168 saat – Daha bir prezident Azərbaycana gəldi, Ali Baş Komandana məruzə edildi, əfv sərəncamı imzalandı...
Ötən həftə (20 – 26 may) Azərbaycanda və dünyada xeyli yaddaqalan hadisənin şahidi olduq. Azərbaycanın işğalda olan daha 4 kəndi qansız-qadasız geri qaytarıldı. Azad edilmiş kəndələrimizdə dövlət bayrağı ucaldıldı. Həftə ərzində idmançılarımız da bizə qürurlu anlar yaşatdılar.
TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında həftənin önəmli hadisələrinə nəzər salacağıq.
Prezident İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyiyə Prezident Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olması ilə əlaqədar başsağlığı verib.
Azərbaycan Prezidenti Kamerun Prezidenti Pol Biyanı Kamerun Respublikasının milli bayramı münasibətilə təbrik edib.
Prezidenti İlham Əliyev mayın 20-də Latviya Seyminin sədri Dayqa Mierinanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı Şahin Vaqif oğlu Bayramovun Qarabağ Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Şahin Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması barədə sərəncam imzalayıb.
Mayın 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı Türkiyə-Azərbaycan əlaqələri, regional və qlobal proseslər müzakirə olunub.
Prezident İlham Əliyev mayın 21-də Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Laziz Kudratovu qəbul edib.
Azərbaycan Prezident İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub, İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar başsağlığı verib.
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində cüdoçlar Hidayət Heydərov və Zelim Kotsoyevi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında qızıl medal qazanmaları münasibətilə təbrik edib.
Ukrayna Prezidenti Volodimir Zelenski mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında dövlət başçıları regional təhlükəsizlik və enerji, ticarət və digər sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir təyin olunub. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Fərid Mirmufid oğlu Seyidov şöbənin müdiri təyin edilib.
Dövlət başçısı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında ali hərbi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edilməsi haqqında sərəncam verib.
Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutu adlandırılıb.
Azərbaycan Prezidenti Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına müsahibə verib.
Mayın 23-də Azərbaycana dövlət səfərinə gələn Tacikistan Prezidenti Emoməli Rəhmonun rəsmi qarşılanma mərasimi olub.
Prezidentlərin təkbətək və geniş tərkibdə görüşü keçirilib. Azərbaycan Prezidenti görüşdə bildirib ki, Transxəzər nəqliyyat dəhlizi Avropa regionu və Mərkəzi Asiya regionu üçün getdikcə daha çox əhəmiyyət kəsb edir: “Təbii ki, bizim müzakirə etdiyimiz (Tacikistan Prezidenti ilə - red.) mövzulardan biri də Tacikistanın və Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun yeni imkanlarının nəzərə alınması ilə nəqliyyat sektorunda əməkdaşlıqdır. Hesab edirəm ki, bu istiqamətdə səylərimizi birləşdirmək, addımlarımızı daha sıx əlaqələndirmək faydalı olacaq. Azərbaycan isə Avropa ilə Asiyanın qovuşuğunda yerləşən birləşdirici ölkə kimi özünün nəqliyyat infrastrukturu ilə, əlbəttə ki, bu məsələdə mühüm rol oynayır”.
Dövlət başçılarının iştirakı ilə Azərbaycan-Tacikistan sənədlərinin imzalanması mərasimi olub.
Daha sonra Azərbaycan və Tacikistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev Telli Pənah qızı Əliyevanın 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Dövlətimizin başçısı “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib. Dəyişikliyə əsasən, silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi Silahlı Qüvvələrin hərbi qulluqçularına həvalə ediləcək.
Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə İsmət Dursun oğlu Abasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
28 May - Müstəqillik günü münasibətilə Prezident İlham Əliyevə dövlət və hökumət başçılarından təbriklər ünvanlanıb. Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlz, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud, Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souza, Belçikalıların Kralı Filip, İspaniyanın Kralı VI Felipe, Çex Respublikasının Prezidenti Petr Pavel, Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen, Niderlandın Kralı Villem-Aleksandr, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi, İraqın Ali İslam Şurasının Prezidenti Humam Hammudi, Ukraynanın Prezidenti Volodimir Zelenski, Koreya Respublikasının Prezidenti Yun Sok Yol, Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç, Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden, Çin Xalq Respublikasının Sədri Si Cinpin və digərləri Azərbaycan Prezidentini təbrik ediblər.
Prezidenti İlham Əliyev mayın 25-də Ukraynanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yuri Qusevin və İtaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançeskonun etimadnamələrini qəbul edib.
Azərbaycan Prezidenti məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Sərəncam 154 nəfərə şamil edilib. Onlardan 63 nəfər azadlıqdan məhrum etmə cəzasından azad edilib, 52 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, 1 nəfər təxirə salınmış cəzadan azad edilib, 28 nəfər elektron qolbaqdan azad edilib, 3 nəfərin də elektron qolbaq cəzası yarıya salınıb. Həmçinin islah işlərinə məhkum edilmiş 2 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Cərimə cəzasına məhkum edilmiş 4 nəfər cəzadan azad olunub, 1 nəfərin isə məhkumluğu üzərindən götürülüb.
Dövlətimizin başçısı 2024-cü il aprelin 30-da Bakı və Tbilisi şəhərlərində imzalanmış “Bakı–Tbilisi–Qars” yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda–Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında 2007-ci il 7 fevral tarixli Saziş”ə dəyişiklik edilməsi barədə Protokol”u təsdiqləyib.
Ötən həftə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin işğaldan azad olunmasını təmin etmək məqsədilə, 19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyasının 8-ci görüşünün Protokolu imzalanıb.
Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib, bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin olunub.
