Close

168 saat – Ermənilərin təxribatı, növbəti müharibə ehtimalı, fitə basılan Makron…

İyulun sonuncu həftəsi arxada qaldı. Ötən həftə (22-28 iyul) dünyada ən çox müzakirə olunan mövzu “Paris-2024” Olimpiya Oyunlarının təşkilatçılığı və bərbad açılış mərasimi oldu.

TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında son 7 gündə Azərbaycanda və dünyada baş verən önəmli hadisələrə nəzər salacağıq.

Özbəkistan müğənnisi Fərrux Kərimoviç Zakirova Azərbaycanın “Xalq artisti” fəxri adı verilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısı “ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman verib. Fərmana əsasən, artıq əcnəbilərdən sistemə Ermənistan Respublikası tərəfindən işğal edilən Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər bölgələrinə 1991-ci ildən sonra səfər edib-etməməsi barədə məlumat daxil etməsi tələb olunmayacaq.

Prezident İlham Əliyev Misir Prezidenti Əbdülfəttah əs-Sisini bu ölkənin milli bayramı – İnqilab Günü münasibətilə təbrik edib.

Dövlət başçısı “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”yə dəyişikliyi təsdiqləyib.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Müşahidə Şurasının sədri təsdiq edilib.

Prezidentin imzaladığı sərəncama əsasən, Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri təyin olunub.

Prezident İlham Əliyev Ailə Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib. Dəyişikliyə əsasən, yaxın qohumların, yaşı 18-dən kiçik olanların, Azərbaycanda qanunsuz yaşayan əcnəbilərlə ölkə vətəndaşlarının nikahına qadağa qoyulub.

Azərbaycan Prezidenti Vyetnam Sosialist Respublikasının Prezidenti To Lama Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, görkəmli dövlət xadimi Nquyen Fu Çonqun vəfatı ilə əlaqədar başsağlığı məktubu göndərib.

Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə zəng edərək, onu ad günü münasibətilə təbrik edib.

Azərbaycan Prezidenti Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış olub.

nerimanovpark1

Dövlət başçısı general-leytenant Niyazi Xanbaba oğlu Hacıyev xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edib.

“Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 30 mart 2021-ci il tarixli sərəncamda dəyişiklik edilib. Prezident İlham Əliyevin imzaladığı sərəncamla Müşahidə Şurasının üzvü olan Samir Məmmədov Rəhman Hümmətovla əvəzlənib.

Dövlət başçısı “Yol hərəkəti haqqında” qanunda və İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklər təsdiqləyib.

Prezident İlham Əliyev “Bədən tərbiyəsi və idman haqqında” qanunda edilən dəyişikliyi də təsdiq edib. Dəyişikliyə əsasən, Azərbaycanda idmançılara xüsusi paralimpiya təqaüdü veriləcək.

Dövlətimizin başçısı Maldiv Prezidenti Məhəmməd Muizzuyanı bu ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib.

Azərbaycan Prezidenti “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş”i və “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq haqqında Saziş”i təsdiqləyib.

Prezident İlham Əliyev Peru Respublikasının Prezidenti xanım Dina Ersilia Boluarte Zeqarraya bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Həftə ərzində Ermənistanın bəzi ölkələr tərəfindən silahlandırılması da əsas müzakirə mövzularından olub. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Fransa tərəfindən Ermənistanın “Bastion” çoxməqsədli zirehli avtomobilləri və “Sezar” özüyeriyən artilleriya qurğuları ilə təchiz edilməsi istiqamətdə atılan addımlardan sonra, Avropa İttifaqının Ermənistana hərbi yardım göndərməsi qərarı olduqca yanlış və təhlükəli addımdır və regionda gərginliyin artmasına xidmət edir. Avropa İttifaqı tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır, bölgədə “bölücü xətlər” yaratmaq siyasətinin təzahürüdür.

Ordusu digər ölkələr tərəfindən hücum silahları ilə təmin olunan Ermənistan tərəfi Azərbaycanla sülh sazişi imzalamaq üçün cavab təklifləri paketi hazırladığını bəyan etsə də, həftə ərzində təxribatlarından əl çəkməyib.

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. PUA-nın fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb.

Azərbaycan Müdafiə Nazirliyi qarşı tərəfə bir daha xəbərdarlıq edib. Bildirilib ki, Amerika Birləşmiş Ştatlarının Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən "Avropa Sülh Fondu" adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı bu kimi təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir: “Ölkəmizə qarşı bu kimi təxribat əməlləri dayandırılmadığı təqdirdə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünü müdafiə məqsədilə lazımi cavab tədbirləri görüləcək”.

Ötən həftə müdafiə naziri general-polkovnik Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.

zh

Ötən həftə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İran Xarici İşlər Nazirliyinin (XİN) Avrasiya İdarəsinin rəisi Moctəba Dəmirçilu və Konsulluq İdarəsinin rəisi Əlirza Mahmudi ilə görüş keçirib.

irans

Azərbaycanda sentyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı işlər davam edir. Həftə ərzində indiyədək 1255 nəfərin deputatlığa namizədliyinin irəli sürüldüyü, onlardan 100-ə yaxın şəxsin namizədliyinin qeydə alındığı açıqlanıb. Həmçinin, məlum olub ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar 6 milyon 516 min 567 ədəd seçki bülleteni çap ediləcək.

