Close

168 saat – Xankəndidə Novruz tonqalı, Paşinyanın mesajı, Moskvada dəhşətli terror aktı...

Ötən həftə Azərbaycanda və dünyada xeyli yaddaqalan hadisələr baş verdi. Azərbaycana yaz gəldi, Prezident İlham Əliyev ilk dəfə Xankəndi şəhərində Novruz tonqalını alovlandırdı, xalqımızı təbrik etdi. Rusiyada keçirilən seçkilərdə Vladimir Putin yenidən president seçildi, Moskvada dəhşətli terror aktı törədildi.

TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında həftənin (18 - 25 mart) önəmli hadisələrinə nəzər salacağıq.

Martın 17-də Heydər Əliyev Mərkəzində “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı sərgi açılıb. Sərginin açılışında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva iştirak ediblər.

ozbek-sergi

Prezident İlham Əliyev Vladimir Putinə zəng edərək, prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

Martın 18-də Azərbaycan Prezidenti Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb, Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. Dövlət başçısı Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verildiyini açıqlayıb: “Uzun illər ərzində bu meydan və bu bina separatçıların yuvası idi. Məhz bu meydanda xalqımıza qarşı çirkin planlar hazırlanırdı. Məhz bu binada Xocalı soyqırımının törədilməsi üçün əmrlər verilmişdir. Bu gün isə biz bu meydanda dayanmışıq. Əziz xalqıma bildirmək istəyirəm ki, bu meydana mən “Zəfər meydanı” adı vermişəm, bundan sonra bura Zəfər meydanıdır”.

Ali Baş Komandan dördüncü dəfədir, bayram tonqalını azad edilmiş Qarabağ torpağında qaladığını xatırladıb: “2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu, böyük xoşbəxtlikdir”.

xankendi2

Birinci vitse-prezident Mehriban Əliyeva İlaxır çərşənbəsi və Novruz bayramı münasibətilə paylaşımlar edib.

cersenbe

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə Novruz bayramı münasibəti ilə təbrik məktubu ünvanlayıb.

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz isə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı bayram münasibəti ilə təbrik edib.

Prezident İlham Əliyev Moskvada törədilmiş dəhşətli terror aktı ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib.

Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının milli bayramı − Pakistan Günü münasibətilə Prezident Asif Əli Zərdariyə və Baş nazir Məhəmməd Şahbaz Şərifə təbrik ünvanlayıb.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Yüksək Vəzifəli Şəxslər Komitəsinin 14 mart tarixli iclasında verilmiş tövsiyəyə uyğun olaraq, AQEM Xarici İşlər Nazirləri Şurasının 19 mart 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası 2024-2026-cı illər üzrə AQEM sədri seçilib. Qərara əsasən, sədrliyimiz çərçivəsində ölkəmizin 2024-cü ildə AQEM Xarici İşlər Nazirləri Şurasına, 2026-cı ildə isə AQEM Dövlət və Hökumət Başçılarının Şurasına (Sammit) ev sahibliyi etməsi nəzərdə tutulub.

Fransa Azərbaycana qarşı qərəzli və məkrli siyasət yeritməkdə davam edir. Ölkənin Baş naziri Qabriel Attal erməni icması ilə görüşdə sərsəm fikirlər səsləndirb. O, antiterror tədbirlərini qınayıb, Azərbaycanı guya Ermənistan ərazilərini işğal etməkdə təqsirləndirib. Azərbaycan Xarici İşlər Nazirliyi Fransanı öz tarixindən dərs çıxarmağa, Azərbaycanın daxili işlərinə qarışmamağa və bu cür təxribat xarakterli bəyanatlara son qoymağa çağırıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçikanın Brüssel şəhərində keçirilən Atom Enerjisi Sammiti çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb. Nazirlər çoxşaxəli strateji ikitərəfli və çoxtərəfli əməkdaşlıq sahələrini müzakirə ediblər.

fidan-bayramov

Parlamentlərarası İttifaqın Cenevrədə ötən həftə keçirilən 148-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlament sədrləri Sahibə Qafarova və Alen Simonyanın ikitərəfli görüşü baş tutub. Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə təşkil olunan görüşdə Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqları fonunda iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi məsələlər nəzərdən keçirilib.

Həftə ərzində Ermənistanın Baş naziri Nikol Paşinyan Qazax rayonunun Bağanıs Ayrım, Qızılhacılı, Aşağı Əskipara və Xeyrimli kəndlərinin dərhal Azərbaycana təhvil verilməli olduğunu, əks halda müharibə olacağını deyib. Paşinyan onu da deyib ki, delimitasiya prosesində istifadə edilməli olan xəritələrlə bağlı Ermənistanla Azərbaycan arasında heç bir razılaşma yoxdur.

Martın 20-də saat 07:06-da Azərbaycana yaz fəsli daxil olub. Günəş ekliptika üzrə hərəkət edib göy ekvatorunu kəsərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçib və yaz fəsli başlayıb.

Şimal yarımkürəsində yaz fəsli iyun ayının 21-ə qədər davam edəcək. İyunun 21-i saat 00:50-də baharı yay əvəz edəcək.