Həmin kəndlərin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb. Qazax rayonunun işğaldan azad edilən dörd kəndində Azərbaycanın Dövlət bayrağı ucaldılıb, Dövlət Himni səsləndirilib. Dövlət Sərhəd Xidməti Baş Qərargahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi, general-mayor Vüsal Sultanov bununla bağlı Prezident İlham Əliyevə məruzə edib.
İran Azərbaycana yeni səfir təyin edənə qədər onun səlahiyyətləri müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məriana həvalə olunub.
Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli Fransanın növbəti sərsəm ittihamlarına cavab verib. Şöbə müdiri bildirib ki, Fransanın Xarici rəqəmsal müdaxilələrdən müdafiə üzrə Dövlət Xidmətinin (VİGİNUM) Yeni Kaledoniya hadisələri ilə əlaqədar Yeni Azərbaycan Partiyasını sosial şəbəkələrdə saxta məlumatlar yaymaqda və sistemli qaralama kampaniyası aparmaqda ittiham etməsi absurd və qərəzli yanaşmadır. Azərbaycanın söz, fikir və ifadə azadlığının təmin edildiyi demokratik ölkə olduğunu vurğulayan N.Qələnbdərli deyib: “Ölkənin aparıcı siyasi qüvvəsi – lider partiyası olan Yeni Azərbaycan Partiyasının fəaliyyət prinsiplərindən biri siyasi plüralizmdir”.
YAP-ın rəsmi sosial şəbəkə hesablarında məsələ ilə əlaqədar paylaşımlar edilməsi iddiasına münasibət bildirən şöbə müdiri qeyd edib: “Bu, aşkar dezinformasiyadır və həqiqətə əsla uyğun deyil”.
Mayın 22-də Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar Tehran şəhərində keçirilən anım mərasimində iştirak edib. Nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Əziz Ələkbərov, Cavanşir Paşazadə, Cəbi Quliyev və digər rəsmi şəxslər daxil olub.
Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsinə yekun vurulur. Bunun bağlı Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Mayın 24-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində MDB-yə üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 54-cü iclası keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev iştirak edib.
Azərbaycan Hərbi Hava Qüvvələrinin parkına modernləşdirilmiş qırıcı təyyarə olan “SU-25 ML” markalı, “Laçın” adının verildiyi təyyarə daxil edilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. Bu barədə Ali Məclis sədrinin müavini Anar İbrahimov fərman imzalayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova ötən həftə televiziyalardakı bəzi verilişləri ciddi tənqid edib. O bildirib ki, bu verilişlər məişətimiz üçün zərərlidir. Reytinq qazanmaq və aşağı təbəqədən olan insanların baxışını gücləndirmək üçün belə proqramlar efirə verirlər.
Bakının 39, 182, 153 və 151 saylı tam orta məktəblərində aparılan yoxlamalar zamanı bir sıra nöqsanlar aşkarlanıb və sözügedən təhsil müəssisələrinin direktorları, direktor müavinlərinə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Ötən həftə II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilib. 22 şəhər və rayonda təşkil olunan imtahanlara 49 minə yaxın abituriyent qatılıb.
Prezident İlham Əliyevin ötən gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrası yekunlaşıb.
Ötən həftə tanınmış türkoloq-alim Ramiz Əskər, uzun illər Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında fəaliyyət göstərmiş tanınmış aktyor, Xalq artisti, Prezident təqaüdçüsü Tofiq Mövləvi vəfat edib.
Həftə ərzində idmançılarımız böyük uğurlara imza atıblar. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə keçirilən dünya çempionatında Zelim Kotsoyev və Hidayət Heydərov qızıl medal qazanıblar.
Paraatletika üzrə Azərbaycan milli komandası isə Yaponiyanın Kobe şəhərində təşkil edilən dünya çempionatında ümumilikdə 4 qızıl mükafatla başa vurub. Yarışda Lamiyə Vəliyeva (T13) 100 metr və 400 metr məsafəyə qaçışda, Orxan Aslanov (T13) və Səid Nəcəfzadə (T12) isə uzunluğa tullanma üzrə yarışda qızıl medal qazanıblar.
Böyük Britaniyanın Baş naziri Rişi Sunak ölkədə iyul ayında növbədənkənar parlament seçkilərinin keçiriləcəyini açıqlayıb.
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin şikayətlərini rədd edib. Saakaşvili siyasi təqib, qərəzsiz məhkəmə araşdırması hüququnun pozulması və qanunsuz cəzalandırılması şikayətləri ilə bağlı quruma üz tutmuşdu.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə Tbilisidə 26 may Müstəqillik Günü münasibətilə keçirilən paradda çıxışı zamanı Prezident Salome Zurabişvilini Vətənə xəyanətdə günahlandırıb.
Bu arada güclü yağış Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli, Bolnisi, Dmanisi və Tetriskaro rayonlarında ciddi fəsadlara səbəb olub. Xram və Debet çaylarının daşması nəticəsində 15 kəndlə əlaqə kəsilib. Marneulidə 15-dən çox ailə təxliyə edilib.
Ermənistanda da yağışlar fəlakətə yol açıb. Bölgələrdə subasma nəticəsində 3 nəfər ölüb.
Baş nazir Nikol Paşinyanın helikopteri isə əlverişsiz hava şəraiti ilə əlaqədar təcili eniş edib.
Qarabağ separatçıları Ermənistanda həbs olunub.
Xankəndi və Ağdərə rayonlarının keçmiş qondarma "merləri" David Sarkisyan və Mişa Qürdcan Ermənistanda saxlanılıb. Daha əvvəl Əsgəranın keçmiş “mer”i Ayk Şamiryan da tutulmuşdu. Onlar korrupsiyada və nəqliyyat vasitələrini mənimsəməkdə təqsirləndirilirlər.