Həftə ərzində dünyamiqyaslı 4 nəhəng səyyah klubundan biri olan - MTP-nin (Most Traveled People) rəhbəri də daxil olmaqla, 35 nəfərlik geniş heyəti Qarabağa və Zəngəzura səfər edib.

seyyah

Həftə ərzində ölkədə davam edən qeyri-sabit hava şəraiti bir sıra fəsadlara yol açıb. Güclü yağış nəticəsində Gəncədə 30-a yaxın fərdi yaşayış sahəsini su basıb.

Leysan xarakterli yağış Gədəbəy rayonu ərazisinin bəzi yerlərindən sel keçməsinə səbəb olub. Rayonun Poladlı, Şahdağ, Novoivanovka, Düzyurd kəndlərinə dolu düşüb.

Şəkinin Baş Göynük və ətraf dağlıq ərazilərə son günlər yağan intensiv yağışları nəticəsində ərazidən keçən Şin çayının qollarında susun səviyyəsi qalxıb. Çay məcrasından çıxıb, 100-ə yaxın evin həyətyanı sahəsini və kənd daxili yolları lilli sel suları basıb.

subasma

Ötən həftə Milli Qəhrəman Natiq Qasımovun anası Dursun Qasımovaya Gəncə şəhərində yerləşən MİDA yaşayış kompleksindən ev verilib.

natiq

Həftə ərzində mətbuat, idman, siyasət sahəsində tanınmış bir neçə şəxs vəfat edib.

Azərbaycan II liqa təmsilçilərindən olan “Ağdaş” klubunun rəhbəri, 1988-ci il təvəllüdlü Ağazadə Fərid Ağa oğlu çayda boğularaq ölüb.

Jurnalist, AZƏRTAC-ın rus dilində informasiya baş redaksiyasının tərcüməçisi Fərqanə Quliyeva 44 yaşında, əməliyyatdan sonra dünyasını dəyişib.

Türkiyədə yaşayan azərbaycanlı jurnalist Günel Cavadxan insult keçirib. Onun həyatını xilas etmək mümkün olmayıb.

Daha bir jurnalist, 56 Ədil Arifoğlu da dünyasını dəyişib. Tədqiqatçı jurnalist AzTV-nin hərbi vətənpərvərlik redaksiyasının baş rejissoru, hərbi reportyor və Birinci və İkinci Qarabağ Müharibəsinin hərbi jurnalist kimi iştirakçısı olub.

Ötən həftə Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev vəfat edib. O, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Həftə ərzində Xalq artisti Ağadadaş Ağayevlə bağlı insident xeyli müzakirə edilib. Xalq artisti ilə xəstəxana mühafizəçisi arasında baş verən insident nəticəsində xadimə xəsarət alıb. Ağadadaş Ağayev və  mühafizəçi cinayət məsuliyyətinə cəlb edilib.

Azərbaycan caz sənətinin əfsanəsi, caz-muğam janrının yaradıcısı, Əməkdar artist Vaqif Mustafazadənin bu günə kimi bəlli olmayan lent yazısı üzə çıxarılıb. Lent yazısı müğənni, caz musiqisi bilicisi Tofiq Həsənsoy tərəfindən aşkarlanıb.

Erməni ifaçısı Gor Yepremyanın azərbaycanlı bəstəkar Bəhram Nəsibova məxsus “Qarabağ” mahnısının musiqisi əsasında çəkdiyi klip isə musiqi platformalarından silinib.

Ermənilərin həmçinin Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin bəstələdiyi, Xalq artisti Brilliant Dadaşovanın ifa etdiyi “Yarım gilə” mahnısını da oğurladığı məlum olub.

Ötən həftə Albaniyanın Elbasan şəhərində 18 yaşa qədər oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C divizionunda Azərbaycan millisi bütün rəqiblərinə qalib gələrək, çempion olub.

basket

Həftə ərzində “Paris-2024” Yay Olimpiya Oyunları başlayıb. İstər tədbirin təşkilatçılığı, istərsə də açılışı bütün dünyada qınaq obyektinə çevrilib. Dünyanın müxtəlif ölkələrindən gələn məşhur idmançılar qarət edilib, onların gecələdiyi məkanlarda idmançılara heç bir şəraitin yaradılmadığı bildirilib.

paris

Tədbirin açılışında isə ölkəmizə qarşı təxribat olub. “Fransa-2” telekanalının aparıcıları canlı yayımda Sena boyunca olimpiya komandalarının paradında Ermənistan idmançılarının keçidi zamanı onları belə təqdim ediblər: "Əlbəttə ki, ermənilər bizim dostumuzdur və Ermənistan tarixən fransızların ürəyinə yaxın bir ölkədir. Ötən il Ermənistan üçün matəm ili olub və Azərbaycan ordusunun əlinə keçən Qarabağın itirilməsi ilə nəticələnib".

Telekanalın bu təxribatındann sonra Azərbaycan Beynəlxalq Olimpiya Komitəsinə şikayət ünvanlayıb.

Maraqlıdır ki, rəsmi açılış mərasiminin videosu oyunların rəsmi saytından və yutub kanalından silinib.

Fransa prezidenti Emmanuel Makron isə açılış mərasimində tamaşaçılar tərəfindən fitə basılıb.

makron