Close

168 saat – Prezidentin xüsusi qarşılanması, yeni təyin olunan icra başçıları, namizədə sui-qəsd...

İyul ayının daha bir həftəsi arxada qaldı. Ötən həftə (8-14 iyul) Azərbaycan Prezidenti İlham Əliyev Pakistana dövlət səfəri edib, bir sıra rayonlarda İcra Hakimiyyəti başçıları dəyişib, ABŞ-də prezidentliyə namizəd Donald Trampa sui-qəsd cəhdi olub.

TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında son 7 gündə Azərbaycanda və dünyada baş verən önəmli hadisələrə nəzər salacağıq.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinə dəyişiklik edilib. Prezident İlham Əliyev bu barədə fərman imzalayıb.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin icrası haqqında” sərəncam verib.

Dövlətimizin başçısı “Avropa Komissiyasının Qeydiyyata Alınmış İxracatçılar Sistemindən Azərbaycan Respublikasının istifadəsi ilə bağlı bəzi məsələlər haqqında” fərman imzalayıb, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi”ni təsdiqləyib.

Azərbaycan Prezidentinin imzaladığı sərəncamla Pyotr Vitalyeviç Qlıboçko “Dostluq” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev Əziz İmran oğlu Əzizovun Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Əziz Əzizov Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident Adil Abış oğlu Əliyevin Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin, Sahir Polad oğlu Məmmədxanovun Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi barədə sərəncamlar imzalayıb.

Dövlət başçısını imzaladığı daha bir sərəncama əsasən, Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələr verilib.

Fikrət Nəhməd oğlu Əzizov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Azərbaycan Prezidenti İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. Söhbət zamanı Məsud Pezeşkian Prezident İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib.

2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunları üzrə Təşkilat Komitəsi yaradılıb. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısı “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinin yaradılması ilə bağlı fərman verib. Fərmanla, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nizamnaməsi, Müşahidə Şurasının tərkibi təsdiqlənib,  Kəlbəcər rayonu Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin fəaliyyət sahəsindən çıxarılıb.

Prezident İlham Əliyev Monqolustanın milli bayramı münasibətilə bu ölkənin Prezidenti Uxnaaqiyn Xurelsuxa təbrik məktubu göndərib.

Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasına dövlət səfərinə gedib. Dövlətimizin başçısına xüsusi hörmət əlaməti olaraq Azərbaycan Prezidentinin təyyarəsini Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayiət edib. Prezident İlham Əliyevi Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif qarşılayıb.

pakistan1

Prezident İlham Əliyevin İslamabadda rəsmi qarşılanma mərasimi keçirilib.

pakistanqarsilama

Azərbaycan Prezidentinin Pakistannın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə məhdud tərkibdə və geniş tərkibdə görüşü olub.

pakistanbasnazirmehdud

pakistanbasnazirgenis

Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlərin İlham Əliyev və Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mübadiləsi mərasimi keçirilib.

pakistansened

Azərbaycan Prezidenti və Pakistanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər.

pakistanmetbuat

Dövlətimizin başçısı İslamabadda milli abidəni ziyarət edib.

pakistanabide

Məhəmməd Şahbaz Şərifin adından Azərbaycan Prezidentinin şərəfinə rəsmi nahar verilib.

pakistanbasnazirnahar

İslamabadda Prezident İlham Əliyevin Pakistan Prezidenti Asif Əli Zərdari ilə geniş tərkibdə görüşü olub.

pakistanprezident

Asif Əli Zərdarinin adından Azərbaycan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib.

pakistanziyafet

Dövlətimizin başçısı İslamabadda Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasının ərazisindəki “Milli Aerokosmik Elm və Texnologiya Parkı”nda (NASTP) hərbi sərgi ilə tanış olub.

pakistankosmik

Prezident İlham Əliyev Pakistan İslam Respublikasına dövlət səfəri başa çatıb.

pakistanson

Azərbaycan Prezidenti Monteneqronun milli bayramı münasibətilə bu ölkənin Prezidenti Yakov Milatoviçə təbrik məktub göndərib.

Prezident İlham Əliyev ATƏT-in baş katibi xanım Helqa Mariya Şmidi qəbul edib.

atet

Dövlətimizin başçısı 2024-cü il iyunun 7-də məktublar mübadiləsi formasında imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Razılaşma”nı təsdiq edib.

