Close

11:53
05 İyul 2024

168 saat – Azərbaycan Prezidentinin sülh şərti, Misirə səfər, 6 namizədin seçki mübarizəsi…

İyunun ilk həftəsini arxada qoyduq. Ötən həftə (3-9 iyun) Azərbaycanda və dünyada xeyli yaddaqalan hadisə baş verdi.

TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında həftənin önəmli hadisələrinə nəzər salacağıq.

28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbriklər ötən həftə də gəlməkdə davam edib.

Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının Sədri Kim Çen In, Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, Gürcüstan Prezidenti Salome Zurabişvili, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif və digər rəsmi şəxslər bu münasibətlə Prezident İlham Əliyevə təbrik ünvanlayıblar.

Azərbaycan Prezidenti iyunun 3-də Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolu qəbul edib.

fatihbirol

Dövlətimizin başçısı iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılışına qatılıb. Azərbaycan Prezidenti tədbirdə çıxış edib.

caspian2

Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabir Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoyublar. Təməlqoyma mərasimi Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışı çərçivəsində baş tutub.

Dövlətimizin başçısı iyunun 4-də Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabiri, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarı qəbul edib.

nazir-bee

turknazir

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Bakı Enerji Həftəsi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. ABŞ lideri məktubunda vurğulayıb ki, Azərbaycan xüsusilə Avropada qlobal enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalır.

İyunun 5-də Azərbaycan Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti vəzifəsini icra edən, Birinci vitse-prezident Məhəmməd Moxber arasında telefon danışığı olub. Telefon danışığı əsnasında Prezident İlham Əliyev ilə İran İslam Respublikasının mərhum Prezidenti Seyid İbrahim Rəisinin Azərbaycan-İran sərhədində keçirilmiş görüşü, görüşdə aparılmış müzakirələrin və əldə edilmiş razılaşmaların əhəmiyyətinə toxunulub. Qeyd edilib ki, bir çox önəmli məsələlərin müzakirə edildiyi həmin görüşdə əlaqələrimizin inkişafının gələcək istiqamətləri və hər iki tərəfin güclü siyasi iradəsi bir daha təsdiqlənib. Azərbaycanın bu görüşdə əldə edilmiş razılaşmalara tam şəkildə sadiq olduğunu deyən dövlətimizin başçısı bildirib ki, ölkəmiz onların icrası istiqamətində İran İslam Respublikası ilə birlikdə fəaliyyətini davam etdirəcək.

Söhbət zamanı İran ərazisindən keçməklə Azərbaycanın Zəngilan rayonunu Naxçıvan ilə birləşdirən yol-nəqliyyat xəttinin yaradılması istiqamətində aparılan işlər də müzakirə olunub.

Prezident İlham Əliyev ilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan arasında da telefon danışığı aparılıb.

Dövlətimizin başçısı Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı COP29 Zirvə toplantısında iştirak etmək üçün Azərbaycana dəvət edib, ölkəmizin üzləşdiyi mina probleminin aradan qaldırılması istiqamətində verdiyi maliyyə töhfəsinə və Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur regionunda humanitar əsaslı tikinti layihələrinə töhfə vermək niyyətinə görə Birləşmiş Ərəb Əmirliklərinə minnətdarlığını bildirib.

Azərbaycan Prezidenti Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. Qanunla Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşib.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Əzizağa oğlu Ağayev vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı daha bir sərəncamla “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi dəyişdirilib.

Prezident İlham Əliyev iyunun 6-da Qırğız Respublikasının Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi qəbul edib.

kirqiz

Azərbaycan Prezidenti yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi imkanlarının genişləndirilməsi məqsədilə Yüksəkixtisaslı Miqrant Proqramı təsis edilib.

Prezident İlham Əliyev iyunun 6-da Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonyo-İvealanı qəbul edib.

utt

Azərbaycan Prezidenti TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul edib.

turkpa

Dövlətimizin başçısı görüşdə Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarına da toxunub. Azərbaycan lideri deyib ki, Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması, sadəcə, mümkün deyil: “Biz bu sualı qaldıranda mən dedim və yenə də demək istəyirəm, ona görə yox ki, biz onların daxili işlərinə qarışırıq, qətiyyən yox, amma bu, bizə aiddir. Onların bizə qarşı ərazi iddiaları olduğu bir vaxtda biz Ermənistanla sülh sazişi bağlaya bilmərik".

Prezident Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatının tamhüquqlu üzvünə çevrilməsini dəstəklədiyini vurğulayıb.

Prezident İlham Əliyev iyunun 7-də Misir Ərəb Respublikasına rəsmi səfərə gedib.

misirsefer

İyunun 8-də Misirin paytaxtı Qahirədə Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olub.

misir-qarsilama

Qahirədə Azərbaycan Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə təkbətək və geniş tərkibdə görüşü keçirilib.

misir-tek

misir-genis

Prezidentlərin iştirakı ilə Azərbaycan-Misir sənədlərinin imzalanması mərasimi olub.

misir-sened

Dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.

misir-beyanat

Əbdülfəttah Əs-Sisinin adından Prezident İlham Əliyevin şərəfinə rəsmi nahar verilib.

