168 saat: Vəzifəsini itirən rektorlar, paytaxtda çoxminlik aksiya, Baş konsulluğa silahlı hücum…
Noyabr ayının sonuncu həftəsi başa çatdı. Ötən həftə (25 noyabr – 1 dekabr) ölkədə və dünyada baş verən xeyli yaddaqalan hadisənin şahidi olduq.
TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında həftənin önəmli hadisələrinə nəzər salacağıq.
Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcərin işğaldan azad edilməsinin dördüncü ildönümü ilə bağlı paylaşım edib. "Zəfər tariximiz – Kəlbəcərin Ermənistan işğalından azad edilməsindən dörd il ötür", - deyə paylaşımda bildirilib.
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın milli bayramı münasibətilə bu ölkənin Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviçə təbrik ünvanlayıb.
Dövlət başçısı “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Qanunu imzalayıb.
Prezident İlham Əliyev Gövhər Baxşəli qızı Baxşəliyevanı “Şöhrət” ordeni ilə təltif edib.
Azərbaycan Prezidenti Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa zəng edib, onu Prezident vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib.
Prezident İlham Əliyev “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, AMEA-nın Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı adlandırılıb.
Siyavuş Əşrəf oğlu Kərimi Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Kamilə Hüseyn qızı Dadaş-zadə Azərbaycan Milli Konservatoriyasının rektoru təyin edilib.
Prezident İlham Əliyev Azad Sevindik oğlu Novruzovun Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Azərbaycan Prezidenti Albaniya Respublikasının milli bayramı münasibətilə bu ölkənin Prezidenti Bayram Beqayı təbrik edib.
Dövlətimizin başçısı Timor-Leste Demokratik Respublikasının milli bayramı – Müstəqilliyin Elan Edilməsi Günü münasibətilə Demokratik Respublikanın Prezidenti Coze Ramuş-Hortaya təbrik məktubu göndərib.
Prezident İlham Əliyev Mavritaniya İslam Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuaniyə təbrik ünvanlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda abadlıq, əsaslı yenidənqurma, tikinti və genişləndirmə işlərindən sonra Mərkəzi Nəbatat Bağının açılışında iştirak ediblər.
Dövlətimizin başçısı Laçının Ermənistan işğalından azad edilməsinin dördüncü ildönümü ilə bağlı paylaşım edib. “Zəfər tariximiz – Laçının Ermənistan işğalından azad edilməsindən dörd il ötür”, - deyə paylaşımda qeyd olunub.
Azərbaycan Prezidenti Rumıniyanın milli bayramı münasibətilə bu dövlətin başçısı Klaus Verner İohannisi təbrik edib.
Həftə ərzində Milli Məclisdə 2025-ci il üçün büdcə zərfi müzakirəyə çıxarılıb. Müzakirələrdə Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak edib.
Azərbaycan Xarici İşlər Nazirliyi Polşa Prezidenti Andjey Dudanın Avropa İttifaqının Ermənistandakı Missiyasının (EUMA) üzvləri ilə birgə Ermənistan-Azərbaycan sərhəd bölgəsinə səfərini sərt tənqid edib. XİN bəyan edib ki, Aİ-nin müxtəlif üzv ölkələrinin və Avropa institutlarının anti-Azərbaycan siyasətinin növbəti nümayişidir: "Azərbaycanın "strateji tərəfdaşı" olan ölkənin prezidentinin Azərbaycan və Polşa arasında münasibətlərin gərginləşməsinə səbəb olan qəbuledilməz diplomatik "binokl şousu"nda iştirak etməsindən dərin təəssüf hissi keçiririk".
Azərbaycan XİN İsrail və Livan arasında əldə edilmiş atəşkəsi dəstəkləyib.
