168 saat – Azad Xocalıda Müstəqillik Günü, yarımçıq qalan toyun davamı, ilk qadın namizəd…
Ötən həftə (27 may – 2 iyun) Azərbaycanda və dünyada xeyli yaddaqalan hadisənin şahidi olduq.
TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında həftənin önəmli hadisələrinə nəzər salacağıq.
Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 106 ili tamam olub.
Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına çoxsaylı təbrik ünvanlanıb. Dövlətimizin başçısını təbrik edənlərin sırasında Yaponiyanın İmperatoru Əlahəzrət Naruhito, Hindistan Prezidenti Draupadi Murmudan, İndoneziya Respublikasının Prezidenti Coko Vidodo, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas, İsrail Dövlətinin Prezidenti İsxak Hersoq, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn, Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev, Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs, Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş, Slovakiya Respublikasının Baş naziri Robert Fitso, Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropulu və digər rəsmi şəxslər olub.
Prezident İlham Əliyev 2024-cü il üçün Azərbaycan Respublikasının texnika və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 27-də Bakıda “Crescent Bay” layihəsinin təqdimatı və “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər.
Dövlətimizin başçısı inkişaf etməkdə olan kiçik ada dövlətlərinin “Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması” mövzusunda 4-cü Beynəlxalq Konfransının iştirakçılarına müraciət edib.
Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Ağdam rayonunun Tağıbəyli, Güllücə, Nəmirli və Şotlanlı kəndlərinin təməlini qoyub.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva mayın 28-də Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar, Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər.
Dövlətimizin başçısı və birinci xanım sakinlərlə söhbət ediblər. Prezident İlham Əliyev söhbət zamanı bildirib ki, sentyabr ayından Xankəndi şəhərinə köç başlayacaq.
Azərbaycan Prezidenti İlham Əliyev mayın 29-da alternativ investisiyaların idarə edilməsi üzrə Avropanın ən böyük və nüfuzlu investisiya şirkətlərindən biri olan “CVC Capital Partners” şirkətinin həmtəsisçisi və sədri Rolli Van Rappardı qəbul edib.
Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Keniya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü ilə əlaqədar Keniya Prezidenti Uillyam Samoei Rutoya təbrik məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti Litva Respublikasının Prezidenti Gitanas Nausedaya yenidən Prezident vəzifəsinə seçilməsi münasibətilə təbrik məktubu göndərib.
Dövlətimizin başçısı İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanı ölkənin milli bayramı – Respublika Günü münasibətilə təbrik edib.
Prezident İlham Əliyev “Minaların ətraf mühitə təsirinin azaldılması – Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.
Finlandiya Prezidenti Aleksandr Stubb mayın 30-da Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Finlandiya Prezidenti dövlətimizin başçısının dəvətinə əsasən, COP29-da iştirakını təsdiqləyib.
Prezident İlham Əliyev Şair Balaşərif oğlu Alxasovun Qusar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Birinci vitse-prezidenti Mehriban Əliyeva 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib.
Ötən həftə Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. İclasda 2024-cü ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiqi və ictimailəşdirilməsi məsələsinə baxılıb. Qeyd edilib ki, ölkə üzrə vahid seçicilər siyahısına 6 milyon 326 min 764 seçici daxil edilib.
28 May – Müstəqillik Günü münasibətilə müxtəlif dövlətlərin rəhbər şəxsləri, diplomatlar paylaşım ediblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ dövlət katibi Antoni Blinken, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Fransanın Azərbaycandakı səfiri Ann Buayon, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar və digər şəxslər sosial media hesablarında Azərbaycanı təbrik ediblər.
İstanbuldakı Boğaz körpüsü, Dubaydakı “Bürc-Xəlifə” qülləsi, Tbilisidəki televiziya qülləsi və Kür çayı üzərindəki “Sülh körpüsü” həmin gün Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Həftə ərzində Azərbaycan-İran Müştərək Komissiyasının həmsədrləri - Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ilə İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş arasında telefon danışığı baş tutub. Tərəflər iki ölkə prezidentlərinin “Qız Qalası” bəndində keçirilən görüşündə əldə olunan razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Ötən həftə Milli Məclisin yaz sessisyası baş çatıb. Sonuncu iclasda parlamentin növbədənkənar sessiyası çağırılıb.
