Close

09:00
18 Oktyabr 2024
07:35
18 Oktyabr 2024

168 saat – Prezidentin andiçmə mərasimi, yeni hökumət, “Qarabağ”ın möhtəşəm zəfəri, Ağalıda toy…

Yola salmaqda olduğumuz həftə Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq olayların şahidi olduq. Fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanan İlham Əliyev Milli Məclisdə and içdi, hökumətin tərkibi müəyyənləşdi.

TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında ötən həftənin (12-18 fevral) önəmli hadisələrinə nəzər salacağıq.

Həftə ərzində Azərbaycan Prezidentinə seçkilərdəki qələbə münasibətilə təbriklər gəlməkdə davam edib.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze, İtaliya Prezidenti Sercio Mattarella, İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn, Latviya Prezidenti Edqars Rinkeviçs, Çex Respublikasının Prezidenti Petr Pavel, Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunak, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş, Yaponiyanın Baş naziri Fumio Kişida, İsrail Prezidenti İsxak Hersoq, Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç, Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl, digər dövlət və hökumət başçıları, siyasətçilər Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.

Prezident İlham Əliyev isə Litva Respublikasının Prezidenti Gitanas Nausedaya Litvanın milli bayramı münasibətilə təbrik məktubu göndərib.

Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Andiçmə mərasimində birinci xanım Mehriban Əliyeva, dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları iştirak ediblər.

and2

Dövlət başçısı andiçmə mərasimində nitq söyləyib. Prezident İlham Əliyev çıxışında 20 il ərzində ölkədə həyata keçirilən islahatlar, əldə edilən uğurlar, ən önəmlisi tarixi zəfərimiz haqqında danışıb, gələcək hədəflərdən bəhs edib: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

and1

Həmin gün Azərbaycan Prezidenti və birinci xanım Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər.

ziyaret2

ziyaret1

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva daha sonra xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət ediblər.

sehidler

Dövlət başçısı Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra olunmasını Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edib.

Prezident İlham Əliyev akademik Arif Paşayevə 90 illik yubileyi ilə əlaqədar təbrik məktubu göndərib.

Birinci vitse-prezidenti Mehriban Əliyeva akademik Arif Paşayevin doğum günü ilə bağlı paylaşım edib.

Azərbaycan Prezidenti “Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün maliyyə vəsaiti ayrılması haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyi göstərilməsi üçün Elm və Təhsil Nazirliyinə 10 milyon manat ayrılıb.

Prezident İlham Əliyev Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında sərəncam verib. Bundan başqa, dövlət başçısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibinin təsdiqlənməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Prezidentinin digər sərəncamları ilə ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası ədliyyə nazirinin müavini Azər Məmməd oğlu Cəfərova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Adil oğlu Salahlıya həvalə edilib.

Almaniyada səfərdə olan Azərbaycan Prezidenti orada bir çox dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri ilə görüşüb.

Münxendə Prezident İlham Əliyevin qarşı tərəflərin müraciətinə əsasən, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Basso, ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteyn, ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq, İsrail Dövlətinin Prezidenti İsxak Hersoq, Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan, ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri, İraq Kürdüstan Regionunun Başçısı Neçirvan Bərzani, Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ Dövlət katibi Antoni Blinken, Münxen Təhlükəsizlik Konfransının sədri Kriştof Xoysqen, Dünya Bankının baş idarəedici direktoru Aksel Trotsenburq, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmid və digər rəsmi şəxslərlə görüşü olub.

m-ayib

m-abs

m-conkerri

m-blinken

m-isr

m-fidan

m-atetbk

m-iraq

m-zelen

Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kansler Olaf Şolts ilə görüşü də olub.

Sonra Almaniya Kanslerinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin Kansler Olaf Şolts və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub.

m-3terefli

Görüşdə Almaniya Kansleri açılış nitqi ilə çıxış edib. O, Almaniyanın Ermənistanla Azərbaycan arasında sülh gündəliyini, eyni zamanda, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən aparılan missiyanı dəstəklədiyini vurğulayıb.

Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə ikitərəfli görüşü də keçirilib.

Görüşdə iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub. Xarici İşlər nazirliklərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib.

Azərbaycan Prezidenti İlham Əliyev Fikrət Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında Milli Məclisə təqdimat verib. Təqdimata parlamentdə müvafiq qaydada baxılacaq.

