Close

168 saat – Xankəndidən verilən mesaj, gücümüzə güc qatan “Akıncı”…

İki ay öncə təyin edilmiş növbədənkənar prezident seçkiləri başa çatdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev seçkilərdə inamlı qələbə qazandı.

Ötən həftənin (05-11 fevral) ən önəmli hadisəsi əlbəttə ki, seçkilər idi.

TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında həftənin önəmli hadisələrinə nəzər salacağıq.

Prezident İlham Əliyev əmək pensiyalarının indeksləşdirildirilməsi haqqında sərəncam imzalayıb.

Ötən həftə Türkiyədə baş vermiş və on minlərlə insanın həyatına son qoymuş dəhşətli zəlzələlərin bir ili tamam olub.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana fəlakətin ildönümü ilə əlaqədar məktub göndərib.

Məktubda bu fəlakətin Türkiyəni olduğu kimi, Azərbaycanı da dərindən sarsıtdığı vurğulanıb: “Zəlzələ xəbərinin ilk dəqiqələrindən heç bir yardım çağırışını gözləmədən Azərbaycan xalqı və dövləti öz qardaşlıq borcunu yerinə yetirmək üçün bütün imkanlarını səfərbər etdi. Baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması işlərinə və axtarış-xilasetmə əməliyyatlarına cəlb olunmuş xilasedicilərimiz, həkimlərimiz və könüllülərimiz türkiyəli həmkarları ilə çiyin-çiyinə böyük cəsarətlə, əzmlə və fədakarlıqla fəaliyyət göstərdi. Dövlət və özəl qurumlarla yanaşı, kiçikdən böyüyə hər bir soydaşımız zəlzələ qurbanlarına dəstək və mənəvi dayaq olmaq üçün əlindən gələni əsirgəmədi.

Sizin qətiyyətli rəhbərliyiniz altında Türkiyə Hökuməti zəlzələnin səbəb olduğu irimiqyaslı dağıntıların aradan qaldırılması, zərər çəkmiş bölgənin dirçəldilməsi, evsiz qalan milyonlarla insanın evlə təmin edilməsi üçün var qüvvəsi ilə çalışır. Azərbaycan da hazırda Kahramanmaraş vilayətində humanitar fəaliyyətini davam etdirərək burada aparılan yenidənqurma və bərpa işlərində, sosial obyektlərin inşasında yaxından iştirak edir. Biz bu nəcib və şərəfli missiyada Türkiyənin yanında olmağımızdan böyük qürur duyuruq.

Bütün bunlar Azərbaycan-Türkiyə sarsılmaz birliyinin və həmrəyliyinin növbəti təzahürü olaraq qardaşlıq salnaməmizə əbədi olaraq həkk olundu. Türkiyə yaxşı gündə və hüznlü gündə Azərbaycanın yanında olduğu kimi, biz də daim Türkiyənin yanındayıq və bundan sonra da olacağıq. Çünki biz bir millət, iki dövlətik”.

Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs veriblər.

secki

Səsvermə prosesi başa çatdıqdan sonra ilkin nəticələr açıqlanıb. Prezident İlham Əliyevin seçkilərdə inamlı qələbə qazandığı açıqlandıqdan qısa müddət sonra Azərbaycan liderinə dünyanın müxtəlif ölkələrinin hökumət və dövlət başçılarından, beynəlxalq təşkilatların rəhbərlərindən təbriklər gəlməyə başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti İbrahim Rəisi, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin prezidentləri, Çin lideri Si Cinpin, daha onlarla dövlətin rəhbəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, ATƏT-in Baş katibi Helqa Maria Şmid təbrik edənlər sırasındadır.  

Hazırda təbriklər gəlməkdə davam edir.

Fevralın 8-də Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedevi, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mini, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Eri və TÜRKPA beynəlxalq seçki müşahidə missiyasının rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Osman Mesteni qəbul edib.

mdb

tdt

turkpa

Dövlət başçısı həmçinin Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

tbmm

Şamil Ayrım nümayəndə heyəti adından çıxış edərək dövlətimizin başçısını prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib.

