168 saat – Lukaşenkonun səfəri, iqtidar-müxalifət dialoqu, Baş nazirə sui-qəsd, Prezidentin ölümü…
May ayının daha bir həftəsini arxada qoyduq. Ötən həftə (13 – 19 may) yenə tarixi hadisələrin şahidi olduq. Slovakiyada Baş nazirə qarşı sui-qəsd cəhdi, İran Prezidentini və digər dövlət rəsmilərini daşıyan helikopterin qəzaya uğraması yəqin ki, bundan sonra da uzun müddət müzakirələrə səbəb olacaq.
TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında həftənin önəmli hadisələrinə nəzər salacağıq.
Prezident İlham Əliyev “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələri dəyişdirilib.
Azərbaycan Prezidenti İlham Əliyev mayın 13-də Millətlər Birliyi təşkilatının (Commonwealth) baş katibi Patrisia Skotlendi qəbul edib.
m
Prezident İlham Əliyev mayın 13-də Tuvalunun general-qubernatoru Falani Tofinqanı, Tonqa Krallığının Baş naziri Savaleni Siaosi Ofa Ki Vahafolaunu və Baham Adaları Birliyinin xarici işlər naziri Mitçel Frederik Audleyi qəbul edib.
Azərbaycan Prezidenti mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı mayın 14-də Çin Xalq Respublikasının Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini, Şanxay Əməkdaşlıq Təşkilatının Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin sədri Şen Yueyuenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
Azərbaycan Prezidenti “Transformativ dialoq: sürətlə dəyişən dünyada sülh naminə alyansların qurulması” mövzusunda Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət ünvanlayıb.
Müraciətdə bildirilib ki, fərqli sivilizasiyaların qovşağında yerləşən Azərbaycanda heç vaxt etnik-dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməyib, tarixən qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olub: “Tolerantlıq və multikultural dəyərlər Azərbaycan cəmiyyətinin demokratik birgəyaşayış normasıdır. Bakıda keçirilən ənənəvi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Forum, Dünya Dini Liderlərinin Sammiti kimi nüfuzlu tədbirlər mədəniyyətlərarası münasibətlərin inkişafında mühüm rol oynayır. Biz inanırıq ki, etnik-mədəni müxtəliflik ayırıcı xətt deyil, əksinə, xalqlar arasında ahəngdar inkişafa xidmət edən unikal sərvətdir”.
Azərbaycan Prezidenti Slovakiyanın Baş naziri Robert Fitsoya edilən sui-qəsd cəhdini şiddətlə qınayıb. Dövlətimizin başçısı sosial şəbəkə hesabındakı paylaşımında Slovakiyanın Baş nazirinə tezliklə sağalmağı diləyib.
Mayın 16-da Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib. Rəsmi qarşılanma mərasimindən sonra Prezident İlham Əliyevin Aleksandr Lukaşenko ilə təkbətək görüşü olub.
Dövlət başçılarının geniş tərkibdə görüşü keçirilib, prezidentlərin iştirakı ilə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan və Belarus prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.
Prezidentlər İlham Əliyev və Aleksandr Lukaşenko Bakı Ekspo Mərkəzində XVII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” və XXIX Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar.
Bakıda, “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin adından Belarus Prezidenti Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib.
Prezident İlham Əliyev Heydər Əliyev Fondunun əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Mayın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevə zəng edərək, onu ad günü münasibətilə təbrik edib.
Belarus Prezidenti mayın 17-də Füzuli rayonuna səfər edib. Füzuli Beynəlxalq Hava Limanında onu Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb.
Dövlət başçıları Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar.
Prezidentlər Şuşa şəhərinə səfər ediblər. Dövlət başçıları Şuşada birinci yaşayış kompleksində olublar.
Avtobusla şəhəri gəzən Belarus Prezidentinə Şuşada görülən işlər barədə məlumat verilib.
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxıblar.
Dövlət başçıları Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar.
Prezident İlham Əliyevə və Prezident Aleksandr Lukaşenkoya Şuşanın Baş planı barədə məlumat verilib.
Dövlət başçıları daha sonra Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar.
Azərbaycan və Belarus prezidentləri Cıdır düzündə də olublar.
Daha sonra dövlət başçıları Şuşa qala divarlarını ziyarət ediblər.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko Şuşada birgə nahar ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonuna səfər edib.
Dövlətimizin başçısı Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu kəndlərinin təməlqoyma mərasimində iştirak edib. Prezident İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı, Sarıcallı kəndlərinin təməlini qoyub.
