Close

168 saat – Oksfordda Zirvə, Paşinyanın görüşdən imtinası, YAP-ın namizəd siyahısı, Baydenin qərarı...

İyulun daha bir həftəsini geridə qoyduq. Ötən həftə (15-21 iyul) Azərbaycan Prezidenti İlham Böyük Britaniyaya səfər etdi, 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun iştirakı ilə Şuşada keçirilən beynəlxalq foruma qatıldı, hakim Yeni Azərbaycan Partiyası seçkilərdə iştirak edəcək namizədlərinin siyahısı açıqlandı.

TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında son 7 gündə Azərbaycanda və dünyada baş verən önəmli hadisələrə nəzər salacağıq.

Prezident İlham Əliyev 15 İyul hadisələrinin səkkizinci ildönümü ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

Orxan İrşad oğlu Abbasov Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamları ilə Eyvaz Daşdəmir oğlu Qurbanov Oğuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib, bu vəzifəyə Cavid Teyrun oğlu Əbdul-Qədirov təyin olunub.

Prezident İlham Əliyev “Sağlam məhəllə” layihəsinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, “Sağlam məhəllə” layihəsi çərçivəsində cari ildə 25 şəhər və rayonda açıq meydançaların tikintisi və avadanlıqla təchizatı işlərinin həyata keçirilməsi üçün 1,9 milyon (bir milyon doqquz yüz min) manat vəsait ayrılıb.

Dövlət başçısı “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”i, “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”i, “Azərbaycan Respublikası Hökuməti ilə Qambiya Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş”i təsdiqləyib.

Azərbaycan Prezidenti “Respublika Qan Bankı” publik hüquqi şəxsi yaradılması barədə fərman imzalayıb.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmməd oğlu Məmmədovu 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edib.

Dövlət başçısı “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi haqqında fərman imzalayıb.

Azərbaycan Prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etmək üçün İngiltərəyə işgüzar səfər edib.

asb1

Dövlətimizin başçısı Oksfordda “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının açılış plenar sessiyasına qatılıb.

asb-zirveacilis

Azərbaycan Prezidenti Oksfordda qarşı tərəfin müraciətinə əsasən Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden ilə görüşüb.

luksemburq

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısı çərçivəsində İsveçrə Konfederasiyasının Prezidenti Viola Amherd və Macarıstanın Baş naziri Viktor Orban ilə söhbət edib.

isvecre

orban

Azərbaycan Prezidenti Oksfordda qarşı tərəfin müraciətlərinə əsasən Litva Prezidenti Gitanas Nauseda, Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb, Çex Respublikasının Baş naziri Petr Fiala, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə görüşüb.

litva

finlandiya

cex

solts

Prezident İlham Əliyev Oksfordda “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının bağlanış plenar sessiyasına, Zirvə toplantısının iştirakçılarının şərəfinə verilən rəsmi ziyafətə qatılıb.

asb-ziyafet

Azərbaycan Prezidenti “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada iştirak edib və tədbirdə çıxış edib.

Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 4-cü Zirvə toplantısında 12 ölkə və təşkilat lideri ilə görüşüb. Dövlət başçısı bu barədə "X" hesabında paylaşım edib.

Azərbaycan Prezidenti “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində iştirak edib və sualları cavablandırıb.

susa-media

Dövlət başçısı torpaqlarımızın azad edilməsinin bir ləyaqət məsələsi olduğunu bildirib: “Əlbəttə, insan bəzən çətin qərarlar verməli olur. Şəxsən mən Qarabağı azad edərkən 17 il idi Prezident idim və lazım olsaydı, biz daha 17 il gözləyərdik ki, torpaqlarımızı azad edək. O zaman fərqi yoxdur, kim Prezident olacaqdı. Bəlkə də bu hadisə 50 il sonra baş verəcəkdi. Yəni, burada insan eqoist olmalı deyil. Bu, mənimlə bağlı deyil. Fərq etməz, lider və prezident kimdir, bu, ləyaqət məsələsi idi”.

Prezident xatırladıb ki, Britaniyada olan zaman bütün liderlər ona Ermənistan haqqında, sülh sazişi haqqında suallar veribilər: “Sanki Avropada bütün məsələlər həll edilib və Ermənistan-Azərbaycan məsələsi yerdə qalan yeganə problemdir.

Onların bütün söhbətlərdə bu məsələni qaldırmaqlarından təəccübləndiyini bildirən dövlətimizin başçısı deyib: “Mən heç vaxt Avropa və ya digər liderlərlə danışığımda bizə və ya mənə şəxsən aid olmayan heç bir məsələni müzakirə etmirəm. Mən bu görüşlərdə izah etməyə çalışdım ki, biz qeyri-adi bir iş görməmişik. Fərq ondan ibarətdir ki, bütün milyardlarınıza rəğmən, siz uğursuz oldunuz, biz isə bunu bacardıq. Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini geri qaytardıq”.