Şamil Ayrım Prezident İlham Əliyevin və ailə üzvlərinin Xankəndidə səs vermələrinin böyük əhəmiyyət daşıdığını bildirib.

Dövlətimizin başçısı da Xankəndidə səsvermənin böyük siyasi və rəmzi mənasının olduğunu vurğulayıb.

Fevralın 9-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olub və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər.

pua4

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə raport verib.

Müdafiə naziri və Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar dövlət başçısına Akademiyada yaradılan şərait və pilotsuz uçuş aparatları barədə məlumat veriblər.

pua

Ali Baş Komandan “Akıncı” hücum PUA-sının havaya qalxmasını izlədikdən sonra idarəetmə məntəqəsində PUA-nın idarəolunmasını praktiki həyata keçirib. PUA-nın yerə enməsini izləyən Azərbaycan Prezidenti uçuş vasitəsinin üzərinə xatirə imzasını çəkib.

pua2

pua5

Azərbaycan Prezidenti Bahar bayramı münasibətilə Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu göndərib.

Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni Baş nazir kimi fəaliyyətə başlaması münasibətilə təbrik edib.

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Seyid İbrahim Rəisiyə təbrik məktubu ünvanlayıb.

Fevralın 7-də ölkəmizin bütün suveren ərazisində keçirilən Azərbaycan Respublikası Prezidentinin seçkilərində 7 namizəd mübarizə aparıb.

Seçki prosesini 790 beynəlxalq, 89 min 366 yerli müşahidəçi izləyib.

Ölkənin hər yerində seçici fəallığının müşahidə olunduğu səsvermə günündə maraqlı hadisələr də yaşanıb.

Bakıda İkinci Dünya müharibəsi veteran, 98 yaşlı İsgəndər Vəliyevə hərəkət məhdudiyyətli insanlar üçün yaradılan imkanlara uyğun olaraq ev şəraitində səs vermək təklif olunsa da o, bundan imtina edib. Seçki məntəqəsinə gələrək səs verib.

s98

İkinci Dünya müharibəsi veteranı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri 102 yaşlı Fatma Hüseyn qızı Səttarova da seçkilərdə iştirak edib. O, müalicə aldığı Bakı Sağlamlıq Mərkəzində yaradılan seçki məntəqəsində səs verib.

s102

Səsvermə prosesi başa çatdıqdan sonra seçkidə “exit-poll” keçirən təşkilatlar nəticələri açıqlayıb. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və ABŞ-nin “ORACLE ADVISORY GROUP” təşkilatı (birlikdə - red.), “Rəy” Monitorinq Mərkəzi, Sosioloji Tədqiqatlar Mərkəzinin keçirdiyi “exit-poll”un nəticələrinə əsasən Prezident İlham Əliyev inamlı qələbə qazanıb.

exitpol

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar “exit-poll”un nəticələri açıqlandıqdan dərhal sonra paytaxtda və ölkənin bütün bölgələrində Prezident İlham Əliyevə dəstək yürüşü keçirilib.

yurus

Səsvermənin ertəsi günü seçkidə iştirak edən digər namizədlər Azərbaycan Prezidentini təbrik ediblər.

Qeyd etdiyimiz kimi, səsvermə prosesini yüzlərlə yerli və beynəlxalq müşahidəçi, xarici jurnalist izləyib. Bütün müşahidəçilər və jurnalistlər səsvermə günü heç bir pozuntuya rast gəlmədiklərini, vətəndaşların sərbəst şəkildə seçim etməsi üçün lazımi şərait yaradıldığını bildiriblər.

Fevralın 9-da Naxçıvanda Muxtar Respublikanın yaranmasının 100 illiyi ilə bağlı tədbir keçirilib.

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov, Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov, digər rəsmi şəxslər və ictimaiyyət nümayəndələri tədbirdə iştirak ediblər.

Həftə ərzində “Qarabağ Universitetinin Nizamnaməsi” təsdiq edilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Ötən həftə işğaldan azad edilmiş ərazilərdə xeyli silah-sursat tapılıb.

