168 saat – Milli Məclis buraxıldı, yeni seçki təyin olundu, bir sıra sahələrdə qiymətlər dəyişdi…
İyun ayının sonuncu həftəsi başa çatdı. Ötən həftə (24-30 iyun) Azərbaycanda parlament buraxıldı, növbədənkənar seçkilərin vaxtı müəyyənləşdi, Silahlı Qüvvələrin yaranmasının 106-cı ildönümü qeyd olundu, Xocalıda 5 gün ac-susuz, təkbaşına düşmənlə döyüşmüş Natiq Qasımova Milli Qəhrəman adı verildi.
TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında son 7 gündə Azərbaycanda və dünyada baş verən önəmli hadisələrə nəzər salacağıq.
Prezident İlham Əliyev Dərbənddə və Mahaçqalada törədilmiş və çoxsaylı insan tələfatı ilə nəticələnən terror aktları ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinə başsağılığı verib. Dövlətimizin başçısı Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova da başsağlığı məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 216 nəfərin mükafatlandırılması barədə sərəncam imzalayıb. Sərəncama əsasən 2 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 35 nəfər “Tərəqqi” medalı, 177 nəfər isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. İki nəfərə isə “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilib.
Prezident İlham Əliyev “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya”nı təsdiqləyib.
Azərbaycan Prezidenti Sloveniya Prezidenti xanım Nataşa Pirts Musaranı Sloveniya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə təbrik edib.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım ediblər.
Dövlət başçısı Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyevin digər sərəncamı ilə Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib.
Dövlətimizin başçısı Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi (ölümündən sonra) barədə sərəncam imzalayıb.
Azərbaycan lideri sosial media hesablarında Milli Qəhrəman Natiq Qasımovla bağlı paylaşım edib.
“Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə dəyişiklik edilib. Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə İtaliya Respublikasının “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsi təqdim olunub.
Dövlət başçısı İtaliyanın müdafiə naziri Quido Krosettonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev Cibuti Prezidenti İsmail Ömər Gellehi Cibuti Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik edib.
Azərbaycan Prezidenti Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakavanı, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersonu qəbul edib.
Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynı qəbul edib.
Azərbaycan Prezidenti altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılıb, Milli Məclisə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.
Azərbaycan Hökuməti ilə Albaniya Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Dövlət başçısı “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi və "Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol"u təsdiqləyib.
Ötən həftə Zəngilanda Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumu keçirilib. Forum iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.
Xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfər edib, bu ölkədə bir sıra görüşlər keçirib.
Ötən həftə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib. İclasda qəbul edilən qərara əsasən, “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VIQR nömrəli Qərarı və bu Qərar əsasında Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 981–ci maddəsinə uyğun hesab edilib.
Həftə ərzində Milli Məclisin növbədənkənar sessiyasının iki plenar iclası keçirilib. Sonuncu iclasda VI çağırış Milli Məclis işini yekunlaşdırıb.
Mərkəzi Seçki Komissiyası (MSK) “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nı təsdiqləyib. Plana əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi iyulun 13-dən başlayaraq, avqust ayının 2-si saat 18:00-dək nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini dairə seçki komissiyasına təqdim etməlidir.
Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqatın aparılmasına 9 avqustda başlanacaq, 31 avqust saat 8:00-da seçkiqabağı təşviqat dayandırılacaq.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə 1 sentyabr 2024-cü il tarixə seçkilər təyin edilib. Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin səlahiyyətlərini icra edən Anar İbarahimov sərəncam imzalayıb.
İyunun 26-sı Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106-cı ildönümü ilə əlaqədar Azərbaycan Ordusunun birlik, birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilir. Silsilə tədbirlər çərçivəsində Bakı, Bərdə və Şuşa şəhərlərində hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri təşkil olunub.
Dövlət Sərhəd Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində Xəzər dənizindən dövlət sərhədini pozmaqla Azərbaycan Respublikası ərazisinə külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən mütəşəkkil qaçaqmalçı qrupun üzvləri saxlanılıb.
Bakıda əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.
3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirən R. Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Həftə ərzində bölgələrdə hökm sürən əlverişsiz hava şəraiti bir sıra fəsadlar törədib. Güclü külək, leysan, dolu səbəbindən yollarda uçqun olub, torpaq sürüşməsi baş verib, çaylarda daşqın müşahidə edilib.
Azərbaycanın cənub bölgəsində 5 maqnitudada qeydə alınmış zəlzələ Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücündə hiss olunub.
Ötən həftə parlamentdə Ailə Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda qəbul edilib. Dəyişikliyə əsasən, əmi, xala, bibi və dayı uşaqlarının evliliyi qadağan ediləcək, nikah yaşı üzrlü səbəblərdən də 1 il azaldılmayacaq.
Azərbaycanda AVRO-5 ekoloji standartı ilə istehsal edilən yanacağın, bərk məişət tullantılarının idarə olunması, ferrosilisium istehsalı sahəsinə verilən elektrik enerjisi üzrə xidmətlərin və bir sıra dərman vasitələrinin qiymətləri tənzimlənib.
Bundan başqa, hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri (əks istiqamət üzrə eyni olmaqla) müəyyən edilib, şəhərdaxili avtobus və metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik təsdiqlənib.
Avropada futbol bayramı ötən həftə də davam edib. Futbol üzrə Avropa çempionatının qrup oyunları yekunlaşıb, III tura start verilib. Türkiyə qrupda iki oyunda qələbə qazanmaqla, 1/8 finala yüksəlib.
Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-17 Avropa çempionatında isə güləşçilərimiz böyük uğur əldə ediblər. Qitə birinciliyində 2 qızıl, 2 gümüş, 2 bürünc medal qazanan yeniyetmələrdən ibarət sərbəst güləş millimiz 160 xal toplayaraq komanda hesabında çempion olub.
Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə cüdoçular arasında keçirilən Avropa çempionatında da sevindirici xəbərlər gəlib. Yarışın ilk günündə təmsilçilərimizdən Bahadır Feyzullayev qızıl, daha 1 cüdoçumuz bürünc medal qazanıb.
Ötən həftə İranda keçirilən növədənkənar prezident seçkilərində qalib müəyyənləşməyib. Prezidentliyə namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilmədiyindən iyulun 5-ə ikinci tur təyin olunub. Bu turda Məsud Pezeşkian və Səid Cəlili iştirak edəcək.
Ukrayna Prezidenti Volodimir Zelenski isə Rusiya Prezidenti Vladimir Putinlə danışıqların yeni şərtlərini açıqlayıb. O bildirib ki, yalnız bir model - "taxıl dəhlizi"nin işində iştirak edən vasitəçilərlə üçtərəfli müqavilə əsasında danışıqlar aparıla bilər.