Close

13:20
07 Oktyabr 2024
11:52
07 Oktyabr 2024

168 saat – Cəbrayılda görüş keçirildi, Baba Rzayevə şiddətli töhmət verildi, Naxçıvana ayrılan vəsait azaldıldı...

Payızın ikinci ayının ilk həftəsi başa çatdı. Ötən həftə (30 sentyabr – 6 oktyabr) maraqlı hadisələrlə yadda qaldı.

TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında həftənin önəmli hadisələrinə nəzər salacağıq.

Prezident İlham Əliyev Yəhudi xalqının milli yeni il bayramı – Roş ha-Şana münasibətilə Azərbaycanın yəhudi icmasına təbrik ünvanlayıb.

Dövlət başçısı "Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında" sərəncam imzalayıb.

Azərbaycan Prezidenti Rusiya Federasiyasının Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Leonid Slutskini qəbul edib.

duma

Prezident İlham Əliyev və oğlu Heydər Əliyev Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak ediblər.

asiqelesger1

Tədbirdə çıxış edən dövlətimizin başçısı bildirib ki, bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük: “O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər. Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik”.

Prezident İlham Əliyev Rəhman Sahib oğlu Mustafayevin Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılması, Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncamlar imzalayıb.

Azərbaycan Prezidenti “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb. Müraciətin mətnini Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev oxuyub.

Prezident İlham Əliyev Suqovuşanın Ermənistan işğalından azad edilməsinin ildönümü ilə bağlı sosial şəbəkə hesablarında video paylaşıb. Paylaşımda “Zəfər tariximiz - Suqovuşanın Ermənistan işğalından azad edilməsindən dörd il ötür”, - sözləri yer alıb.

Dövlətimizin başçısı Koreya Respublikasının milli bayramı münasibətilə bu ölkənin Prezidenti Yun Sok Yola təbrik məktubu göndərib.

Prezident İlham Əliyev Almaniyanın milli bayramı – Alman Birliyi Günü münasibətilə Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə təbrik ünvanlayıb.

Azərbaycan Prezidenti İraq Respublikasının milli bayramı münasibətilə İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidi təbrik edib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olublar, Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının açılışında iştirak ediblər.

c-horovlu c-mekteb

Dövlətimizin başçısı Cəbrayılda “Azərsun Holding” MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin və “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin təməlini qoyub.

c-fabrik c-muessise

Prezident və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin təməlqoyma mərasimlərinə qatılıblar, Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.

c-arazvadisi c-sakinler1

Azərbaycan Prezidenti “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında, Zəngilan şəhərində altıncı yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib.

z-el-sebeke

z-5

Dövlətimizin başçısı Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksinin, Zəngilan İstirahət Kompleksinin tikinti işləri ilə tanış olub, Zəngilan rayonunda “AzərEnerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasının açılışında iştirak edib.

z-104

z-istirahetk

z-azerenerji

Dövlət başçısı 2024–2025-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərən və Azərbaycanın ali məktəblərinə daxil olan tələbələrə Prezident təqaüdünün verilməsinə dair sərəncam imzalayıb.

Prezidentin imzaladığı digər sərəncamla Sabir Kamal oğlu Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmanda Naxçıvanın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının maliyyələşdirilməsi üçün ayrılan 249 milyon 100 min manat məbləğin 70 milyon manata endirildiyi bildirilib.

Ötən həftə Sahibə Qafarovanın sədrliyi ilə yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il payız sessiyasında ilk plenar iclası keçirilib, Milli Məclisin yeni seçilən üzvlərinə deputat vəsiqələri təqdim olunub.

Vüqar Gəncəli oğlu Rəhimzadə Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının, Samir Əhməd oğlu Vəliyev isə Nərimanov rayon təşkilatının sədri vəzifəsindən azad olunub. Bununla bağlı partiyanın iclasında qərar qəbul edilib. Hər iki şəxs Milli Məclisin deputatı seçildiyi üçün rayon təşkilatının sədri vəzifəsindən azad edilib.

Həftə ərzində Bakıda “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev bildirib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 979 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3 973 nəfəri Birinci Qarabağ, 6 nəfəri isə Vətən müharibəsində itkin düşüb: “30 ilə yaxın Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazilərini işğal altında saxlamış, vətəndaşlarını əsir və girov götürmüş Ermənistan tərəfində, o cümlədən hərbi əməliyyatlara rəhbərlik etmiş erməni səhra komandirlərində təbii olaraq, itkin düşmüş azərbaycanlıların dəfn yerləri barədə məlumatlar mövcuddur. Dəfələrlə beynəlxalq təşkilatlar vasitəsilə bu məsələ qarşı tərəfin diqqətinə çatdırılsa da, rəsmi İrəvan hələ də müvafiq məlumatları Azərbaycana təqdim etmir”.

general1

Beynəlxalq konfransın iştirakçıları Azərbaycanda akkreditə olunmuş diplomatik korpusla birgə Ağdərə rayonunun Sırxavənd kəndində aşkarlanmış kütləvi məzarlığa baxış keçiriblər.

Ötən həftə Azərbaycanın Baş naziri Əli Əsədov Belarusa rəsmi səfər edib.

Milli Məclisin deputatları Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova müraciət ediblər. Deputatlar bildiriblər ki, ABŞ Konqresi üzvlərinin Dövlət katibi Antoni Blinkenə etdiyi qərəzli müraciət bu ölkənin ikitərəfli münasibətlərin rəvan şəkildə davam etdirilməsində maraqlı olmadığını göstərir. Müraciətdə təklif olunub ki, ABŞ-nin Beynəlxalq İnkişafa Yardım Agentliyi (USAID) və ABŞ-nin qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanda həyata keçirilən bütün layihələr dayandırılsın, yeni layihələrə icazə verilməsin, eləcə də USAID-in ölkəmizdəki fəaliyyətinə son qoyulsun.

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb.

Həftənin maraqlı hadisələrindən biri “Azərenerji” ASC-nin prezidenti Balababa Rzayevə şiddətli töhmət verilməsi olub. Bu barədə Nazirlər Kabineti sərəncam verib.

Ötən həftə Azərbaycan şirkəti “Arkoz” Holdinqin tərkibinə daxil olan “Magro Construction”ın Gürcüstanda inşa etdiyi yolun açılışı olub. Açılış mərasimində Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Əli Əhmədov, maliyyə naziri Samir Şərifov, Milli Məclisin deputatları Arzu Nağıyev, Anar Məmmədov, ölkəmizin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.

yol-gurcu

Bakıda X Beynəlxalq Kitab Sərgisi açılıb. Hazırda davam edən sərgidə iştirak edən nəşriyyatlarla Mədəniyyət Nazirliyi arasında anlaşmazlıq yaransa da, problem qısa müddətdə həllini tapıb.

Ötən həftə dünyanın gündəm mövzusu İsrail ordusunun keçirdiyi əməliyyatlar olub. İsrail ordusu Livanın cənubunda quru əməliyyatlarına başlayıb. İran isə ali rəhbər Ayətullah Əli Xameneinin göstərişi ilə İsrailə raket hücumu edib.

NATO-nun yeni Baş katibi Mark Rutte Ukraynanın paytaxtı Kiyevə səfər edərək, Prezident Volodimir Zelenski ilə görüşüb.