Close

09:50
18 Oktyabr 2024
09:00
18 Oktyabr 2024
07:35
18 Oktyabr 2024

168 saat – Ankaradan dünyaya mesaj, “Qarabağ”ın möhtəşəm zəfəri…

Yola salmaqda olduğumuz həftə Azərbaycanda və dünyada bir sıra yaddaqalan hadisələr baş verdi.

TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında həftənin (19-25 fevral) önəmli hadisələrinə nəzər salacağıq.

Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimindən sonra ilk səfərini Türkiyəyə edib.

Dövlətimizin başçısı fevralın 19-da Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib, Xatirə kitabına ürək sözlərini yazıb.

s-anit

s-anit2

Azərbaycan Prezidenti daha sonra Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib.

s-1

s2

Fevralın 19-da Türkiyə Respublikası Prezidentinin Sarayında - Külliyedə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

s-qarsilama1

Mərasimdən sonra iki qardaş dövlətin prezidentlərinin təkbətək və geniş tərkibdə görüşü olub.

tekbetek

genis

Prezident İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi keçirilib. Mərasimdə "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu", "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb.

imza

Azərbaycan və Türkiyənin dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər. Dövlətimizin başçısı Ankarada vacib mesajlar verib: “Prezident seçkilərindən sonra mənim ilk rəsmi səfərim qardaş ölkəyədir. Bu, təbiidir, bu, bir ənənədir. Biz əcdadlarımızdan qalan bütün ənənələrə sadiqik. Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib.

beyanat

Hər dəfə Türkiyədə olarkən qardaş ölkədə gedən genişmiqyaslı inkişaf prosesini izləyirəm. Buna çox sevinirəm və bir daha görürəm ki, əziz Qardaşımın səyləri nəticəsində qardaş ölkə yeni zirvələri fəth edir.

Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır”.

Azərbaycan Prezidenti deyib ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək.

“Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşü hörmətli Prezidentin qeyd etdiyi kimi, bu ilin iyul ayında keçiriləcəkdir. Eyni zamanda, müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də mənim dəvətimlə bu görüşdə iştirak edəcək və bu, bizim ümumi işimizə, Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək”, - Prezident İlham Əliyev bildirib.

Səfər zamanı Azərbaycan və Türkiyənin birinci xanımları Mehriban Əliyeva ilə Əminə Ərdoğan arasında görüş keçirilib.

xanimlar

Azərbaycan Prezidentinin Türkiyəyə rəsmi səfəri fevralın 19-da başa çatıb.

Prezident İlham Əliyevin seçkilərdə inamlı qələbəsi ilə bağlı müxtəlif dövlət və beynəlxalq təşkilatlardan təbriklər gəlməkdə davam edir. Küveyt Dövlətinin Baş naziri Məhəmməd Sabah əl-Salim əl-Sabah, Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahim, Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro, Estoniya Respublikasının Prezidenti Alar Karis, Monteneqro Prezidenti Yakov Milatoviç, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidentinə təbrik ünvanlayıblar.

Prezident İlham Əliyev qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamları ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib, Xidmətin işçiləri təltif edilib.

Prezident İlham Əliyev "Ordubad Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılıması haqqında" Sərəncam verib.

Dövlətimizin başçısı həmçinin Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam da imzalayıb.

Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səudu 22 fevral – Səudiyyə Ərəbistanı Krallığının Təsis Olunması Günü münasibətilə təbrik edib.

Azərbaycan Prezidenti Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitoya Yaponiyanın milli bayramı – Təvəllüd Günü münasibətilə təbrik məktubu göndərib.

Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha Küveyt Dövlətinin milli bayramı münasibətilə təbrik ünvanlayıb.

Prezident İlham Əliyev avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Dövlət başçı Samir Musa oğlu Rzayevin “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilməsi haqqında da Sərəncam verib.

Prezident İlham Əliyevin daha bir Sərəncamı ilə Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısı Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında da Sərəncam verib.

Azərbaycan Prezidentinin daha bir Sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademiyanın Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Ağa Mehti oğlu Əli Zadə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Prezident İlham Əliyev 70 illik yubileyi ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb.

Ötən həftə Bakı mötəbər bir beynəlxalq tədbirə ev sahibliyi edib. Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası Bakıda keçirilib.

apa

Assambleyanın sədrliyi Türkiyədən Azərbaycana keçib.

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar onu bu ilin iyul ayında Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvəsinə dəvət edən Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Sabiq ədliyyə naziri Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin edilib.

Son zamanlar havadarlarından şirnikləndirici vədlər alan Ermənistan müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun mövqelərini atəşə tutur. Ötən həftə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqeləri, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında yerləşən mövqeləri atəşə tutulub.

Fevralın 24-də general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində növbəti xidməti müşavirə keçirilib.

Azad edilmiş ərazilərdə quruculuq-bərpa işləri sürətlə davam etdirilir.