susa-media1

Azərbaycan lideri Ermənistanın Baş naziri Paşinyanın onunla Britaniyada görüşməkdən imtina etdiyini xatırladıb: "Bu, Britaniya Hökumətinin təşəbbüsü idi. Təklif o idi ki, bizim aramızda belə bir görüş keçirilsin, həmin Oksford tədbiri çərçivəsində. Ermənistan tərəfi bu təklifi rədd etdi. Biz buna çox təəccübləndik, çünki dörd ay bundan əvvəl Kansler Şolts Münxen şəhərində bənzər bir görüş təşkil etdi. O, görüşdə iştirak edirdi, 5-6 dəqiqə ərzində bizimlə bir yerdə oldu, sonra otağı tərk etdi. Detallar bu idi. Belə bir format düşünülmüşdü ki, o, giriş sözündən sonra otağı tərk etsin. Beləliklə, görüşümüz ikitərəfli qaydada davam etdi. Britaniya Hökuməti də eyni təklifi verdi. Görüşdə Britaniyanın Baş naziri iştirak edəcəkdi və sonra çıxacaqdı. Baş nazir Paşinyan bundan imtina etdi. Yəni, o, mənimlə danışmaq istəmirsə, hansı sülh sazişindən söhbət gedə bilər. O, Britaniyanın Baş naziri ilə danışmaq istəmirsə, Londona və Oksforda niyə səfər edirdi? Yəni, bir sıra məsələlərdə çox ciddi ziddiyyət var. Ancaq biz baxacağıq, dediyim kimi, mən Londondan dünən qayıtmışam. Bir istiqamət mətndir - sülh sazişinin mətni, digəri isə, əlbəttə ki, dediyim kimi, Ermənistan konstitusiyasıdır".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 22 İyul – Milli Mətbuat Günü münasibətilə sosial media hesablarında paylaşım edib.

metbuat_paylasim

Ötən həftə Azərbaycanın İrandakı Səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Səfir və səfirliyin hazırkı heyəti İrana geri dönüb.

iarnsefirlik

Ölkə siyasətinin əsas gündəmi ötən həftə də növbədənkənar parlament seçkiləri olub. Mərkəzi Seçki Komissiyasının iclasları davam etdirilib, partiyaların səlahiyyətli nümayəndələri qeydə alınıb, namizədliyini irəli sürən şəxslərə imza vərəqələri verilib.

Həmçinin, Milli Məclisi növbədənkənar seçkilərdə seçkiqabağı təşviqat aparmaq məqsədilə ölkə üzrə birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq media subyektləri müəyyənləşib. Siyasi partiya liderlərinin parlament seçkilərində namizəd olacaqları seçki dairələri müəyyənləşib.

Bəzi partiya liderləri isə seçkidə iştirak etməyəcəklərini bildiriblər.

Həftə ərzində YAP İdarə Heyətinin iclası keçirilib və partiyanın namizədlərinin siyahısı açıqlanıb. Siyahıya IV çarışı Milli Məclisdə təmsil olunan bəzi deputatların adları salınmayıb. Bunlar Vasif Talıbov, İsa Həbibəyli, Oqtay Əsədov və digərləridir.

yapsecki

Hakim partiyanın növbədənkənar seçkilərlə əlaqədar yerli seçki qərargahları sədrlərinin iştirakı ilə müşavirəsi də keçirilib.

Ötən həftə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iriçaplı silahlardan atəşə tutub.

Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib, iki nəfər yaralanıb.

Qazaxıstanda keçirilən "Birləşdik - 2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimi başa çatıb. Azərbaycan, Qazaxıstan, Qırğız, Özbəkistan və Tacikistan respublikalarının silahlı qüvvələrinin iştirakı ilə keçirilən təlim bir neçə gün davam edib.

birlesdik

Ötən həftə Azərbaycan əhalisinin sayı açıqlanıb. Məlum olub ki, ölkə əhalisinin sayı ilin əvvəlindən 16376 nəfər və ya 0,2 faiz artaraq 2024-cü il iyun ayının 1-dək 10197146 nəfərə çatıb.

Məhərrəm ayının 10-u – Aşura günü ilə əlaqədar keçirilən qanvermə aksiyasında ümumilikdə 1040 litr qan tədarük olunub.

Həftə ərzində Azərbaycanda internetin qiymətinin artacağı məlum olub. Rəsmi məlumata əsasən, gələn aydan ən ucuz internet qiyməti 25 manatdan başlayacaq.

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib. Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 1 nəfər göstərib. Xırdalan şəhər 2 saylı orta məktəbin məzunu Novruzova Şəbnəm Ramin qızı hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb.

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

Havaların isinməsi ilə dənizdə və çaylarda boğulan şəxslərin də sayında artım müşahidə edilir. Həftə ərzində bir neçə nəfər batıb.

Azərbaycan-Gürcüstan sərhədində zəlzələ olub. Zəlzələ Zaqatala stansiyasında 61 kilometr cənub-qərbdə Gürcüstan ərazisində qeydə alınıb, Azərbaycanın Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarında 3-4 bala qədər hiss edilib.

Ötən həftə Türkiyənin Kiprdə həyata keçirdiyi Sülh Hərəkatının 50-ci ili tamam olub. Bu münasibətlə Şimali Kipr Türk Respublikasında bayram tədbirləri keçirilib.

Həftə ərzində dünyanın əsas gündəmi “Microsoft Azure” bulud saxlama platformasındakı nasazlıq olub. Bu problemlə əlaqədar dünya üzrə minlərlə təyyarə reysi təxirə salınıb, ləğv edilib.

ABŞ-də isə hazırkı Prezident Cozef Bayden preidentliyə namizədliyini geri götürüb.