168 saat – Bakıda Zəfər parkı açıldı, hərbçilərə rütbələr verildi, ABŞ-də yeni Prezident seçildi…
Noyabrın daha bir həftəsi başa çatdı. Ötən həftə də (4-10 noyabr) ölkədə və dünyada xeyli yaddaqalan hadisənin şahidi olduq.
TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında həftənin önəmli hadisələrinə nəzər salacağıq.
Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı daha bir sərəncamla Yaşar Adil oğlu Ömərov Azərbaycan Texnologiya Universitetinin rektoru təyin edilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Olimpiya Stadionunun ərazisində COP29-la bağlı yaradılan şəraitlə tanış olublar.
Azərbaycan Prezidenti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına müraciət ünvanlayıb.
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Qırğız Respublikasına səfər edib.
Dövlətimizin başçısı görkəmli qırğız yazıçı Çingiz Aytmatovun ev muzeyində olub, xatirə kitabına ürək sözlərini yazıb. Prezident İlham Əliyevə “Çingiz Aytmatov” ordeninin təqdim edilməsi mərasimi olub. Prezident və Çingiz Aytmatovun ailə üzvləri birgə çay süfrəsi arxasında söhbət ediblər.
Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub. Azərbaycan Prezidenti tədbirdə iştirak edib.
Qırğızıstanın paytaxtında Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.
Bişkekdə Macarıstanın Baş naziri Viktor Orbanın Türk Dünyasının Ali Ordeni ilə təltif olunması mərasimi keçirilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib.
Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak və çıxış edib.
Prezident İlham Əliyevin Qırğız Respublikasına səfəri başa çatıb.
Dövlətimizin başçısı Böyükşor-Pirşağı yeni avtomobil yolunun, Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışına qatılıb.
Azərbaycan Prezidenti Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə Donald Trampa, Moldova Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə Maya Sanduya təbrik məktubları göndərib.
Prezident İlham Əliyev Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Fərid Mirmufid oğlu Seyidova “ədliyyə general-mayoru”, Müdafiə Nazirliyi Quru Qoşunlarının komandanı Hikmət Mirzəyevə general-polkovnik, polkovnik Azər Aydın oğlu Məmmədova “general-mayor” ali hərbi rütbələri verilib.
Siyavuş Əşrəf oğlu Kərimiyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Prezident İlham Əliyev "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında" fərman, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Dövlətimizin başçısı və Birinci vitse-prezident Mehriban Əliyeva 8 Noyabr – Zəfər Günü münasibətilə sosial şəbəkədə rəsmi hesablarında paylaşım ediblər.
Prezident İlham Əliyev Şuşanın Ermənistan işğalından azad edilməsinin dördüncü ildönümü ilə bağlı paylaşım edib. “Zəfər tariximiz - Şuşanın Ermənistan işğalından azad edilməsindən dörd il ötür”, - deyə paylasimda bildirilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər Günü mümasibətilə Prezident İlham Əliyevə təbrik ünvanlayıb.
Prezident İlham Əliyev 2024-cü il oktyabrın 11-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu təsdiqləyib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Zəfər parkından paylaşım edib.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak ediblər. Dövlətimizin başçısı burada Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldıb, daha sonra xalqa müraciət edib.
Azərbaycan Prezidenti “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni təsdiqləyib.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Azərbaycan Prezidentinə zəng edərək, Zəfər Günü münasibətilə təbrik edib.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olublar. Dövlətimizin başçısı burada Azərbaycanın üçrəngli Bayrağını ucaldıb.
Prezidenti İlham Əliyev 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar rəsmi sosial şəbəkə hesablarında paylaşım edib.
Mehriban Əliyeva rəsmi "Instagram" hesabında 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə foto paylaşıb.
Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltz Azərbaycan Prezidentinə zəng edib. Telefon danışığı əsnasında Kansler Olaf Şoltz Almaniyada yaranmış siyasi vəziyyətə görə Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransının liderlər sammitində iştirak edə bilməyəcəyini təəssüflə bildirib, tədbirin uğurla keçməsinin əhəmiyyətinə toxunub.
Azərbaycan Prezidenti Surinam Respublikasının Prezidenti Çandrikapersad Santoxi, San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri Patris Emeri Trovoada, Zimbabve Respublikasının Prezidenti Emmerson Dambudzo Mnanqaqva, Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo ilə görüşüb.
Məlum olduğu kimi, Azərbaycanın ev sahibliyini etdiyi COP29 tədbiri bu gündən başlayır. Tədbirdə onlarla ölkənin dövlət və hökumət başçısı, nazirlər, beynəlxalq təşkilatların rəhbərləri və digər rəsmi şəxslər iştirak edəcək. Ötən həftə tədbirdə iştirak edəcək rəsmi şəxlər ölkəmizə gəlib.
Həftə ərzində 8 Noyabr – Zəfər Gününün 4-cü ildönümü ilə əlaqədar bütün ölkə ərazisində silsilə tədbirlər keçirilib. Paytaxt Bakıda, digər bölgələrdə, azad edilmiş ərazilərdə hərbçilərin yürüşü, təntənəli konsert proqramları təşkil edilib, atəşfəşanlıq olub.
Cəbrayıl şəhərinə isə növbəti köç yola salınıb. 30 ailə - 150 nəfər Cəbrayıla göndərilib. İndiyədək Cəbrayıl şəhərində 163 ailənin, yəni 583 nəfərin daimi məskunlaşması təmin edilib.
Həftə ərzində “Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanıb. Ağdam təmsilçisi IV tura təsadüf edən oyunda Norveçin "Budyo Qlimt" kollektivini 2:1 hesabı ilə məğlub edib.
Türkiyənin "Qalatasaray" klubu isə UEFA Avropa Liqasının Liqa mərhələsində İngiltərə təmsilçisi "Tottenhem"ə 3:2 hesabı ilə qalib gəlib.
Ötən həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Budapeştdə Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla söhbətləşib.
Bütün dünyanın diqqətlə izlədiyi ABŞ-dəki prezident seçkiləri başa çatıb. Respublikaçıların prezidentliyə namizədi Donald Tramp rəqibi Kamala Harrisi üstələyərək, seçkinin qalibi, ABŞ-nin 47-ci Prezidenti olub.
Moldovada isə prezident seçkilərinin qalibi ikinci turda müəyyəbləşib. Hazırkı Prezident Maya Sandunun növbəti dəfə qalib gəlib.