Close

12:10
06 Oktyabr 2024

168 saat – Prezidentə yeni təyyarə təqdim olundu, parlamentin ilk iclası keçirildi, “Hizbullah” lideri öldürüldü...

Sentyabr ayının sonuncu həftəsi arxada qaldı. Ötən həftə (23– 29 sentyabr) Azərbaycanın şanlı qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsinin başlamasının 4 ili tamam oldu, VII çağırış Milli Məclisin ilk iclası keçirildi, “Hizbullah”ın lideri öldürüldü.

TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında həftənin önəmli hadisələrinə nəzər salacağıq.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının milli bayramı – Krallıq elan edilməsi Günü münasibətilə İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.

Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. Prezident İlham Əliyev iclasda iştirak edib və nitq söyləyib. Dövlətimizin başçısı bildirib ki, Ermənistanın arxasında dayanan ölkələr, onların fəaliyyəti, onların qəbul etdikləri qərarlar, qətnamələr, açıqlamalar - bütün bunlar onu göstərir ki, bizə qarşı bu çirkin oyun hələ bitməyib: “Bizim Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır. Bu barədə geniş danışmağa ehtiyac yoxdur. Ancaq əldə edilmiş məlumatlar bunu göstərir. Media kampaniyasının, qarayaxma, iftira, böhtan kampaniyalarının da məqsədi məhz budur - bu mövzunu daim gündəlikdə saxlamaq və ümidlə yaşamaq ki, nə vaxtsa Azərbaycan büdrəsə, zəifləsə, yenidən bizə qarşı bu çirkin hərəkətlər başlasın. Yəni, biz bunu bilməliyik. Azərbaycan iqtidarı bunu bilir, ictimaiyyət də bunu bilməlidir. Ona görə bizim arxayınlaşmağa heç cür haqqımız yoxdur”.

meclis1

Azərbaycan Prezidenti Özbəkistanın Baş nazirinin müavini Cəmşid Xocayevi qəbul edib.

ozbek

Prezident İlham Əliyev Əli Cavad oğlu Əhmədovun Baş nazirin müavini, Şahin Kamil oğlu Seyidzadənin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) İdarə Heyətinin sədri, Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru, Asif Yunis oğlu Əsgərovun Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrindən azad edilməsi, Polad Bülbüloğlunun Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması barədə sərəncamlar imzalayıb.

Dövlət başçısı Türkiyə–Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında sərəncam, “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilməsi barədə fərman verib.

Azərbaycan Prezidenti İlham Əliyev İranın Təbəs şəhərindəki kömür mədənində çoxsaylı insan tələfatı ilə nəticələnən partlayışla əlaqədar bu ölkənin Prezidenti Məsud Pezeşkiana başsağlığı verib.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və ailə üzvləri Bakının Əhmədli qəsəbəsindəki 120 yaşlı məsciddə olublar.

mescid-ehmedli

Bakının Xətai rayonundakı “Gənclik” parkında ağacəkmə aksiyası keçirilib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və ailə üzvləri tədbirdə iştirak ediblər.

genclik

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən qəsəbə məscidindən və “Gənclik” parkındakı ağacəkmə aksiyasından paylaşım edib.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının peşə bayramı günlərinin təsis edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısı Bakı Ekspo Mərkəzində keçirilən “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi ilə tanış olub.

adex

Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış müasir, yüngül çəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) təyyarələri təqdim olunub. Bu təyyarələr artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib.

teyyare

Prezident İlham Əliyev iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxış edib.

musavire

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım ediblər.

27

27-1

Dövlətimizin başçısı Anım Günündə Bakıda inşası davam etdirilən Zəfər parkında olub.

zefer

Prezident İlham Əliyev Çin Xalq Respublikasının yaranmasının 75-ci ildönümü münasibətilə Xalq Respublikasının Sədri Si Cinpinə təbrik ünvanlayıb.

Azərbaycan Prezidenti “Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması Qaydası”nı, “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi”ni təsdiqləyib.

Dövlət başçısı “Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam, “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın təsdiq edilməsi, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərmanlar imzalayıb.