Ötən həftə Müdafiə Nazirliyinin daha bir yüksəkvəzifəli şəxsi - Quru Qoşunların mühasibi Əliyev Alı İsrayıl oğlu həbs olunub. O, qulluqda olarkən digər vəzifəli şəxslərlə əlbir olaraq pul müqabilində hərbi qulluqçuların xidməti yerlərinin dəyişdirilməsini təşkil etməkdə və başqa cinayət əməllərini törətməkdə ittiham olunur.

Martın 20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 102 kq narkotik vasitənin (89 kq 940 qram marixuana, 4 kiloqram 660 qram heroin, 7 kq 400 qram metamfetamin, 8010 ədəd narkotik tərkibli güclü təsiredici Metadon M 40 həbi) qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

nark

Qırğızıstanda dövlət xadiminə qarşı sui-qəsd planlaşdırmaqda şübhəli bilinən Azərbaycan vətəndaşları həbs edilib.

Ötən həftə Naxçıvanda “Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu” yaradılıb. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov fərman imzalayıb.

Bundan başqa, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəaliyyətində aşkarlığın təmin olunması, həyata keçirilən tədbirlərin obyektiv işıqlandırılması, ictimaiyyət, media ilə əlaqələrin genişləndirilməsi məqsədilə 8 bölmə və 65 alt bölmədən ibarət Ali Məclisin yeni veb-saytı yaradılıb.

Şahbuz rayonunun Biçənək kənd avtomobil yolunda intensiv yağan yağışlar nəticəsində dağ uçqunu baş verib. Zərnətun körpüsünün yaxınlığına iri qaya parçaları aşaraq hərəkətin məhdudlaşmasına səbəb olub.

Ordubad rayonunda da güclü yağış səbəbindən hündür dağlardan gələn torpaq və daşlar Pəzməri kənd avtomobil yoluna tökülüb, nəqliyyat vasitələrinin hərəkəti dayanıb. Qısa müddətdə yollar təmizlənib və hərəkət bərpa edilib.

nax

Bir neçə aydır, harada və səhhətinin necə olduğu bilinməyən Böyük Britaniya şahzadəsi Keyt Middleton ötən həftə həyat yoldaşı şahzadə Uilyamla birlikdə küçədə görüntülənib.

Daha sonra 42 yaşlı Middletonun xərçəng xəstəliyinə tutulduğu açıqlanıb. O, sosial şəbəkə hesabında hazırda kimyaterapiya aldığını bildirib.

mid

Aylardır, davam edən İsrail-HƏMAS savaşının yaxın zamanda bitməsi gözələnilmir. Çünki tərəflər razılığa gələ bilmirlər. İsrail HƏMAS-ın atəşkəs təklifini qəbul etməyib.

Ötən həftə sonu Rusiyada prezident seçkiləri keçirilib, Vladimir Putin 87,28 faiz səs (76 277 708 nəfər) toplayaraq, yenidən prezident seçilib.

Seçkidən cəmi bir neçə gün sonra Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında dəhşətli terror aktı törədilib. Rəsmi məlumatlara əsasən, nəticədə 137 nəfər ölüb, 150-dək yaralı var. Amma qeyri-rəsmi mənbələr ölü sayının daha çox olduğunu iddia edib.

crocus

Hadisə ilə əlaqədar martın 24-ü Rusiyada milli matəm günü elan edilib.

Həftə ərzində Ermənistanda qanunsuz silah və döyüş sursatı gəzdirməkdə şübhəli bilinən 49 nəfər tutulub. Saxlanılanların hamısı “Döyüş Qardaşlığı” birliyinin nümayəndələridir. Onlar Azərbaycana qarşı təxribata və döyüşə hazırlaşırlarmış.

Bundan sonra bir qrup İrəvanın Nor Nork rayonunda polis idarəsinin binası yaxınlığında toplaşaraq, saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb edib. Onlardan polis idarəsinə hücum edən bir silahlı saxlanılıb.

Həftə ərzində AFFA-nın İntizam Komitəsi sərt qərarlar verib.

Futzal üzrə I Liqa komandası “Bakı”nın məşqçisi Namiq İbrahimov hakimləri təhqir etdiyi üçün 5 oyunluq diskvalifikasiya edilib.

4 nəfər isə danışılmış oyunlarda iştiraka görə ömürlük futboldan uzaqlaşdırılıb. Onlar I Liqa təmsilçisi “İrəvan”ın oyunçuları Ege Atlam və Fəhmin Muradbəyli, “Azərbaycan Qartalları” uşaq futbol klubunda məşqçi işləyən Rüfət Həsənov və Yusif Rüstəmovdur.

Bu arada AFFA prezidentiliyinə və İcraiyyə Komitəsinə namizədlər müəyyənləşib. Rövşən Nəcəf prezidentliyə namizəd olub.

“Neftçi” və “Spartak” futbol komandaları arasında keçirilməsi nəzərdə tutulan yoldaşlıq görüşü isə Moskvadakı terror hadisəsinə görə ləğv edilib.