Close

168 saat – AŞPA-ya xəbərdarlıq, Akarın səfəri, yeni təyinatlar...

Artıq 2024-cü ilin ikinci ayındayıq.

TNS-in “168 saat” layihəsinin növbəti buraxılışında ötən həftə (29 yanvar-04 fevral) Azərbaycanda və dünyada baş verən hadisələrə nəzər salacağıq.

Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbayacana gəlib. Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 29-da nümayəndə heyətini qəbul edib.

1706521142640468387_1200x630

Prezident İlham Əliyev İlqar Əziz oğlu Mustafayevin Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Xanlar Adil oğlu Ağalarov Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri təyin olunub.

bulvar

Prezident Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında da sərəncam imzalayıb. Sərəncama əsasən, Dövlət Gömrük Komitəsi sədrinin müavini Şirinov Natiq Telman oğluna, Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Əliyev Vüqar İsmayıl oğluna, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Cahangirov Anar Niyaz oğluna, “Azərterminalkompleks” Birliyinin direktoru Aşurlu Kənan Məhərrəm oğluna gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.

Prezident İlham Əliyevin imzaladığı daha bir sərəncamla bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib.

Həftə ərzində Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti ləğv edilib. Bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.

Fevralın 2-si Azərbaycanda Gənclər Günü qeyd edilir. Prezident İlham Əliyev fevralın 1-də 2024-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən şəxslərə 2024 cü il Gənclər üçün Prezident mükafatları verilib.

Azərbaycan Prezidenti həmin gün Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib. Dövlət başçısı görüşdə bildirib ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq.

Prezident İlham Əliyev “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1080-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Fərman imzalayıb. Fərmana görə, banklar, notariuslar sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumların aktivləri, sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların birbaşa və ya dolayı, təkbaşına və ya başqaları ilə birlikdə mülkiyyətində və ya nəzarətində olan aktivlər, habelə belə aktivlər vasitəsilə əldə edilmiş digər aktivlər, sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki şəxslərin və qurumların aktivləri və sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların birbaşa və ya dolayı, təkbaşına və ya başqaları ilə birlikdə mülkiyyətində və ya nəzarətində olan qurumların aktivləri beynəlxalq və ölkədaxili siyahılar hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatında dərc edildiyi vaxtdan təxirəsalınmadan və həmin maddədə göstərilən şəxslərə xəbərdarlıq etmədən dondurmalı və dərhal bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinə, habelə maliyyə monitorinqi orqanına həmin internet informasiya ehtiyatı vasitəsilə məlumat verməlidirlər.

Azərbaycan Prezidenti həmçinin, “İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri”nin təsdiq edilməsi haqqında" da Fərman imzalayıb.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva 2 Fevral - Gənclər Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım ediblər.

gencler

gencler1

Dövlət başçısı "Dövlət ehtiyatları haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 2-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stili qəbul edib.

iqlim

Dövlət başçısı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam verib.

İki ay əvvəl təyin olunmuş növbədənkənar prezident seçkilərində səsvermə günü yaxınlaşır. Səsverməyə cəmi 3 gün qalıb. Namizədlərin təsdiqlənməsi, seçici siyahılarının müəyyənləşdirilməsi, müşahidəçilərin, səlahiyyətli nümayəndələrin qeydiiyyata alınması, seçki bülletenlərinin çap olunması, məntəqə komissiyalarına təqdim edilməsi və digər proseslər arxada qalıb. Hazırda təbliğat-təşviqat mərhələsi yekunlaşmaq üzrədir.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri üzrə 85 min müşahidəçinin qeydiyyatdan keçdiyini açıqlayıb. MSK sədri indiyədək seçki prosesi ilə bağlı heç bir şikayətin daxil olmadığını da diqqətə çatdırıb.

Hətta hazırda həbsdə olan Qarabağdakı separatçı xunta rejiminin başçısı Araik Arutyunyan da seçkilərdə iştirak üçün müvafiq qurumlara müraciət edib. Özünü Azərbaycan vətəndaşı saydığını deyən Arutyunyan seçkidə səs vermək istədiyini bildirib.

Həftə ərzində Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova Azərbaycana səfər edib. Palata sədri ilə görüşən xarici işlər naziri Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan və Ermənistan arasında 30 ildən sonra ilk dəfə olaraq sülh üçün real şərait yaranıb.

