibi, Maria Telalian (Yunanıstan) - DTİHB-nin Direktoru, Kristof Kamp (Hollandiya) – ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarı, Yan Braathu (Norveç) - ATƏT-in media azadlığı üzrə nümayəndəsi olub.
Dünyada bu həftənin əsas müzakirə mövzusu Suriyada baş verən hadisələr olub. Noyabrın 27-də Suriyada silahlı müxalif qüvvələri genişmiqyaslı hərbi əməliyyatlara başlayıb, ölkənin bir neçə iri şəhərini ələ keçirib. Əməliyyatlar dekabrın 8-də paytaxt Dəməqin hakimiyyətin əlindən alınması, Prezident Bəşər Əsədin ölkədən qaçması ilə nəticələnib.
Devrilən Prezident Bəşər Əsədin ailəsi ilə birlikdə Rusiyaya qaçdığı, orada sığınacaq aldığı müəyyənləşib.
Əməliyyatlara rəhbərlik edən “Heyət Təhrir əş-Şam” təşkilatının rəhbəri Əhməd Əl-Şaraa Golani isə Dəməşqə gedib.
Artıq Dəməşqdə hərbi vəziyyət elan olunub, Suriyanın dövlət bayrağı dəyişdirilib. Suriya Müxalif və İnqilabçı Qüvvələrinin Milli Koalisiyası dekabrın 8-ni ölkədə milli bayram elan edib.
Qonşu Gürcüstan da gərgin vəziyyət davam edib. Bir neçə gün əvvəl bütün ölkə ərazisində davam edən etiraz aksiyaları başa çatsa da, bəzi yerlərdə polislə nümayişçilər arasında toqquşmalarr olub. Nəticədə xeyli polis və nümayişçi yaralanıb, Gürcüstan müxalifətinin lideri saxlanılıb.
Cənubi Koreyada da bu həftə gərginlik yaşanıb. Prezident Yun Sok-Yöl ölkədə hərbi vəziyyət elan edib. Müxalifət lideri Li Çje-Mön isə hərbçiləri və polisi ölkə rəhbəri Yun Sok Yölün əmrlərinə tabe olmamağa çağırıb. Ölkənin milli müdafiə naziri Kim Yon Hyön hərbi vəziyyətin elan edilməsi və paytaxt Seula xüsusi texnika yeridilməsi qərarına görə hökumətdən və xalqdan üzr istəyərək istefa verib.
Parlamentdə ölkə Prezidentinin impiçmenti ilə bağlı səsvermə keçirilib. Yetərsay olmadığı üçün impiçment baş tutmayıb. Amma hakim “Vətəndaş Gücü Partiyası”nın lideri Han Donq Hun Prezident və Baş nazir Han Dok Sunun vaxtından istefaya gedəcəklərini açıqlayıb.