Xocalı rayonunun Əsgəran qəsəbəsində qala divarlarının yaxınlığında isə kütləvi məzarlıq aşkarlanıb. Orada 8 nəfərin nəşinin qalıqları olduğu güman edilir. Ümumiyyətlə 44 günlük Vətən müharibəsindən sonra Şuşa həbsxanası və Daşaltı kəndi, Ağdam rayonunun Sarıcalı kəndi, Xocavənd rayonunun Edilli kəndi, Xocalı rayonunun Fərrux kəndi, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi və Kəlbəcər rayonunun Başlıbel kəndi ərazisində kütləvi məzarlıqlar aşkarlanıb. Bu məzarlıqlardan indiyədək 400-ə yaxın insan qalıqları tapılıb.

Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi təmin edilsə də, təəssüf ki, xalqımız hələ də erməni terrorunun ağır nəticələri ilə üzləşməkdədir. İşğal dövründə torpaqlarımıza basdırılan saysız-hesabsız mina xəritələri Azərbaycan tərəfə təqdim olunmadığı üçün azad edilmiş ərazilərdə tez-tez mina partlayışları baş verir, mülki şəxslər həlak olur, ağır yaralanır. Ötən həftə də Xocavənddə belə bir partlayış olub, mülki şəxs ağır yaralanıb, barmaqları amputasiya edilib.

Bütün bunlara baxmayaraq, azad edilmiş bölgələrdə quruculuq-bərpa işləri sürətlə davam edir, o ərazilərə həyat qayıdır. Həftə ərzində daha onlarla ailə dogma torpağına qayıdıb, orada yaşamağa başlayıb.

Hazırda Xocalıda da tikinti-quruculuq işləri davam edir. Tezliklə Xocalıda da 50 evin çırağının yanması gözlənilir.

xocali

Ötən həftə Türkiyədə səfərdə olan bəstəkar Cavanşir Quliyevin səhhətində problem yaranıb, o, xəstəxanaya yerləşdirilib. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin müalicəsinə Fond tərəfindən dəstək verilir.

Aylardır, davam edən qızılca xəstəliyi təəssüf ki, daha bir neçə uşağın ölümünə səbəb olub.

Sumqayıtda isə sənaye zonasında fəaliyyət göstərən yuyucu vasitələr istehsalı müəssisəsində işləyən 4 qadın zəhərlənib.

Həftə ərzində dünyanın gündəmində yenə Rusiya-Ukrayna, İsrail-HƏMAS savaşı, Yaxın Şərqdəki gərginlik ön planda olub.

ABŞ dövlət katibi Entoni Blinken ölkəsinin Yaxın Şərqdəki zərbələrinə son qoymaq niyyətində olmadığını bildirib. Yaxın Şərq turnesinə çıxan Blinken Səudiyyə Ərəbistanı, Misir, Qətər, İsrail və İordan çayının qərb sahilinə səfər edib.

Ukrayna Prezidenti Volodimir Zelenski Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırskini Silahlı Qüvvələrin yeni baş komandanı təyin edib. Bundan əvvəl Zelenski Baş Komandan Valeri Zalujnı ilə görüşüb və Silahlı Qüvvələrin rəhbərliyinin dəyişdirilməsini müzakirə edib.

Gürcüstanın Rustavi şəhərindəki İstanbul bazarında isə atışma baş verib, nəticədə 4 nəfər həlak olub.

Xərçəng diaqnozu qoyulan Böyük Britaniya Kralı III Çarlz səhhəti ilə maraqlanan hər kəsə təşəkkür edib.

Ötən həftə İranın Pakistanla sərhəddə yerləşən Sistan və Bəlucistan əyalətində naməlum şəxslər əcnəbi vətəndaşların evinə silahlı hücum ediblər. Nəticədə azı 9 Pakistan vətəndaşı öldürülüb, 3-ü yaralanıb.

Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı Yer kürəsinə geri dönüb. Aralarında Alper Gezeravcının da olduğu Ax-3 komandasını daşıyan "Dragon" kapsulu Yerə enib.

İstanbulda isə məhkəmə binasına silahlı hücum olub, 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Qafqaz Müsəlmanları İdarəsi 2024-cü ildə Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün qiymətləri təyin edib. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5 850 ABŞ dollarıdır. Ziyarət üçün sənədlərin qəbulu sabahdan başlayacaq.