Close

İran niyə Zəngəzur dəhlizinə qarşıdır? - Cənub qonşumuz Azərbaycanı Ukrayna ilə müqayisə edir - TƏHLİL

Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan İran “Qafqazda baş verə biləcək istənilən ciddi müharibə İrana qarşı müharibədir” deməklə guya Bakını Ermənistanla birbaşa münaqişədən xəbərdar etmək istəyir və düşünür ki, Azərbaycan Qərbi Zəngəzuru “ələ keçirmək” niyyətindədir.

Bura Ermənistanın cənubunda onu İranla birləşdirən və Azərbaycanı eksklavı olan Naxçıvan Muxtar Respublikası ilə ayıran bölgədir. Amma Qərbi Zəngəzur bölgəsi regional etnik ziddiyyətlər baxımından deyil, mühüm nəqliyyat dəhlizi kimi önəmlidir. Bölgədəki ölkələr Asiyadan Avropaya öz marşrut variantlarını inkişaf etdirmək üçün yarışır, bir-biri ilə rəqabət aparırlar.

Beləliklə, Ermənistan və İran Hindistandan Avropaya gedən ticarət yolunun bir hissəsinə çevrilməli olan Qərbi Zəngəzur bölgəsindən keçməklə “Fars körfəzi-Qara dəniz” dəhlizini qurmaq istəyirlər. Bu marşrutun yol şəbəkələri Fars körfəzindəki İran limanlarından başlayır, sonra Zəngəzur və Ermənistanın qalan hissəsi vasitəsilə Gürcüstanın Qara dəniz limanlarına aparır.

1619158877_0001

Azərbaycan və Türkiyə İran-Ermənistan marşrutuna öz alternativini –“ Zəngəzur dəhlizini” təklif edir. O, Türkiyəni təkcə Azərbaycanın mərkəzi rayonları ilə birləşdirmir, həm də Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ölkələrinə çıxışı təmin edə bilir. Həmçinin dəhliz vasitəsilə Azərbaycan blikadada olan Naxçıvan ilə dəmir yolu əlaqəsi yaratmaq istəyir.

2021-ci ilin dekabrında Brüsseldə keçirilən görüşdə Prezident İlham Əliyev və Paşinyan Qərbi Zəngəzur bölgəsindən yolun tikintisi ilə bağlı razılığı təsdiqləyiblər. Amma 2023-cü ildə kəskinləşən Qarabağ məsələsi fonunda Ermənistan yenidən Zəngəzur dəhlizinin yaradılmasına qarşı çıxmağa başlayıb. BMT Baş Assambleyasının 78-ci sessiyasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Bakı Ermənistanın ərazi bütövlüyünü pozmağa yönəlmiş “dəhliz məntiqini” təbliğ edir. Onun sözlərinə görə, Azərbaycanın Qarabağ və Ermənistanla bağlı indiki siyasəti göstərir ki, növbəti məqsəd ekstraterritorial dəhlizin yaradılması ola bilər: "O, Ermənistan ərazisindən keçəcək, lakin bizim nəzarətimizdən kənarda olacaq, bu, qəbuledilməzdir".

Ermənilər üçün Türkiyədən Azərbaycana nəqliyyat dəhlizinin problemi məhz layihənin adı ilə bağlıdır. “Zəngəzur” ifadəsinin işlədilməsi İrəvanda Bakının Zaqafqaziya sərhədlərinə yenidən baxmağa çalışması ilə bağlı qorxu yaradır. Bu səbəbdən 2023-cü ilin mayında Moskvada keçirilən Avrasiya İqtisadi Birliyi sammitində Paşinyanla Əliyev arasında gərginlik yaranıb.

Eyni zamanda, hələ 2021-ci ildə Bakı təkid edirdi: Zəngəzur dəhlizi ilə bağlı bütün danışıqlar İrəvanla deyil, Moskva ilə aparılmalıdır. Bu mövqe, Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə görə, Ermənistanın dəmir yollarının son nəticədə “Rusiya Dəmir Yolları” QSC-yə məxsus olması ilə bağlıdır.

South-Caucasus-transport-lines-2-2-1024x706

İran da Zəngəzur dəhlizinin yaradılmasının əleyhinədir. “Foreign Affairs” jurnalı  qeyd edir ki, Tehranın fikrincə, bu dəhliz İranın Ermənistana logistika çıxışını bağlayacaq.

