Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

168 saat – Putinin Azərbaycana səfəri, Prezidentə özəl hədiyyə, qardaş köməyi...

Avqust ayının daha bir həftəsini geridə qoyduq. Həftə ərzində (12-18 avqust) Rusiya Prezidenti Vladimir Putin ölkəmizə dövlət səfərinə gəldi, güclü meşə yanğınlarının söndürülməsi üçün Türkiyəyə amfibiya təyyarəsi göndərildi.

TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında ötən həftə baş verən önəmli hadisələrə nəzər salacağıq.

Prezident İlham Əliyev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamla gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının müddəti daha 2 il uzadılıb.

Dövlətimizin başçısı “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na və Əmək Məcəlləsinə dəyişiklik edilməsinə dair fərman verib.

Azərbaycan Prezidenti San-Paulu ştatında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya başsağlığı məktubu göndərib.

Prezident İlham Əliyev Fransanın Paris şəhərində keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, birinci yeri tutan hər bir idmançıya 400 000 manat, onun məşqçisinə 200 000 manat, ikinci yeri tutan hər bir idmançıya 200 000 manat, onun məşqçisinə 100 000 manat, üçüncü yeri tutan hər bir idmançıya 100 000 manat, onun məşqçisinə 50 000 manat ödəniləcək.

Azərbaycan Prezidenti həmçinin Oyunlarda qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə idmançıları və onların məşqçilərini təltif edib.

Dövlətimizin başçısı Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib.

olimp-qebul1

olimp-qbul2

Görüş zamanı Olimpiadanın qızıl medalçıları - cüdoçular Hidayət Heydərov və Zelim Kotsoyev dövlət başçısına xatirə hədiyyələri təqdim ediblər.

hidayet-zelim

Azərbaycan Prezidenti Konqo Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Deni Sassu Nqessoya təbrik ünvanlayıb.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında Çin-Avropa Dəmiryolu Ekspresi üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutlarının inkişafı haqqında Anlaşma Memorandumu” təsdiqləyib.

Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) siyahısı genişlənib. Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.

Prezidentin imzaladığı fərmanlarla ekologiya və təbii sərvətlər nazirinin birinci müavini postu yaradılıb, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib.

Azərbaycan Prezidenti İndoneziya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Coko Vidodoya təbrik məktubu ünvanlayıb.

Dövlət başçısı "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında" sərəncam imzalayıb. Təltif edilənlər arasında DSX-nin xidməti vəzifələrini yerinə yetirərkən şəhid olan üç əməkdaşı da var.

Prezident İlham Əliyevin daha bir sərəncamı ilə DSX-nin 3 hərbi qulluqçusuna “general-mayor” ali hərbi rütbəsi verilib.

Dövlət başçısı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu, Azərbaycanla Pakistan arasında imzalanmış sənədləri təsdiqləyib.

Müdafiə təyinatlı məmulatların idxalı vergi və gömrük rüsumundan azad olunub. Prezident İlham Əliyev bununla bağlı Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib, Türkiyədə baş vermiş meşə yanğınlarının qarşısının alınması üçün Azərbaycanın lazımi dəstəyi göstərməyə hazır olmasının yüksək qiymətləndirildiyini deyərək, yanğınların söndürülməsində məhz “BE-200ÇS” amfibiya tipli təyyarəyə ehtiyacın yarandığını vurğulayıb və bu təyyarənin Azərbaycandan Türkiyəyə göndərilməsi ilə bağlı qərara görə minnətdarlığını bildirib. Dövlətimizin başçısı isə vurğulayıb ki, yanğınların qarşısının alınması ilə bağlı Azərbaycan qardaş ölkəyə istənilən əlavə dəstəyi göstərməyə hazırdır.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində ölkəmizdə dövlət səfərində olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə şam ediblər.

putin1

putin2

Ötən həftə Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı açıqlanıb. Hazırda ölkədə 6 421 073 nəfər seçici var.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov növbədənkənar parlament seçkilərini 80 minə yaxın müşahidəçinin izləyəcəyini açıqlayıb ki, onlardan da 300 nəfəri xarici müşahidəçidir.

Həftə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub. Bölmələrimiz adekvat cavab tədbirləri görüb.

Həftə ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasının iclasları keçirilib. İclaslarda bir sıra qərarlar qəbul olunub, muxtar respublikanın Mərkəzi Seçki Komissiyasının tərkibində dəyişiklik edilib, Ramil Orucəliyev komissiyasının yeni üzvü seçilib. Ali Məclisin növbədənkənar sessiyası başa çatıb.

nmr

Ötən həftə 1 sentyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdə qeydə alınan namizədlərin siyahısı açıqlanıb.

Ötən həftə Azərbaycanda əhalinin sayı açıqlanıb. Məlum olub ki, ilin əvvəlindən ölkə əhalisinin sayı 19243 nəfər və ya 0,2 faiz artaraq 2024-cü il iyul ayının 1-i vəziyyətinə 10200013 nəfərə çatıb.

Son vaxtlar kütləvi qida zəhərlənmələri baş verir. Belə bir hadisə ötən həftə Qəbələdə qeydə alınıb. Şadlıq sarayında keçirilən toy mərasimində iştirak edən 55 nəfər zəhərlənib.

Ötən həftə qardaş Türkiyədə 19 meşə yanğını qeydə alınıb. Yanğınlardan bəziləri söndürülsə də, bəziləri davam edir. Meşə yanğınlarında şübhəli bilinən yeddi nəfər saxlanılıb. Azərbaycan qardaş ölkəyə amfibiya tipli yanğınsöndürmə təyyarəsi göndərib. 

tttt

Hazırda dünyada yoluxucu virus – “meymunçiçəyi”nin yeni ştammı yayılıb. Xüsusilə, Afrika ölkələri təhlükə altındadır. Həftə ərzində Afrikada minlərlə insan virusa yoluxub. Onlardan bəziləri xəstəlikdən ölüb. Artıq Avropada yoluxma halları aşkarlanıb.

Fələstin Prezidenti Mahmud Abbas həftə ərzində Rusiya və Türkiyəyə səfər edib.

Ötən həftə Qəzza zolağında gərginliyin aradan qaldırılması istiqmətində Dohada danışıqlar aparılıb.

Ötən həftə “Qarabağ" klubu bizə böyük sevinc yaşadıb. Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının seçmə mərhələsində Bolqarıstanda "Ludoqorets" komandasını 7:2 hesabı ilə məğlub edib.

qarabaq

"Qarabağ"ın qrup mərhələsinə gedən yolda rəqibi Xorvatiyanın "Dinamo" (Zaqreb) kollektivi olacaq. "Köhlən atlar" Xorvatiya çempionu ilə ilk görüşünü avqustun 20-si səfərdə keçirəcək.