168 saat – Blinkendən növbəti zəng, növbədənkənar seçki qərarı, dəhşətli terror…
İyun ayının daha bir həftəsi geridə qaldı. Ötən həftə (17-23 iyun) ölkədə və dünyada önəmli hadisələrin şahidi olduq. ABŞ dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə növbəti dəfə zəng etdi, Azərbaycana yay gəldi, Dağıstanda dəhşətli terror aktı törədildi.
TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında həftənin önəmli hadisələrinə nəzər salacağıq.
Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda keçirilən Yüksək Səviyyəli 29-cu Toplantının iştirakçılarına müraciət edib.
ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında Antoni Blinken Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin irəlilədilməsi baxımından əldə olunmuş nəticələri təqdir edərək ABŞ-nin iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinə dəstəyini davam etdirməyə əzmli olduğunu vurğulayıb və tərəfləri tezliklə sülh müqaviləsini imzalamağa dəvət edib.
Dövlət katibi ABŞ-nin Azərbaycan ilə ikitərəfli əlaqələrə verdiyi əhəmiyyəti qeyd edərək iqlim dəyişikliyi və enerji sahəsində birgə məqsədlərə nail olmaq yolunda ölkələr arasındakı konstruktiv əməkdaşlığı vurğulayıb. Antoni Blinken ölkəsinin Azərbaycan ilə yenilənmiş və daha möhkəm ikitərəfli əlaqələri dəstəklədiyini deyib. Onu da əlavə edib ki, ABŞ Azərbaycanda keçiriləcək COP29-un uğurla nəticələnməsi üçün səylərini əsirgəməyəcək.
Prezident İlham Əliyev regionda sülhün təmin edildiyini, sülh müqaviləsinin əsasını təşkil edən prinsiplərin və onun mətninin təşəbbüskarının Azərbaycan tərəfi olduğunu qeyd edərək ikitərəfli əsasda normallaşma prosesi və sülh gündəliyinin irəli aparılması səylərinin davam etdirildiyini vurğulayıb. Dövlət başçısı Ermənistanda konstitusiya, müvafiq qanunlar və ölkədaxili normativ-hüquqi aktlar əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulmasının sülh gündəliyinin irəli aparılması baxımdan vacibliyini qeyd edib.
Prezident İlham Əliyev artıq keçmişin qalığı olan münaqişə səhifəsinin tamamilə bağlanması üçün qeyri-funksional olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün institutların fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtının çoxdan yetişdiyini əlavə edib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Botanika İnstitutunun yeni inşa olunmuş binasının açılışında iştirak edib və Nəbatat Bağında görülən işlərlə tanış olublar.
İyunun 21-də “Euronews” televiziyasında Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərindən reportaj yayımlanıb. Həmin reportajda Azərbaycan Prezidentinin “Euronews”a müsahibəsi də yer alıb.
Ötən həftə Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı aparılıb. Söhbət zamanı Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi zirvə görüşünə hazırlıq məsələləri nəzərdən keçirilib.
Bakıda "COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək" adlı 29-cu ali səviyyəli toplantı keçirilib. Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev, BMT Baş Assambleyasının 73-cü Sessiyasının sədri Mariya Fernanda Espinosa və digər xarici qonaqlar iştirak edib.
Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra Azərbaycana səfər edib.
Ötən həftə Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib. YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iclasda bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının və digər mötəbər beynəlxalq tədbirlərin keçiriləcəyi vaxtda - 2024-cü ilin noyabr ayında Azərbaycan Respublikası Konstitusiyasının 981 maddəsinin II hissəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər keçirilməlidir: “Həm seçkilərin, həm də qeyd olunan tədbirlərin yüksək səviyyədə təşkili mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, həmin dövrdə ölkə parlamentinin tam fəaliyyətdə olmasının məqsədəmüvafiqliyi də nəzərə alınmalıdır. Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi fəaliyyət dövrü ərzində dövlətin daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək, dövlət idarəetməsinin təşkili və daha da təkmilləşdirilməsi fəaliyyətində yaxından iştirak etmək, yerlərdə seçicilərlə müntəzəm iş aparmaq, həmçinin parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə olunması sayəsində milli maraqları beynəlxalq məkanda təəssübkeşliklə təmsil etməklə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıb. Hesab edirik ki, indiki şəraitdə də Milli Məclis dövlət maraqlarını üstün tutaraq Milli Məclisin buraxılması və seçkilərin daha erkən keçirilməsi təşəbbüsü ilə çıxış etməlidir”.
İclasda Yeni Azərbaycan Partiyasını Azərbaycan Respublikasının Milli Məclisində təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib.
Daha sonra keçirilən parlamentin iclasında YAP-ı Milli Məclisdə təmsil edən deputatlar altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət edilməsi barədə təşəbbüslə çıxış ediblər. Bununla bağlı hazırlanan qərar layihəsi Milli Məclisdə səsverməyə çıxarılaraq qəbul edilib.
Həftənin maraqlı açıqlamalarından biri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovadan gəlib. O bildirib ki, Qarabağdakı keçmiş qondarma qurumun “dövlət naziri” Ruben Vardanyanın taleyi rəsmi Moskvanı maraqlandırmır.