“Minaların ətraf mühitə təsirinin azaldılması – Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda Zəngilanda və Bakıda keçirilən 3-cü beynəlxalq konfransın yekununda Bəyannamə qəbul olunub.
Həftə ərzində Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi, tibb xidməti general-mayoru Firudin Nəbiyev ehtiyata buraxılıb. Tibb İdarəsinin rəisi vəzifəsi idarə rəisinin müavini polkovnik-leytenant Anar İsmayılova həvalə olunub.
Türkiyədə işgüzar səfərdə olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov qardaş ölkənin milli müdafiə naziri cənab Yaşar Gülerlə görüşüb.
“EFES - 2024” çoxmillətli təlimində iştirak etmək məqsədilə Türkiyədə işgüzar səfərdə olan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev isə bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Metin Gürak ilə bir araya gəlib.
Ötən həftə Ağdamda daha bir mina hadisəsi baş verib. Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı minaya düşərək xəsarət alıb.
Xankəndi şəhərində fəaliyyətə başlayan Qarabağ Universitetinə isə fakültə dekanları (proqram rəhbərləri) seçilib.
Həftə ərzində azad olunmuş ərazilərimizə daha onlarla ailə köçürülüb.
Xocalıda isə 32 il əvvəl atışmaya görə yarımçıq saxlanılan toy mərasiminin davamı keçirilib. 1992-ci il yanvarın 18-də toyu yarımçıq qalan Vasif Qafarovun təkrar toyu olub.
Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumlarına Naxçıvan Muxtar Respublikası büdcəsindən ayrılan vəsaitlərin və digər dövlət əmlakının istifadəsi və idarə olunmasının uyğunluq auditi aparılıb. Nəticədə nazirlikdə xeyli nöqsan aşkarlanıb.
Hesablama Palatası Naxçıvan Təhsil Nazirliyində aşkarladığı pozuntularla bağlı isə Baş Prokurorluğa müraciət edib.
Ötən həftə futbol üzrə Azərbaycan kubokunda 2023/2024 mövsümünün final qarşılaşması baş tutub. Yekun oyunda "Zirə” ilə üz-üzə gələn "Qarabağ" komandası rəqibini 2:1 hesabı ilə məğlub edərək tarixində 8-ci dəfə Azərbaycan Kubokunu qazanıb.
UEFA Çempionlar Liqasında da final oyunu keçirilib. İngiltərənin paytaxtı Londondakı “Uembli”də baş tutan görüşdə Almaniyanın “Borussiya” (Dortmund) və İspaniyanın “Real" (Madrid) komandaları üz-üzə gəlib. Oyun “Kral klubu”nun qələbəsi ilə yekunlaşıb – 2:0. Beləliklə, “Real” 1 illik fasilədən sonra və tarixində 15-ci dəfə Çempionlar Liqasının qalibi olub.
Həftə ərzində Ermənistanda aksiyalar davam edib. Yaranmış qarşıdırma nəticəsində polis və mülki şəxslər arasında yaralananlar olub. Yüzlərlə iştirakçı saxlanılıb.
Qonşu İranda iki ay ərzində təbii fəlakət, xüsusən sel və ildırım vurması nəticəsində 61 nəfərin öldüyü açıqlanıb. Bildirilib ki, həmin müddətdə 1595 nəfər qeyd olunan təbii hadisələr nəticəsində yaralanıb.
İranda prezident seçkilərinə start verilib. İndiyədək 10-a yaxın iddiaçı prezidentliyə namizədliyini açıqlayıb. Ölkədə ilk dəfə qadın prezident seçkilərində namizəd kimi qeydiyyatdan keçib. İran parlamentinin üzvü Zöhrə İlahian sənədlərini təqdim edib və namizəd kimi qeydə alınan ilk iranlı qadın olub.