Ötən həftə Yeni Azərbaycan Partiyasının (YAP) yeni seçilmiş deputatlarının iclası keçirilib, partiyanın Milli Məclisin sədri postuna namizədi Sahibə Qafarova olub.

Milli Məclisin yeni tərkibdə keçirilən ilk iclasında Sahibə Qafarova parlamentin sədri seçilib. İclasda deputat Əli Əhmədov Milli Məclis sədrinin birinci müavini, deputatlar Ziyafət Əsgərov, Musa Qasımlı və Rafael Hüseynov sədrin müavinləri seçiliblər. Plenar iclasda parlamentin komitələrinin sədrləri və üzvləri də müəyyənləşib.

Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin də ilk iclası keçirilib. İclasda Ali Məclisin sədri müəyyənləşməyib, deputat Məmmədov Bəxtiyar İbrahim oğlu sədrin birinci müavini seçilib.

nmr-am

Həftə ərzində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Nyu-Yorkda keçirilən 79-cu sessiyasında iştirak etmək üçün ABŞ-yə səfər edən xarici işlər naziri Ceyhun Bayramov orada bir sıra görüşlər keçirib, Qoşulmama Hərəkatının “Silahlı münaqişələr zamanı mülki şəxslərin qorunması: Fələstin xalqı ilə həmrəylik” mövzusunda nazirlər görüşündə çıxış edib.

Nyu-Yorkda Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib.

xin-bmt

Tədbir çərçivəsində ABŞ dövlət katibi Antoni Blinken, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş baş tutub.

xin-3

Həftə ərzində Natiq Cəfərli Respublikaçı Alternativ (REAL) Partiyasının yeni sədri seçilib. Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə partiya sədrliyində qalıb.

Sentyabrın 27-də Vətən Müharibəsinin dördüncü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib, şəhidlərin məzarları ziyarət olunub.

Ötən həftə “ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin Bakı Ekspo Mərkəzində açılış mərasimi keçirilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti mərasimdə iştirak edib.

adex-acilis

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atəşə tutub.

Həftə ərzində Azərbaycanda xüsusi karantin rejiminin müddəti 1 yanvar 2025-ci il saat 06.00-dək uzadılıb.

Ötən həftə dünyanın münaqişə ocaqlarında gərginlik davam edib.

İsrail ordusunun Beyrutun cənubunda yerləşən Dahiya bölgəsinə havadan endirdiyi zərbələr nəticəsində "Hizbullah" lideri Şeyx Həsən Nəsrullah, onun qızı və təşkilatın cənub bölməsinin başçısı Ali Karki, bir sıra komandirləri öldürülüb. Həsən Nəsrullahın öldürülməsindən sonra Seyid Haşim Səfiuddin təçkilatın lideri seçilib. İndiyədək “Hizbullah”ın icra şurasının sədri olan Səfiuddun Nəsrullahın əmisi oğludur.

İsrail ordusunun Beyrutdakı “Hizbullah” qərargahına endirdiyi zərbələrdən sonra Baş nazir Benyamin Netanyahu ABŞ səfərini yarımçıq kəsərək Təl-Əvivə qayıdıb. Ölkədə fövqəladə vəziyyət elan edilib.

İranda Gərmsar sənaye şəhərində baş verən güclü partlayış nəticəsində xeyli insan ölüb. Son bir ayda isə İranda 52 məhbus edam edilib.

Suriya Prezidenti Bəşər Əsəd ölkənin yeni hökumətinin formalaşdırılması haqqında fərman imzalayıb. Fərmanla hökumətə Məhəmməd Qazi əl-Cəlali başçılıq edəcək.

BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fələstinin baş naziri Məhəmməd Mustafa ilə görüşüb. Tərəflər arasında diplomatik əlaqələrin qurulmasına dair birgə kommünike imzalanıb.

Həftə ərzində Azərbaycanda «Xankəndi» futbol klubu yaradılıb. UEFA Avropa Liqasında Liqa mərhələsində Türkiyənin “Qalatasaray” klubu Yunanıstan PAOK, “Fənərbağça” komandası Belçika təmsilçisi “Yunion”a qalib gəlib.

"Qarabağ" klubu isə UEFA Avropa Liqasında İngiltərənin "Tottenhem" klubuna məğlub olub.