Dövlətimizin başçısı daha sonra Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyalarının açılışlarını edib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunun Ağalı kəndində “Ağalı” hotelinin, Zəngilan məscidinin açılışında iştirak ediblər.
Azərbaycan Prezidenti Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub.
Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Zəngilan səfəri ilə bağlı paylaşım edib. Paylaşımda "Gözəl Zəngilandan salamlar. 18.05.2024", - deyə qeyd olunub.
Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində görüşüblər.
Dövlət başçılarının nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub.
Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib.
Prezident bu barədə "X" sosial şəbəkəsində paylaşım edib: “Bu gün İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə dostcasına xudahafizləşdikdən sonra ali nümayəndə heyətini daşıyan helikopterin İranda qəza enişi etməsi barədə xəbər bizi ciddi şəkildə narahat etdi. Uca Allahdan dualarımız Prezident İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyəti ilədir. Qonşu, dost və qardaş ölkə olaraq Azərbaycan Respublikası hər cür dəstək göstərməyə hazırdır”.
Ötən həftə Kopenhagen Demokratiya Sammitində çıxış edən Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycanla əldə olunan razılaşmaları sülh sazişinə əlavə etməklə bu müqaviləni imzalamağın vaxtı çatıb.
Mayın 15-də Azərbaycanla Ermənistan arasında Qazaxın 4 kəndi ilə bağlı protokol imzalanıb. Belə ki, Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşü keçirilib.
Görüşdə komissiyalar onlar tərəfindən qəbul edilmiş 2024-cü il 19 aprel tarixli 8-ci görüşün Protokoluna uyğun olaraq görülmüş işləri müzakirə edib və Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olmuş hüquqi cəhətdən əsaslandırılan respublikalararası sərhədə uyğunlaşdırılması məqsədilə bilavasitə Bağanıs Ayrım (AR) - Bağanis (ER), Aşağı Əskipara (AR) - Voskepar (ER), Xeyrımlı (AR) – Kirants (ER) və Qızılhacılı (AR) - Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ SQ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş Protokol-təsvirini razılaşdırıblar.
Ötən həftə siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə görüş təşkil olunub.
Həftə ərzində Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları keçirilib. İndiyədək komissiyanın iclaslarında baxılan müraciətlərin sayı 400-ü keçib.
Xocalıda Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin çıxarılması ilə bağlı təntənəli mərasim keçirilib. Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov bildirib ki, sülhməramlıların ərazini tərk etməsi prosesi yaxın vaxtlarda yekunlaşacaq.
Ötən həftə Şimali Kipr Türk Cümhuriyyəti-Azərbaycan, Türkiyə-Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti-Türkiyə parlamentlərarası işçi qruplarının rəhbərləri və üzvləri Kiprə səfər ediblər.
Ötən həftə dünyada, xüsusilə münaqişə bölgələrində önəmli hadisələr baş verib.
ABŞ Dövlət katibi Antoni Blinken Ukraynaya səfər edib. Səfər ABŞ-nin Ukraynaya dəstəyini ifadə etmək və yüksək səviyyəli Ukrayna rəsmiləri ilə görüşmək məqsədi daşıyıb.
Gürcüstanda aylardır, davam edən gərginlik səngimək bilmir. Ötən həftə Gürcüstan parlamentində deputatlar arasında dava düşüb. Parlamentin plenar sessiyasında deputatlar bir-birinə fiziki güc tətbiq ediblər.
Mübahisəyə səbəb “Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbulu olunub.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə hökumət administrasiyasında keçirilən brifinqdə deyib ki, xarici siyasətçilər ölkədə birbaşa siyasi səhnəyə çıxırlar. Onların Gürcüstanın daxili siyasətinə kənardan müdaxiləyə cəhd etməsi qətiyyən yolverilməzdir.
Gürcüstan Prezidenti Salome Zurabişvili “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub.
Ötən həftə Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı sui-qəsdə cəhd edilib. Baş nazir odlu silahla vurulub. Hadisəni 71 yaşlı yazıçı törədib. Hazırda Baş nazirin vəziyyəti ağırdır.
İranda isə Prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Abdullahiyan və daha bir neçə rəsmi şəxsi daşıyan helikopter qəzaya uğrayıb. Helikopterdən sağ çıxan olmayıb. İranın rəsmi mətbuatı helikopterin sərnişinlərinin və ekipaj üzvünün öldüyünü təsdiqləyib.