Adamova isə Çexiyanın bütün ölkələrin, o cümlədən Cənubi Qafqazın bütövlüyünü və suverenliyini dəstəklədiyini bildirib: “Qarabağın Azərbaycan torpağı olmasına heç vaxt şübhə etməmişəm”.

cb

Həmçinin Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov da Azərbaycana səfər edib.

Ötən həftə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ABŞ Senatının Xarici əlaqələr komitəsinin sədri Benjamin Kardinin Azərbaycanla bağlı əsassız və qərəzli açıqlamasına dair bəyanat yayıb. Bəyanatda Kardinin Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı əsassız, qərəzli fikirlərinin dərin məyusluq hissi doğurduğu bildirilib: “COP29 ərəfəsində senator Kardinin ölkəmizi şantaj edərək, qərəzli təşkilat və dairələrin yalan, yoxlanılmamış məlumatlarından istifadə etməsi Azərbaycana qarşı olan həmin dairələr, xüsusən də erməni lobbisi tərəfindən təhrik edilmiş əsassız və təxribat xarakterli yanaşmadır”.

Yanvarın 31-də Azərbaycan ilə Ermənistan arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın altıncı görüşü keçirilib.

Baş naziri Nikol Paşinyan isə Ermənistanın Müstəqillik Bəyannaməsinin Azərbaycanla sülhə maneə yaratdığını deyib: “Ermənistanın dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağın və Ermənistanın birləşdirilməsinə əsaslanırsa, bizdə müharibə olacaq və heç vaxt sülh olmayacaq”, - deyə o bildirib.

Bununla da Ermənistan sülh prosesini uzatmaq üçün növbəti bəhanə tapıb.

Həftə ərzində Xankəndi şəhərində Qarabağ canilərindən biri Aşot Qulyanın abidəsi sökülüb. “Bekor” ləqəbi ilə tanınan həmin şəxs 1992-ci ildə Xocalı, Hadrut, Əsgəran, Şuşa və bir sıra digər istiqamətlərdə döyüşlərdə iştirak edərək günahsız insanların ölümünə səbəb olub.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) əməkdaşları isə  Qarabağ İqtisadi Zonasında yaşayan erməniəsilli sakinləri ziyarət ediblər. Görüşün əsas məqsədi onların ehtiyaclarının qiymətləndirilməsi olub.

qac

Ötən həftə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Anar İbrahimov İran İslam Respublikasının Naxçıvanda yeni təyin edilmiş baş konsulu Əziz Mənsuri ilə görüşüb. Anar İbrahimov Əziz Mənsurini yeni vəzifəsinə başlaması münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.

n-konsul

Yanvarın 31-də Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günü qeyd edilib.

Xatırladaq ki, Prezident İlham Əliyev 2023-cü il dekabrın 30-da Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb.

Ötən həftə Müdafiə Nazirliyi işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun mühəndis bölmələri tərəfindən görülən tədbirlərlə bağlı məlumat açıqlayıb. Bildirilib ki, mühəndis-istehkam bölmələri tərəfindən 36000 hektaradək ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib, 10 400 piyada əleyhinə mina, 3300 tank əleyhinə mina, 11 850 partlamamış döyüş sursatı aşkarlanıb.

Qeyd olunub ki, Vətən müharibəsindən sonra 480 km-ə qədər təmas xətti boyu 2 km dərinliyində ərazilər, o cümlədən Buzluq yüksəkliyindən Laçın dağınadək 100 km-ə yaxın ərazi Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları tərəfindən minalanıb.

Məlumata görə, Qarabağ iqtisadi rayonunda minalar əsasən yaşayış məntəqələrinə və qəbiristanlıqlara yaxınlaşma istiqamətlərində, Xocalı və Şuşa ətrafında meşəlik ərazilərdə, eləcə də magistral yolların üzərində basdırılıb.

Azərbaycan Ordusunun bir qrup yüksək rütbəli hərbi qulluqçusu Türkiyəyə səfər edib. Nümayəndə heyəti xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Ankara şəhərində yerləşən parkdakı abidəsini və Türkiyənin banisi Mustafa Kamal Atatürkün mavzoleyini - Anıtqəbri ziyarət edib. Səfər çərçivəsində azərbaycanlı nümayəndələr milli müdafiə naziri Yaşar Güler, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Metin Gürak ilə görüşüblər.

mn1

Ötən həftə “Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədovun Azərbaycan Memarlıq və İnşaat Universitetində tutduğu Nəqliyyat və logistika kafedrasının müdiri vəzifəsindən ayrıldığı məlum olub. Tağı Əhmədovun ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilib.