Həftə ərzində Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasındakı səfiri Peter Mixalko Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının əldə olunmuş ilkin razılıqlara zidd olan fəaliyyətinin ciddi narahatlıq doğurduğu bir daha diqqətə çatdırılıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller isə ölkəsinin Azərbaycan və Ermənistan arasında davamlı dialoqu dəstəklədiyini açıqlayıb.

Ötən həftə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev diqqətçəkən təkliflə çıxış edib: “Türkiyə və Azərbaycanın sıx inteqrasiyası, inkişaf etdiriləcək münasibətlər digər türk dövlətləri üçün də cəlbedici ola bilər. Biz Türkiyə ilə əvvəlcə ümumi bazar (common market), sonra vahid bazar (single market), ən sonda isə birgə bazar (unified market) yaratmalıyıq. Elə bazar ki, dövlət sərhədləri olmadan malların, xidmətlərin, kapitalın, insanların tam sərbəst hərəkəti təmin edilsin, vahid valyutaya keçək. Türk dövlətlərinin inteqrasiyası ilə yanaşı, Avrasiya zonasında Avropa Birliyi modelində yeni ittifaqın yaradlması istiqamətində iş aparılsın”.

Ötən həftə bir neçə istiqamətdə atəşkəsin ermənilər tərəfindən pozulması faktları qeydə alınıb.

Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə açılan atəş nəticəsində hərbi qulluqçu yaralanıb. Atəş Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılıb.

zeng

Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirilib. Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.

Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla şərti sərhəddə ölən hərbçilərinin 4 nəfər olduğu barədə məlumat yayıb. Daha bir hərbçi yaralanıb.

ermhh

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Erməni bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstibulaq yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kvadrokopterlə kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Həmçinin ermənilər Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətindəki mövqelərini iriçaplı silahlardan atəşə tutub.

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev, Quru Qoşunların komandanı, general-leytenant Hikmət Mirzəyev və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə dislokasiya olunmuş bir neçə hərbi hissədə olublar.

Ötən həftə Bakıda dəhşətli qətl hadisəsi törədilib. 25 yaşlı Əhməd Əhmədov ailəsinin 5 üzvünü – atasını, anasını, azyaşlı qardaşını, bacısını və onun körpə qızını amansızlıqla qətlə yetirib. Bu cinayət ölkədə ən çox müzakirə olunan olaylarından biri olub.

Həftə ərzində Xalq yazıçısı Mövlud Süleymanlı insult keçirib, xəstəxanaya yerləşdirilib.

ABŞ müdafiə naziri Lloyd Ostininin səhhətində problem yaranıb. Xərçəng diaqnozu qoyulan nazir kritik terapiya bölməsində müalicə olunur.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 12 ildən sonra ilk dəfə Misirə rəsmi səfər edib. Ərdoğanı Qahirə hava limanında misirli həmkarı Əbdülfəttah əs-Sisi qarşılayıb.

erdogan

İsrailin Baş naziri Benyamin Netanyahu sülh müqaviləsi ilə bağlı şərtlərini açıqlayıb. Baş nazir fələstinlilərlə daimi sülh razılaşmasına nail olmaq üçün beynəlxalq təzyiqləri rədd edib, bildirib ki, belə bir razılaşma ilkin şərt olmadan, yalnız tərəflər arasında birbaşa danışıqlar yolu ilə əldə olunacaq.

Ötən həftənin diqqətçəkən hadisələrindən biri rusiyalı siyasətçi Aleksey Navalnının saxlanıldığı xüsusirejimli cəzaçəkmə müəssisəsində vəfat etməsi olub. 48 yaşlı müxalif siyasətçinin ölümünə sərt reaksiyalar verilib.

navalni

Həftə ərzində idmançılarımız bir neçə uğura imza ataraq, xalqımızı sevindiriblər.

"Qarabağ" klubu UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib. Portuqaliyada "Braqa"nın qonağı olan komandamız meydançadan 4:2 hesabı ilə qalib ayrılıb. Tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

qarabaq

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında isə yunan-Roma güləşçiləri çıxışlarını başa vurublar. Güləşçilərimiz yarışda ümumilikdə 8 medal qazanıblar.

g1

Bakıda keçirilən "Böyük Dəbilqə” turnirində də cüdoçularımız qazandıqları medallarla yenu uğurlara imza atıblar.

Həftə ərzində işğaldan azad edilmiş Zəngilanda toy mərasimi keçirilib. Ağalıda Xanoğlan Mirzəyev və Mehriban Mirzəyevanın toyu olub.

zengilan