“İran Ermənistanı Avrasiya ilə ən mühüm bağ hesab edir. Buna görə də, regionun beynəlxalq səviyyədə tanınmış sərhədlərində istənilən dəyişikliyə qarşı hərbi güc tətbiq etməklə hədələyir”, - deyə nəşrin məqaləsinin müəllifi Məhəmməd Ayətullahi Tabaar bildirib. Belə ki, 2022-ci ilin oktyabrında İran Qərbi Zəngəzurun inzibati mərkəzi olan Qafan şəhərində konsulluğunu açıb.

resize

Orbeli Mərkəzinin (İrəvan) eksperti Conni Melikyanın sözlərinə görə, Türkiyə və Azərbaycan əvvəllər nəqliyyat üçün Gürcüstan ərazisindən, ondan əvvəl isə İran ərazisindən istifadə ediblər. Ekspert “RTVI”ya müsahibəsində deyib: “Bu cür kommunikasiyalar İran üçün xüsusilə arzuolunan olmasa da, bu marşrutların suverenliyi ərazisindən keçəcək dövlətlərə məxsus olarsa, məqbuldur”.

Conni Melikyan hesab edir ki, İran İsrailin regionda təsirinin güclənməsi və Azərbaycan siyasətçilərinin Cənubi Azərbaycanın (müasir İranın azərbaycanlı əhalisinin üstünlük təşkil etdiyi şimal-qərb əyalətləri) sahibliyi ilə bağlı ritorikasına görə Ermənistanı dəstəkləyir. Amma Ermənistan-İran münasibətləri buludsuz deyil.

“İndi Aİ-nin Ermənistan ərazisindəki missiyasına görə Tehranın müəyyən sualları var, lakin Yerevan Tehranın narahatlığını başa düşür”, - Conni Melikyan qeyd edib.

“Azərbaycan İranın özünün barışmaz düşməni hesab etdiyi İsraillə sıx əlaqələr qurur. Stokholm Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, 2000-2022-ci illər ərzində İsraildən Azərbaycana silah ixracının həcmi təqribən 884 milyon dollar təşkil edib.

Tehranı narahat edən digər cəhət Azərbaycanın İranın regionda ənənəvi rəqibi olaraq qalan Türkiyə ilə sıx əməkdaşlığıdır”, - Yaxın və Orta Şərqin Tədqiqat Mərkəzinin baş elmi işçisi Vladimir Sajin“RTVI” ilə söhbətində belə deyib.

Sajinin fikrincə, 2021-ci ilin iyununda Ankara və Bakını rəsmən müttəfiq edən Şuşa Bəyannaməsinin imzalanması Tehranda coşqu ilə qarşılanmayıb. Bununla yanaşı, bölgədə dini baxımdan qeyri-adi vəziyyət yaranıb. İranın müsəlman dünyasının digər hissələri ilə ziddiyyətlərinin çoxu dini fərqliliklərdən qaynaqlanır: İranda əksəriyyət şiədir, Türkiyə və Ərəbistan yarımadası ölkələrində isə sünni. Amma Azərbaycan şiə ölkəsi olduğu üçün İranla deyil, sünni Türkiyə ilə daha sıx əlaqələr qurur.

Azərbaycan Türkiyədən silah alır. Belə ki, Azərbaycan Silahlı Qüvvələri Türkiyənin “Bayraktar TB2” hücum pilotsuz təyyarələrindən, Türkiyənin T-300 Qasırğa, Roketsan T-122/300, T-122 Sakarya və T-107 Boran reaktiv yaylım atəş sistemlərindən, “Cirit” idarəolunan raketlərindən və Türkiyənin təkərli zirehli texnikasından istifadə edir. 2021-ci ildə Türkiyə və Azərbaycan Naxçıvanda “Sarsılmaz Qardaşlıq 2021” birgə təlimləri keçirib. 2023-cü il sentyabrın 25-də Türkiyə və Azərbaycan prezidentləri hərbi-istehsalat kompleksinin açılışı üçün Naxçıvana gediblər.

Azərbaycan mətbuatının məlumatına görə, 2022-ci ilin oktyabr ayından etibarən İran Bakı və Ankara arasında hərbi ittifaqa cavab olaraq Ermənistana “Almas” pilotsuz uçuş aparatları üçün 100 idarə olunan raket və 500 ədəd “Dehlavi” tank əleyhinə raket kompleksi (Rusiya Kornet-in İran nüsxəsi) göndərib. Ancaq Ermənistan tərəfi bu cür tədarükü təkzib edir, SIPRI-da İranın Ermənistana silah ixracı ilə bağlı məlumat yoxdur.

f10a0572aeccda6708e8719b7fa04bbd

Tədqiqatçı bildirib ki, müasir Ermənistanla yaxınlaşmazdan əvvəl Tehran Azərbaycanla yaxınlaşmağa ümid edirdi: ”Azərbaycan dünyəvi dövlətdir və orada dinin təsiri Tehranın öz xeyrinə istifadə etməyə çalışdığı İrandakı qədər böyük deyil”.

Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Yaxın və Orta Şərq Araşdırmaları Mərkəzinin aparıcı elmi işçisi Nina Məmmədovanın fikrincə, İranın siyasi dairələrində Qarabağ məsələsində hansı mövqedən çıxış etməli olduğu barədə konsensus yoxdur: “Prezidentin səsləndirdiyi rəsmi mövqe var. Amma bu hökumətin nöqteyi-nəzəridir, başqası da var. Parlament situasiyaya bir az fərqli baxır, lakin onun deputatları hələ də susur, Beynəlxalq Əlaqələr Komitəsinin deputatları isə prezidentin mövqeyinə sadiqdirlər”.

Bəs niyə İran Azərbaycanı Ukrayna ilə müqayisə edir?

Sentyabrın 23-də BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında görüş keçirilib. Danışıqlar zamanı “Zaqafqaziyadakı vəziyyət” də müzakirə edilib.

Bundan əvvəl, sentyabrın 19-dan 20-dək Rusiyanın müdafiə naziri Sergey Şoyqu İrana səfər edib. Səfər Qarabağ ətrafında yeni eskalasiya zamanı baş versə də, bu hadisələri əlaqələndirmək olmaz, çünki Şoyqu hələ iyun ayında İrana səfərə dəvət olunmuşdu. Lakin Qarabağ mövzusundan yayınmaq mümkün olmayıb, bu məsələ Şoyqu ilə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri arasında aparılan danışıqlarda gündəmə gəlib. İranlı hərbçi görüşdən sonra bildirib ki, Tehran regiondakı ziddiyyətlərin həlli üçün “3+3” formatını ən effektiv hesab etməkdə davam edir. İranın “Tasnim” xəbər agentliyinin verdiyi məlumata görə, rusiyalı nazir də bununla razılaşıb.

“İran Türkiyənin regionda genişlənməsinə ağrılı reaksiya verir və Rusiyanın bu məsələdə niyə bitərəf olduğunu başa düşmür”, - iranlı ekspert və diplomatik dairələrlə tanış olan mənbə RTVI-ya bildirib.

Mənbənin sözlərinə görə, Tehran qorxur ki, Moskva Ankaranın Ukrayna məsələsində vasitəçilik xidmətlərini nəzərə alaraq, praktiki olaraq Türkiyəyə bölgədə istədiyi hər şeyi etməyə imkan verir. Həmçinin, İkinci Qarabağ Müharibəsindən sonra Qarabağda atəşkəsə əməl olunması üzrə monitorinq mərkəzinin İranın iştirakı olmadan Rusiya və Türkiyə tərəfindən yaradılması İranı narazı salıb.

Bakı ilə Tehran arasında fikir ayrılıqları logistika sənayesinə də sirayət edib və bu səbəbdən də İran Rusiyanın maraqlı olduğu Şimal-Cənub dəhlizinin inkişafı planlarını qeyri-rəsmi tənqid edir. Rəşt-Astara dəmir yolunun tikintisi layihəsində iştirak etməyən bəzi iranlı ekspertlər ya Xəzər dənizi üzərindən Rusiya ilə birbaşa logistika marşrutlarını, ya da Türkmənistan və Qazaxıstandan keçməklə Şimal-Cənub dəhlizinin hazır şərq qolunu inkişaf etdirməklə Azərbaycanı təcrid etməyi təklif edirlər.

RTVI-nın həmsöhbətinin sözlərinə görə, rusiyalı mütəxəssislərin İranın Azərbaycanda marşrutların tikintisində iştirakının gələcəkdə Bakının cənub qonşusuna münasibətini müsbət istiqamətdə dəyişə biləcəyi ilə bağlı arqumentləri eşidilmir. Rusiya və İranı Azərbaycan üzərindən birləşdirən logistik marşrut sonuncuya xarici siyasətdə Türkiyə və İsrailə meyli balanslaşdırmaq üçün seçim imkanı verəcək. Odur ki, Tehran Bakı marşrutundan yayınmaq əvəzinə, ona sərmayə qoymalıdır. Amma Tehranda hamı bu məntiqi bölüşmür.

Mənbə qeyd edib ki, son vaxtlar rusiyalı və iranlı ekspertlərin görüşlərində iranlılar Azərbaycanı Ukrayna ilə müqayisə edirlər: “Tehranla Bakının münasibətlərində nə azərbaycanlılar, nə də iranlılar aqressiv ritorikanı cilovlaya bilmirlər. Əhalisinin əhəmiyyətli hissəsinin etnik azərbaycanlılar olan İran Bakı siyasətçilərinin Azərbaycan xalqının birliyi ilə bağlı fikirlərinə önəm verir və əhali arasında separatçı əhval-ruhiyyənin yaranmasından ehtiyat edərək yerli medianın qızışdıran hərəkətlərinə diqqət çəkir”. 

“İranlılar Azərbaycanı öz ölkələri üçün potensial “Ukrayna” kimi səciyyələndirməklə, bu problemin rusiyalı ekspertin başa düşəcəyi dildə qavranılma dərəcəsini ortaya qoyurlar”, - RTVI-nın həmsöhbəti əlavə edib.(Mənbə RTVİ)