Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

168 saat – Cüdoçularımızın möhtəşəm qələbəsi, seçkilərdə növbəti mərhələ, HƏMAS liderinin öldürülməsi...

İlin 8-ci ayının ilk həftəsini arxada qoyduq. Ötən həftə (29 iyul – 4 avqust) dünyanın əsas müzakirə mövzusu HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi oldu. İyulun sonunda başlayan Paris-2024 Olimpiya Oyunlarında isə idmançılarımız bizə qürur yaşatdılar.

TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında son 7 gündə Azərbaycanda və dünyada baş verən önəmli hadisələrə nəzər salacağıq.

Prezident İlham Əliyev Vilayət Məmməd oğlu Vəliyevin Azərbaycan Texniki Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Prezidenti Nikolas Maduro Morosu yenidən Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edirib.

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti haqqında Əsasnamə” təsdiq edilib. Dövlət başçısı bu barədə fərman imzalayıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Paris-2024 XXXIII Yay Olimpiya Oyunlarında parlaq qələbə ilə Olimpiya çempionu adını qazanan cüdoçu Hidayət Heydərova zəng ediblər. Dövlətimizin başçısı və birinci xanım Olimpiadanın cüdo yarışlarında parlaq qələbə qazanması münasibətilə Hidayət Heydərova təbriklərini çatdırıb, ona gələcək idman fəaliyyətində yeni qələbələr arzulayıblar.

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: "Əhsən! Əhsən! Əhsən, Hidayət! Təbrik edirəm! Yaşasın Azərbaycan!"

hidayetpaylasim

Azərbaycan Prezidenti İlham Əliyev Mərakeş Krallığının milli bayramı münasibətilə Mərakeşin Kralı VI Məhəmmədi təbrik edib.

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında sərəncam, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1194-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Dövlətimizin başçısı Bakıda “Gənclik” metrosu yanında yaradılan yeni parkda işlərin gedişi ilə tanış olub.

genclik1

Prezident İlham Əliyevin imzaladığı fərmanlara əsasən, xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısında və Müdafiə Nazirliyinin strukturunda dəyişiklik edilib.

Azərbaycan Prezidenti “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”nda dəyişiklik edib.

Azərbaycan Prezidenti İsveçrə Konfederasiyasının milli bayramı münasibəti ilə İsveçrə Konfederasiyasının Prezidenti Viola Amherdə təbrik ünvanlayıb.

Dövlət başçısı Azərbaycan kino işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Paris-2024 XXXIII Yay Olimpiya Oyunlarında Olimpiya çempionu olmuş azərbaycanlı cüdoçu Zelim Kotsoyevə zəng ediblər. Prezident və birinci xanım Olimpiadanın qızıl medalını qazanması münasibətilə Zelim Kotsoyevi təbrik edib, ona gələcəkdə də yeni uğurlar arzulayıblar.

Birinci vitse-prezident Mehriban Əliyeva Zelim Kotsoyevin Olimpiya çempionu olması ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: “Cüdoçu Zelim Kotsoyev Paris Yay Olimpiya Oyunlarında Azərbaycana növbəti – 2-ci qızıl medalı qazandırdı! İdmançımızı səmimi-qəlbdən təbrik edir, ona güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!”

zelimpaylasim

Prezident İlham Əliyev “Turizm və rekreasiya zonalarının Nümunəvi Əsasnaməsi”ni təsdiq edib.

Məlum olduğu kimi, HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra bölgədə vəziyyət daha da gərginləşib. Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşlarımıza zəruri olmadığı təqdirdə Livana getməməyi, həmin ölkədə yaşayan və ya səfərdə olan vətəndaşlara isə mümkün qədər qısa müddət ərzində oranı tərk etməyi tövsiyə edib.

Ötən həftə Azərbaycanın Baş naziri Əli Əsədov İrana səfər edib. Baş nazir Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, yeni seçilmiş Prezident Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edib, bir sıra görüşlər keçirib. Əli Əsədov Tehranda İran Prezidenti Məsud Pezeşkian, Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.

esedovpezeskian

Xarici işlər naziri Ceyhun Bayramov Pakistanın Azərbaycandakı yeni təyin olunmuş səfiri Qasım Mohiuddini, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının rəhbəri Ditmir Buşatini qəbul edib.

xinpakistan

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar deputatlığa namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi üçün ayrılan müddət ötən həftə başa çatıb. Seçkilərdə indiyədək 881 nəfərin namizədliyi qeydə alınıb.

Naxçıvan Muxtar Respublikasında isə Mərkəzi Seçki Komissiyasının sədri dəyişib, bu vəzifəyə Əkrəm Hüseynzadə seçilib. Əvvəlki sədr Əjdər Əliyev Ali Məclisin deputatlığına namizədliyini irəli sürdüyü üçün istefa verib.

Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində ciddi nöqsanlar aşkarlanıb. Çoxsaylı hüquq pozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması nəzərə alınaraq, müvafiq materiallar Baş Prokurorluğa göndərilib.

Ötən həftə Tehranda parlamentin binasında İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi keçirilib. Mərasimdə 80 dövlətdən rəsmi qonaqlar iştirak edib.

Tədbirdə iştirak edən HƏMAS lideri həmin gecə Tehrandakı iqamətgahında öldürülüb. Belə ki, Haniyənin iqamətgahı partladılıb.

HƏMAS, “Hizbullah” təşkilatları, İran, Livan dövlətləri sui-qəsdlə bağlı İsraili günahlandırıb. İsrail isə məsuliyyəti öz üzərinə götürməyib.

Hadisədən sonra İranın ali lideri ayətullah Seyid Əli Xamenei, "Hizbullah"ın baş katibi Həsən Nəsrullah İsraildən qisas alınacağını bəyan ediblər.

İsmayıl Haniye Dohada dəfn olunub.

handefn2

HƏMAS-ın Siyasi Bürosuna rəhbərliyi hazırda təşkilatın qurucularından olan Xalid Maşal edir.

"Qarabağ" futbol komandası UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib. Komanda Bakıda Cəbəllütariqin "Linkoln" kollektivinə 5:0 hesab ilə qalib gələrək, növbəti III təsnifat mərhələsinə yüksəlib.

Beynəlxalq Olimpiya Komitəsi Yay Olimpiya Oyunlarının açılış mərasimində ev sahibi dövlətə məxsus milli televiziya olan "France 2" telekanalının müxbirinin Azərbaycana qarşı qərəzli ifadələrinə görə, ölkəmizdən üzr istəyib.

Paris-2024 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi isə qalmaqallı, xristianların aşağılanması ilə yadda qalan açılış mərasimi ilə əlaqədar xristianlardan üzr istəyib.