Close

168 saat – Prezidentin Rusiya səfəri, sərhəddə qaldırılan səlibçi bayrağı, orduya “hazır ol!” tapşırığı…

Oktyabr ayının daha bir həftəsi başa çatdı. Ötən həftə (7-13 oktyabr) maraqlı hadisələri ilə yadda qaldı.

TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında həftənin önəmli hadisələrinə nəzər salacağıq.

Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Rusiya Federasiyasına səfər edib.

rusia1

Dövlətimizin başçısı Moskvada MDB dövlət və hökumət başçılarının qeyri-rəsmi naharına qatılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə görüşü olub.

eliyev-putin

Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilib. Prezident İlham Əliyev iclasda iştirak və çıxış edib.

mdb1

Azərbaycan lideri Moskvada MDB dövlət və hökumət başçılarının şərəfinə təşkil olunan rəsmi qəbulda iştirak edib.

Prezident İlham Əliyev Moskvada “Rossiya 1” televiziya kanalına müsahibə verib. Dövlətimizin başçısı müsahibəsində sanksiyalara qarşı olduğunu bildirib: “Bizə sanksiyalar 1992-ci ildə, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu bir vaxtda ölkəmizin “Ermənistanı blokadada saxlaması” barədə qondarma ittihamla tətbiq edilmişdi. Bu sanksiyalar 2001-ci ildə, ABŞ-nin öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit daşımalı olduğu vaxt aradan qaldırılmışdı. Partiya mənsubiyyətindən asılı olmayaraq, Birləşmiş Ştatlarının Prezidenti ABŞ Əfqanıstandan qaçana qədər hər il bu sanksiyaları öz qərarı ilə ləğv edirdi. Bundan sonra bizə qarşı həmin sanksiyalar yenidən tətbiq olundu. Mən onları nankorluqda ittiham edəndə, hesab edirəm ki, bu, həmin kontekstdə istifadə olunacaq ən sərt söz deyil”.

rossiya1

Prezident İlham Əliyev Hadrutun işğaldan azad olunmasının 4 illiyi ilə bağlı paylaşım edib.

İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsində dəyişiklik edilib. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Fondun nizamnamə kapitalı 980 milyon 700 min manatdan 1 milyard 68 milyon 400 min manata qaldırılıb.

Prezident İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşaviri Con Podestanı, BMT Baş katibinin birinci müavini Amina Mohammedi, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının beynəlxalq enerji və iqlim üzrə naziri Keri Makkartini qəbul edib.

abs-basmusavir

bmt

bb-nazir

Dövlətimizin başçısı Bakıda keçirilən COP-öncəsi tədbirinin iştirakçılarına müraciət ünvanlayıb.

Prezident İlham Əliyev 2024-cü il sentyabrın 4-də Bakı şəhərində və 2024-cü il sentyabrın 9-da Bonn şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında məlumat mübadiləsi haqqında Anlaşma Memorandumu”nu təsdiq edib.

Dövlət başçısı Azərbaycanda “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiqlənməsinə dair sərəncam imzalayıb.

Azərbaycan Prezidenti Tunis Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyi münasibətilə Kays Sayidə təbrik məktubu göndərib.

Dövlətimizin başçısı İspaniya Krallığının milli bayramı münasibətilə İspaniyanın Kralı VI Felipeyi təbrik edib.

Ermənistanın və onun havadarlarının ölkəmizə qarşı təxribatları səngimək bilmir. Ötən həftə Avropa İttifaqının Ermənistandakı missiyasının üzvləri və erməni hərbçilər dövlət sərhədimizin yaxınlığına gələrək, müxtəlif cihazlarla ərazilərimizi müşahidə ediblər.

Ermənistan Azərbaycanla sərhəddə üzərində səlibçi xaçı əks olunmuş bayraq qaldırıb.

Bundan başqa, Ermənistan tərəfi Azərbaycanın guya hərbi əsirləri qaytarmadığını iddia edib. Azərbaycan Xarici İşlər Nazirliyi bir daha bəyan edib ki, ökəmiz indiyə qədər humanizm prinsipinə sadiq qalaraq, bütün hərbi əsirləri Ermənistan tərəfinə təhvil verib. Erməni əsilli hərbi cinayətkarların və separatçı xunta rejiminin nümayəndələrinin azad edilməsi barədə isə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil.