Ötən həftə Azərbaycanda keçiriləcək növbəti bələdiyyə seçkilərinin vaxtı məlum olub. Seçkilər 2025-ci il yanvarın 29-na təyin edilib.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Politico" nəşrinin ölkəmizə qarşı yalan məlumatlar yaymasını tənqid edib: “Qəzetin Avropa nəşri Azərbaycandan üzr istəmək və saxta məlumatları əks etdirən məqaləsini təkzib etmək əvəzinə, Avropa və dünya ictimaiyyətini çaşdırmaq üçün dezinformasiyalar yaymağa davam edir”.
Həftə ərzində Azərbaycan və Türkiyə respublikalarının Hərbi Dəniz Qüvvələrinin (HDQ) sualtı hücum və sualtı müdafiə bölmələri ilə keçirilən "SAT-SAS-2024" birgə təlimi keçirilib.
Həmçinin, İran İslam Respublikasının Ərdəbil vilayətinin Aslanduz yaşayış məntəqəsi yaxınlığında Azərbaycan Ordusu Quru Qoşunlarının və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının xüsusi təyinatlılarının iştirakı ilə keçirilən "Araz - 2024" birgə taktiki təlimi başa çatıb.
Ötən həftə ölkə ərazisində ağır yol qəzaları baş verib. Ağdərə-Kəlbəcər baş verən yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Tovuzda rayonunda isə yol qəzasında 7 nəfər həlak olub.
Dövlət Təhlükəsizliyi Xidməti İstanbulda 70 kq qızılla tutulan hərbçi ilə bağlı məlumat yayıb. Məlumata əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Amerika Birləşmiş Ştatlarındakı hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət edən polkovnik-leytenant Məmmədov Qəhraman Şamil oğlunun digər Azərbaycan Respublikasının vətəndaşı Qasımov Anar Əli oğlu və xarici ölkə vətəndaşları ilə sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Birləşmiş Ərəb Əmirliklərindən Türkiyə Respublikasına daşınan xüsusilə külli miqdarda qızıl külçələrin qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməsində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib. Həmin şəxslər barəsində cinayət işi başlanılıb.
Ötən həftə Fransanın məşhur “Christian Dior Couture” brendi Azərbaycandakı şirkətini ləğv edib. Şirkətin Azərbaycandakı nümayəndəliyinin nizamnamə kapitalı 7.7 milyon manatdan artıqdır.
Həftə ərzində Azərbaycanın Xalq artistləri - quruluşçu rəssam Rafiq Nəsirov və violonçel ifaçısı, professor Rasim Abdullayev vəfat edib.
Ötən həftə dünyanın gündəmində əsasən, Gürcüstan və Suriyada baş verən hadisələr olub.
Gürcüstanda yeni hökumət formalaşıb, İrakli Kobaxidze Baş nazir vəzifəsinə təsdiqlənib. Ölkə parlamenti prezident seçkilərinin tarixini təsdiqləyib. Seçkilər dekabrın 14-də, andiçmə mərasimi isə dekabrın 29-da keçiriləcək.
Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası prezidentliyə namizədi Mixail Kavelaşvili olub.
Səlahiyyət müddəti dekabrın 16-da başa çatacaq hazırkı Prezident Salome Zurabişvili isə parlamentin qərarı ilə razılaşmayıb. Zurabişvili parlamentin legitim olmadığını əsas göstərərək, istefa verməyəcəyini bildirib. O, Gürcüstandakı vəziyyətlə bağlı Avropadan yardım istəyib.
Həftə ərzində Tbilisidə kütləvi etiraz aksiyaları keçirilib. Bəzi yerlərdə polislə etirazçılar arasında toqquşmalar olub. Yüzlərlə yaralanan və saxlanılan var.
Suriyada isə Bəşər Əsəd hakimiyyətinə qarşı vuruşan müxalif qüvvələr Hələb və İdlib vilayətlərindən sonra Həma şəhərini ələ keçirməyə cəhd ediblər. Müxaliflər Morik qəsəbəsini də nəzarət altına alıblar. Silahlı dəstələr Hələb şəhərinin zindanında saxlanılan məhbusları azad ediblər. İranın Hələbdəki konsulluğu da silahlı dəstələrin hücumuna məruz qalıb.