Azərbaycan Prezidenti İlham Əliyevin Qahirədə Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşü olub.

misirimam

Prezident İlham Əliyevin Misir Ərəb Respublikasına rəsmi səfəri iyunun 8-də başa çatıb.

misir-son

Ötən həftə Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib. YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iclasın gündəliyi haqqında məlumat verib.

tahirbudaqov

İclasda YAP Saatlı rayon təşkilatının sədri Lütvəli İbrahim oğlu Şıxəliyev öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub, YAP Saatlı və Zaqatala rayon təşkilatlarına sədrlər təyin edilib. Elşən Zeynal oğlu Əzizovun YAP Saatlı rayon təşkilatının sədri və Fərid Səfər oğlu Ramazanovun YAP Zaqatala rayon təşkilatının sədri vəzifəsinə təyin olunması haqqında qərar qəbul edilib.

Ötən həftə Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirilib. İclasda “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda qəbul edilib.

Azərbaycan BMT Baş Assambleyası tərəfindən qurumun İqtisadi və Sosial Şurasına üzv seçilib. Keçirilən rəqabətli səsvermədə Azərbaycan 148 səslə üzvlük haqqını qazanıb.

Ötən həftə Ermənistan Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflərinə cavab verib.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) qanunsuz narkotik dövriyyəsinin təhlükəli fəsadları ilə bağlı məqalə hazırlayıb.

“Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat-axtarış tədbirlərinin təhlili göstərir ki, narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan İran İslam Respublikasının vətəndaşları dövlət sərhədi boyu yerləşən yaşayış məntəqələrində yaşayan və əsasən sosial təminatı aşağı olan Azərbaycan Respublikasının vətəndaşlarını narkotik ticarəti ilə bağlı cinayətkar fəaliyyətə cəlb edirlər. Başqa bir qisim vətəndaşlarımız isə hər hansı digər vəziyyət və şərtlər daxilində (tibbi yoxlanışlar üçün İİR-ə səfər edərkən, habelə Azərbaycan ərazisində məhkumluq həyatı yaşayan İİR vətəndaşlarının AR vətəndaşları ilə yaratdıqları kontaktlar vasitəsilə və ya sosial şəbəkələr üzərindən təxmini tanışlıqlar quraraq) ələ alındıqdan sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi üçün cinayətkar fəaliyyətə sövq edilirlər”, - deyə məqalədə vurğulanıb.

Ötən həftə Xüsusi Təyinatlı Qüvvələrin komandanı vəzifəsinə icraçı təyin edilib. Bu vəzifənin icrası general-mayor Akif Pirverdiyevə həvalə edilib.

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev Özbəkistan Respublikası müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-mayor Şuhrat Xalmuxamedovun dəvəti ilə bu ölkəyə rəsmi səfər edib.

Həftə ərzində Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə ölkəmizdə “Qafqaz Qartalı - 2024” birgə təlimi keçirilib.

telim

Qazaxıstanın müdafiə naziri, general-polkovnik Ruslan Jaksılıkovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər edib. Səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlığa dair sənəd imzalanıb.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat edib. Onların hər ikisinə şəhid statusu verilib.

Türkiyədə isə hərbi təlim təyyarəsinin qəzaya uğraması nəticəsində iki pilot həlak olub.

Həftə ərzində Türkiyənin azərbaycanlı astronavtı Tuva Cihangir Atasevər kosmosda missiyasını başa vurub. O, uçuşdan sonra Azərbaycan və Türkiyə bayraqlarını açıb.

kosm1

Həftə ərzində Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarlar yola salınıb.

Ölkədə üç nəfərdə qarayara xəstəliyi aşkarlanıb.

Ötən həftə Gürcüstanda ciddi narazılığa səbəb olan “Xarici təsirin şəffaflığı haqqında” qanun qüvvəyə minib. Ölkə parlamentinin sədri Şalva Papuaşvili qanunu imzalayıb. Daha öncə Gürcüstan Prezidenti qanuna veto qoymuşdu.

May ayında silahlı hücuma məruz qalan Slovakiyanın Baş naziri Robert Fitso hadisədən sonra ilk dəfə paylaşım edib. Fitso iyulun əvvəlinə qədər vəzifəsinin başına qayıtmağı planlaşdırdığını bildirib, hadisəni törədən şəxsi bağışladığını vurğulayıb.

ABŞ Prezidenti Bayden isə Ukrayna lideri Volodimir Zelenski ilə görüşdə həmin ölkəyə 225 milyon dollarlıq növbəti hərbi yardım paketini elan edib.

Həftə ərzində Ermənistanda aksiyalar davam edib. Ermənistanın “Vətən uğrunda Tavuş” müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan xalqı hakimiyyətə öz iradələrini tətbiq etmək üçün 96 saat ərzində kütləvi itaətsizlik və etiraz aksiyalarına toplaşmağa çağırıb.

Rusiya isə Ermənistana etiraz notası göndərib. Buna səbəb erməni nümayəndə heyətinin Ukraynanın Buça şəhərinə səfər etməsi olub.

İranda növbədənkənar prezident seçkilərində mübarizə aparacaq namizədliyin sayı və kimliyi müəyyənləşib. Seçkidə İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf, Tehranın meri Əlirza Zəkani, İran Ali Rəhbərinin İran İslam Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, Əmir Hüseyn Qazizadə Haşimi, Mustafa Purməhəmmədi və Məsud Pezeşkianın namizədliyi təsdiqlənib.

iran

Parlamentin keçmiş spikeri Əli Laricani, keçmiş prezident Mahmud Əhmədinejad, keçmiş vitse-prezident İshaq Cahangiri, yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaş mübarizədən kənarda qalıblar.