Hazırda Ağdamda 3 kəndin inşası gedir. Bunlar Sarıcalı, Xıdırlı və Kəngərli kəndləridir. Gələn ay isə Ağdam şəhərində daha bir yaşayış məhəlləsinin inşasına başlanılması nəzərdə tutulub. 2026-cı ilə qədər Qarabağ iqtisadi rayonu üzrə Ağdam rayonunda bir şəhər, 12 kənd, Füzuli rayonunda 1 şəhər, 10 kənd, Xocavənd rayonunun Hardrut qəsəbəsi və Tuğ kəndi üzrə tikinti işləri davam etdiriləcək, digər hissələrdə isə layihə işləri tamamlanacaq.

Xocalı şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni su mənbəyi yaradılır.

Ötən həftə İşğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə insan qalıqları aşkarlanıb. Aşkarlanmış insan qalıqlarının ən azı 4 nəfər (onlardan 1 nəfərin azyaşlı, yəni 4-5 yaşlı şəxsə məxsus olması ehtimal edilir) şəxsə məxsus olması, onların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən edilib. İndiyədək azad edilmiş ərazilərdə 13 kütləvi məzarlıq aşkarlanıb.

Ötən həftə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun sərəncamına əsasən, “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsi ləğv edilib.

Azərbaycan Respublikası Gənclər Fondunun Müşahidə Şurasının qərarı ilə Fondun Naxçıvan filialı yaradılıb.

Muxtar Respublikanın Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası sədr müavini Malik Rzayevə həvalə edilib.

Həftə ərzində ölkəmizin idman tarixində əlamətdar hadisələrin şahidi olduq. “Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib. Azərbaycan çempionu UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu üstələyərək, bunu reallaşdırıb.

qarabaq

Səfərdə 4:2 hesablı qələbə qazanan Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika Stadionundakı cavab qarşılaşmasında 2:3 hesabı ilə uduzsa da, mərhələni adlamağı bacarıb.

"Qarabağ"ın UEFA Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi də artıq bəlli olub. Ölkə çempionu bu raundda "Bayer 04" (Almaniya) ilə üz-üzə gələcək. "Köhlən atlar" ilk matçını martın 7-də evdə, cavab qarşılaşmasını isə 14-də səfərdə keçirəcək.

Almaniyanın Kotbus şəhərində keçirilən dünya kubokunda isə Azərbaycan gimnastı uğurlu nəticə əldə edib. Yığmanın üzvü Nikita Simonov qızıl medal qazanıb.

Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbuluna bu il başlanmasının nəzərdə tutulduğu açıqlanıb. Türkiyə Ali Təhsil Şurasının (Yüksek Öğretim Kurulu) sədri Erol Özvar deyib ki, Türkiyə-Azərbaycan Universiteti bu il fəaliyyətə başlayacaq.

Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən hazırlanan KAAN döyüş təyyarəsi ilk uçuşunu həyata keçirib. Beşinci nəsil qırıcı təyyarə ilk uçuşunu uğurla başa vurub.

kaan

Həftə ərzində Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində fevralın 20-də Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan 5-i uşaq və 2-si qadın olmaqla, 7 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.

Təəssüf ki, həftə ərzində yeniyetmələr arasında zorakılıq və ailədaxili şiddət halları ilə bağlı məlumatlar yayılıb. Şüvəlanda yerləşən 156 nömrəli tam orta məktəbin şagirdi başqa bir yeniyetmə qıza qarşı zorakılıq edərək, videoya çəkib.

Məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı cinayət işi başlanıb.

Türkan qəsəbəsində isə körpə övladlarına fiziki şiddət göstərən 1983-cü il təvəllüdlü Elnur Məmmədov həbs olunub.

Beyləqanda 16 yaşlı qızın 35 yaşlı şəxslə nişanlandığı ortaya çıxıb. Ağdamda isə 2000-ci ildə itkin düşmüş gənc qızın atası və ögey anası tərəfindən öldürüldüyü müəyyənləşib.

Azərbaycanlı tanınmış fitnes məşqçisi Kamil Zeynallı Moskvada Ermənistanın sorğusu əsasında saxlanılıb, daha sonra sərbəst buraxılıb.

Qubada qaziləri, şəhid ailələrini, müalicəyə ehtiyacı olan uşaqların valideynlərini guya türkəçarə üsulu ilə sağaldacağı vədi ilə aldadıb, onların küllü miqdarda pullarını alaraq dələduzluq edən Həşimov Şaiq Həsən oğlu saxlanılıb. Şaiq Həşimov Əməkdar artist Aybəniz Haşımovanın qardaşıdır.

Dünyanın əsas gündəmi yenə də münaqişə ocaqları, müharibələr olub. Rusiya-Ukrayna savaşının başlamasının iki ili tamam olub.

Avropa İttifaqı müharibədən zərər çəkmiş insanlara dəstək üçün 83 milyon avro məbləğində humanitar yardım göstərəcəyini, vəsaitin böyük hissəsinin Ukraynaya ayrılacağını açıqlayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya səfər edib. Fransa Prezidenti Emmanuel Makron baş nazirlə birgə mətbuat konfransında İrəvanın Fransanın Ermənistana dəstəyinə arxalana biləcəyini deyib. Makron qeyd edib ki, Fransa İrəvana müdafiə silahlarının tədarükünə razılıq verib.

ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putini təhqir edib. O, Putini “it oğlu” adlandırıb.

İsrail-Fələstin müharibəsi davam etməkdədir. Həftə ərzində tərəflərin itkiləri daha da artıb.