Prezident İlham Əliyev ABŞ-nin Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampa qarşı təşkil olunmuş sui-qəsdlə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib. Paylaşımda bildirilib ki, Prezident Trampa qarşı edilən hücum şok və dəhşət doğurur: “Biz bu siyasi zorakılıq aktını şiddətlə qınayırıq. Prezident Trampın tezliklə sağalmasını arzu edirik”.

Ötən həftə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə gəlməsinin 55 ili tamam olub. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilən plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

Sentyabrın 1-ə təyin edilən növbədənkənar parlament seçkilərinin Təqvim Planına əsasən tədbirlər davam edir. Həftə ərzində daha bir neçə partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb. Yeni Azərbaycan Partiyasının (YAP) 125 müşahidəçisi qeydiyyatdan keçib. Azərbaycanda seçicilərin sayı açıqlanıb. Məlum olub ki, 2024-cu il iyunun 28-nə olan rəqəmlərə əsasən, Azərbaycanda səsvermə hüququ olan 6 milyon 334 min 444 nəfər seçici var.

Ötən həftə ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində Vaşinqtonda görüş keçirilib. Tərəflər Azərbaycan və Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd edib və bu istiqamətdə işi davam etdirməyə razılaşıblar.

3terefli

Həftə ərzində Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin vəzifəsindən azad edilməsi təsdiqlənib, onun adı Müdafiə Nazirliyinin rəsmi saytından çıxarılıb. Bundan başqa, Müdafiə Nazirliyinin strukturunda dəyişiklik edilib. Müdafiə nazirinin müavinlərinin sayı azaldılıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi dəyişib. Bu vəzifəyə Qəzənfər Rövşən oğlu Əhmədov təyin edilib.

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan və şəxsiyyəti müəyyənləşdirilən 20 şəhid müxtəlif bölgələrdə dəfn edilib.

Ötən həftə Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətməkdə və terrorçuluqda təqsirləndirilən Raşid Beqlaryana hökm oxunub. O, 15 il müddətinə azadlıqdan məhrum edilib.

beq

“Bravo” hipermarketinə silahlı hücumda təqsirləndirilən şəxslərin də məhkəməsi başa çatıb. Hökmə əsasən, 1 nəfər ömürlük azadlıqdan məhrum edilib. 2 nəfərə 19 illik həbs cəzası verilib. Digər şəxslərə isə müxtəlif cəzalar təyin edilib.

Sumqayıt şəhərində yerləşən zavodlardan birində isə 53 işçi qidadan zəhərlənib. Fakt üzrə araşdırma başlayıb.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləb əməliyyatla bir sıra ciddi qanun pozuntuları aşkarlanıb, filarmoniyanın əməkdaşı Rəşad Məmmədov saxlanılıb.

Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi birgə bəyanat yayıb. Bildirilib ki, sözləri və musiqisi tanınmış Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı əsər erməni Gor Yepremyan tərəfindən sözləri dəyişdirilməklə ifa edilərək “Sirun jan” adı altında, videonun təsvirində “Armenian folk”, yəni “erməni xalq mahnısı” qeydi ilə “Youtube” platformasında yerləşdirilib.  Görülən tədbirlərin ilkin nəticəsi olaraq, Gor Yepremyanın rəsmi “Youtube” səhifəsində (hüquq pozuntusuna səbəb olan ilkin mənbədə) yerləşdirilmiş “Sirun jan” adlı mahnının video yazısı müəllif hüquqularının pozulması səbəbindən “Youtube” rəhbərliyi tərəfindən silinib.

Almaniyada bir ay əvvəl başlayan futbol festivalı başa çatıb. Avropa çempionatının finalında İngiltərə və İspaniya yığmaları çempionluq uğrunda mübarizə aparıb. İspaniya yığması oyunda 2:1 hesabı ilə qalib gələrək, 4-cü dəfə Avropa çempionu olub.

ispan

Azərbaycanı Paris-2024 Yay Olimpiya Oyunlarında təmsil edəcək idmançıların siyahısı açıqlanıb. Ölkəmiz oyunlara 15 idman növündə 48 lisenziya qazanıb.

Həftə ərzində Vaşinqtonda NATO-nun 75 illiyi şərəfinə keçirilən illik sammiti baş tutub.

ABŞ-nin Pensilvaniya ştatında isə prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdi olub. Trampın yüngül yaralandığı insident nəticəsində bir nəfər həlak olub, hadisəni törədən şəxs isə polis tərəfindən zərərsizləşdirilib.

tramp