Yanvarın 15-də Binəqədidə 10 nəfərin ölümü ilə nəticələnən dəhşətli yanğın və partlayışın səbəbi açıqlanıb. Baş Prokurorluğun yaydığı məlumata əsasən, partlayış taxta materialların emalı zamanı yaranmış taxta tozunun və kimyəvi tərkibli materialların buxar qarışığının təmizlənməməsi səbəbindən minimum konsentrasiya limitinin aşılması nəticəsində baş verib.

İlkin istintaq tədbirləri nəticəsində 2 şəxsin qanunsuz əməlləri ifşa edilib.

“Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin səhmdarı və faktiki sahiblik edən vəzifəli şəxs Tağı İbrahimovun işinə laqeyd münasibət göstərib xidməti vəzifələrinin yerinə yetirməməsi, ASC-ni faktiki olaraq idarə edən Toğrul Rzayevin isə yanğın təhlükəsizliyi qaydalarına cavabdeh şəxs kimi bu qaydaları pozması müəyyən edilib. Hər iki şəxs saxlanılıb, barəsində həbs qətimkan tədbirləri seçilib.

Qeyd edək ki, Tağı İbrahimov Diasporla İş üzrə Komitənin sabiq sədri Nazim İbrahimovun qardaşı, ATV-nin keçmiş prezidentidir.

Həftə ərzində Polşada körpə övladı ilə birlikdə iki ay əvvəl itkin düşən azərbaycanlı qadının meyiti tapılıb. Adilə Mehdiyevanın meyiti Oder çayında aşkarlanıb. Qadının iki aylıq körpəsinin isə harada olduğu bilinmir.

qadin

Münaqişə ocaqlarının, ölkələr arasında gərginliyin artdığı bir vaxtda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Pakistana səfər edib. Səfər Pakistanın xarici işlər naziri vəzifəsini icra edən Cəlil Abbas Cilaninin dəvəti ilə baş tutub. İran tərəfi İran Silahlı Qüvvələrinin Pakistan ərazisində yerləşən “Ceyş əl-Zolm” qruplaşmasının iki qərargahına zərbə endirməsindən sonra yaranan gərginliyin azaldılması üçün bu addımı atıb. Nazirlərin görüşündən sonra İran Prezidentinin də Pakistana səfər edəcəyi açıqlanıb

Qonşu Gürcüstanda Baş nazir dəyişikliyi baş verib. Baş nazir İrakli Qaribaşvili istefa verərək, hakim “Gürcü Arzusu” partiyasının sədri olub. Baş nazir postuna isə İrakli Kobaxidzenin gəlməsi gözlənilir.

Son vaxtlar Avropa ölkələrində çoxminlik etiraz aksiyaları keçirilir. Fransa, Almaniya və digər ölkələrdə aksiyalar davam etməkdədir.

Pakistan məhkəməsi isə ölkənin keçmiş Baş naziri, müxalif “Ədalət naminə hərəkat” partiyasının lideri İmran Xan və həyat yoldaşı Büşra Bibini 14 il müddətinə azadlıqdan məhrum edib.

Həftə ərzində Vaşinqtonun Tehranın dəstəklədiyi silahlı qrupların Suriya-İordaniya sərhədindəki ABŞ bazasına üç amerikalının ölümü ilə nəticələnən hücumuna cavab olaraq İrana hücumlar həyata keçirə biləcəyi açıqlanıb.

ABŞ İraq və Suriyadakı hədəfləri bombardman edib. Prezident Cozef Bayden bununla bağlı bəyanat yayıb: “Birləşmiş Ştatların Silahlı Qüvvələri mənim əmrimlə Suriya və İraqda SEPAH və onunla əlaqəli silahlı qrupun Amerika qüvvələrinə hücum etmək üçün istifadə etdiyi hədəflərə zərbələr endirib”.

Həftə ərzində Türkiyə Mərkəzi Bankının sədri Hafize Gaye Erkan istefa verib. Bu vəzifəyə Fatih Karahan təyin edilib.

İstanbulda isə kilsəyə silahlı hücum edən şəxslər qısa müddətdə saxlanılıb. 

ist-kilse