Ermənistanın baş naziri Nikol Paşinyan isə bildirib ki, Azərbaycanla ərazilərin mübadiləsinə dair razılaşma olarsa, Ermənistan da referendum keçirməlidir.
Həftə ərzində Azərbaycan və Ermənistan arasında aparılmış delimitasiya işləri nəticəsində müəyyən edilən sərhəd xəttinə tikanlı məftillər çəkilib.
Ötən həftə Ermənistan silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini bir neçə istiqamətdə atəşə tutub.
Azərbaycan Müdafiə Nazirliyi isə Fransa ilə Ermənistan arasında “Caesar” özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kontraktın imzalandığı haqqında yayılan məlumatlara münasibət bildirib: "Azərbaycan tərəfinin xəbərdarlığına rəğmən, Fransanın Ermənistanı öldürücü və hücum təyinatlı artilleriya qurğuları və digər silah növləri ilə təchiz etməsi Fransanın Cənubi Qafqaz regionunda təxribatçı fəaliyyət aparmasının növbəti sübutudur. Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq".
2023-cü ilin sentyabr ayında həyata keçirilmiş antiterror əməliyyatından sonra işğaldan azad olunmuş ərazilərdə aparılmış axtarış işləri nəticəsində Daşkəsən rayonu istiqamətində Buğdadağ yüksəkliyinin və Kəlbəcər rayonu istiqamətində Dəvə dağının yaxınlığında iki insana aid olduğu ehtimal edilən sümük qalıqları aşkarlanıb. Qalıqların iki Ermənistan hərbçisinə aid olması müəyyənləşdirilib. Sümük qalıqları qarşı tərəfə verilib.
Həftə ərzində Cəbrayıl rayonunda mina və sursat partlayışı hadisələri baş verib. Nəticədə ANAMA-nın bir əməkdaşı həlak olub, daha bir neçə nəfər yaralanıb.
Ötən həftə yay fəsli Azərbaycana daxil olub.
Dövlət Təhlükəsizliyi Xidməti isə Prezident və digər dövlət xadimlərinin adından saxta müraciətlər hazırlayan kibercinayətkar şəbəkəni ifşa edib.
Ötən həftə Ağstafa rayonunda fəaliyyət göstərən “İnci” şadlıq sarayında toy mərasimi zamanı 40-dək insan qidadan zəhərlənib. Zəhərlənənlər arasında bəylə gəlin də olub.
Bakıda isə çoxmərtəbəli yaşayış binalarının birində liftin trosu qırılıb, 5 nəfər xəsarət alıb.
Həftə ərzində Türkiyədə irimiqyaslı yanğınlar qeydə alınıb. Bir neçə bölgədə meşə yanğınları baş verib. Ölkənin Suriya və İraqla sərhədinə yaxın ərazidə baş verən yanğın nəticəsində 12 nəfər ölüb.
Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı ölən zəvvarların sayı isə 1200 nəfərə çatıb.
Qəzza zolağında təxminən 9 ay əvvəl başlayan münaqişə bu həftə də davam edib. İsrail Müdafiə Qüvvələrinin Cənub Komandanlığının rəhbəri, general-mayor Yaron Finkelman bildirib ki, Rəfahda HƏMAS hərəkatı tamamilə məhv edilənə qədər hərbi əməliyyatlar davam etdiriləcək.
Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatının mitinqi keçirilib. Həftə ərzində onlarla aksiya iştirakçısı saxlanılıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. Danışıq zamanı hər iki lider Türkiyə ilə Ermənistan arasında münasibətlərin ilkin şərt olmadan tam şəkildə normallaşdırmaq üçün siyasi iradənin mövcudluğunu təsdiqləyib.
Rusiya Prezidenti Vladimir Putin 24 illi aradan sonra Şimali Koreyaya səfər edib. O, bu ölkənin lideri Kim Çen In ilə görüşüb. Putin və Kim Çen Inn Rusiya Federasiyası KXDR arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında Saziş imzalayıblar.
Rusiya ilə Abxaziya arasındakı sərhəd-keçid məntəqəsində atışma baş verib. Atışma nəticəsində ölənlər və yaralananlar olub.
Dağıstanın Dərbənd və Mahaçqala şəhərlərində dəhşətli terror aktları törədilib. Belə ki, Dərbənd və Mahaçqala şəhərlərində iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı basqın edilib. Nəticədə 15 polis, bir neçə mülki şəxs həlak olub.
Futbol üzrə Avropa çempionatı davam edir. Artıq qrup mərhələsinin üçüncü başlayıb. Amaniya və İsveçrə yığmaları növbəti mərhələni təmin edib.
Azərbaycan güləşçiləri isə Polşanın paytaxtı Varşavada keçirilən beynəlxalq turnirdə 2 qızıl və 1 gümüş medal qazanıb. Güləşçilərimiz Sabir Cəfərov (70 kq), Abubakr Abakarov (92 kq), Əşrəf Aşırov (79 kq) gümüş medalın sahibi olublar.