Ötən həftə Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub. General-leytenant Namiq İslamzadə müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı təyin edilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib. Müşavirədə şərti sərhəddə əməliyyat şəraiti və qoşunlarda bölmələrin gündəlik fəaliyyəti təhlil edilib, mövcud vəziyyətlə bağlı məruzələr dinlənilib. Nazir qoşunların bütün təxribatlara qarşı hazır olmasını tapşırıb.

zh

Həftə ərzində Azərbaycan Respublikasının Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan sonra yaradılmış qondarma qurumun “prezidentləri” olmuş Arkadi Gukasyan, Bako Sahakyan, Arayik Harutyunyan, sabiq "xarici işlər naziri" Davit Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar David Manukyan və digərlərinin barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddəti uzadılıb.

Ötən həftə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya işgüzar səfəri çərçivəsində Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib.

cb-mdb

Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Respublikasının Konstitusiyasının qəbul olunmasının 30-cu ildönümü münasibətilə təşkil olunan Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə bu ölkəyə səfər edib.

spiker

Ötən həftə Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib. Milli Məclis Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrup yaratmayıb.

Elm və təhsil naziri Emin Əmrullayev ötən həftə maraqlı açıqlamaları ilə diqqət çəkib. Nazir elmi dərəcəsi olan adamların hamısı əsl alim olmadığını deyib. Nazir onu da bildirib ki, ali təhsil müəssisələrində xeyli fənnin tədrisinə gərək yoxdur.

Həftə ərzində əlverişsiz hava şəraiti bölgələrdə fəsadlara səbəb olub. Hacıqabul şəhərində evləri su basıb, sakinlər təxliyə edilib. Bəzi rayonlarda güclü külək səbəbindən ağaclar, elektrik diəkləri aşıb.

Ötən həftə ölkənin nəhəng broyler şirkətlərindən olan "Səba" Açıq Səhmdar Cəmiyyətinin ləğvinə qərar verilib.

Ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirən Əhməd Əhmədovun məhkəməsi başa çatıb. 25 yaşlı Əhməd Əhmədov cəzadan azad edilərək, Maştağa qəsəbəsində yerləşən ixtisaslaşmış psixatriya xəstəxanasında məcburi müalicəyə cəlb olunub.

Ali Məhkəmədə “Baku Steel Company”nin 13 il 9 ay müddətinə azadlıqdan məhrum edilmiş keçmiş rəhbəri Rasim Məmmədovun da kassasiya şikayətii üzrə məhkəmə prosesi keçirilib. Kassasiya şikayəti təmin edilməyib, onun müsadirə edilmiş 70 milyonluq əmlakı özünə qaytarılmayıb.

Futbol üzrə Azərbaycan millisi ötən həftə UEFA Millətlər Liqasında növbəti oyuna çıxıb. Tallində Estoniyanın qonağı olan yığmamız 1:3 hesabı ilə məğlub olub.

Həftə ərzində Gürcüstanda Prezident Salome Zurabişvilinin impiçmenti proseduruna başlanılıb. Buna səbəb Zurabişvilinin hökumətin icazəsi olmadan yenidən Paris, Brüssel, Berlin və Varşavaya səfər etməsidir.

Fransada isə Prezident Emmanuel Makronun impiçmenti ilə bağlı qətnamənin müzakirəsi dəstəklənməyib. Makronun vəzifəsində qalmasına qərar verilib.

Yaxın Şərqdə gərgin vəziyyət ötən həftə də davam edib. İsrail Livana zərbələr endirib, “Hizbullah” isə İsrailin hərbi bazalarını kamikadze dronlarla atəşə tutub. Xeyli sayda ölən və yaralanan var.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı Qüds briqadası komandirinin müavini Məhəmməd Rza Fəlahzadə isə "Hizbullah" hərəkatının müvəqqəti baş katibi təyin edilib.