Azərbaycan 200 illik yaralarını sağaltmağa çalışır

Onun əsl mənası azadlıq deməkdir. Çünki yaranması ilə azadlıq, müstəqillik anlayışı da ortaya çıxdı. XX əsrdə müsəlman Şərqində ilk demokratik respublika - cümhuriyyət quruldu. Və onun qurucuları Azərbaycan xalqının övladları oldu. Bu gün artıq cümhuriyyətin qurulmasından 107 il ötür. Məhz 1918-ci il mayın 28-də Azərbaycan xalqını təmsil edən Milli Şura müsəlman Şərqində ilk dəfə olaraq respublika formasında Azərbaycanın dövlət müstəqilliyini elan etdi. Bu tarix Azərbaycan xalqının yaşadığı torpaqlarında öz varlığını sübut etmək, ortaya qoymaq üçün vurduğu bir möhürə çevrildi. Ulu əcdadlarımızın tarix boyu var olduğu, dövlətlər qurduğu, qanlı savaşlar verdiyi bu torpaqlar bölüşdürülürdü.
Cümhuriyyət birdən-birə ortaya çıxan bir məfhum deyil. Bilirik ki, Azərbaycan xalqının zəngin dövlətçilik ənənələri olub. 1828-ci ildə Azərbaycanın şimalı çar Rusiyası tərəfindən işğal edildikdən sonra yeni bir şərait yarandı. Azərbaycanın ərazisi və xalqı iki yerə ayrıldı.
Tarix elmləri doktoru, professor, Milli Məclis sədrinin müavini Musa Qasımlı TNS-ə verdiyi məlumatda bildirib ki, o zaman işğala qarşı müqavimət hərəkatı, üsyanlar baş verdi: “Amansızlıqla yatırılan üsyanlardan sonra müstəqillik şüurunun, onun daşıyıcılarının sistemli şəkildə məhvinə başlandı. İşğaldan narazı olaraq ona qarşı çıxan şəxsləri amansız Sibir sürgünləri və həbsxanalar gözləyirdi. Çarizm orqanları hakimiyyət əleyhinə olan ən xırda təzahürləri amansızlıqla məhv edirdi. Rəsmi məlumatlara görə, həmin vaxt Sibir sürgünlərində təqribən 5 min nəfər azərbaycanlı var idi.
Azərbaycanda demoqrafik şəraiti dəyişdirməkdən ötrü qeyri-azərbaycanlılar iri şəhərlərə və müxtəlif yaşayış məntəqələrinə yerləşdirilirdilər. Bu amil sadəcə demoqrafik şəraiti dəyişdirmirdi. Gəlmələr yerli əhaliyə məxsus zəngin torpaqlara sahib oldular. Onlar üçün üstün şərait yaradılır, hətta silah gəzdirmələrinə icazə verilirdi. Bütün bunlar təkcə sosial deyil, milli ziddiyyətləri də kəskinləşdirirdi. Sonrakı dövrlərdə baş verən ən böhranlı anlarda məhz köçürülənlər çarizmin müstəmləkəçilik siyasətinin yerlərdə əsas dayaqlarına çevrilirdilər. Azərbaycanın qarşılaşdığı bütün milli və ərazi problemlərinin təməlləri məhz işğaldan sonra çar Rusiyası tərəfindən qoyuldu”.
Bu amansız siyasətin fonunda ortaya hansı dəhşətli hadisələrin çıxdığı tarixdən məlumdur. Yerli əhalinin gəlmələr vasitəsilə soyqırımına məruz qalması, kəndlərin şəhərlərin məhv edilməsinə başlanıldı. Belə bir şəraitdə xalqın təhsil almış, maariflənmiş nümayəndələri müxtəlif yollarla müqavimətə, mübarizəyə başlamışdı.
Musa Qasımlının sözlərinə görə, çarizm Azərbaycanda pantürkçüləri və panislamçıları, müstəqillik tərəfdarlarını amansızlıqla təqib edirdi: “Birinci Dünya müharibəsi və ya o zaman deyildiyi kimi, Böyük müharibə xalqları özlərini mühafizə etmək və gələcək həyatlarını necə qurmaq barədə düşünməyə vadar edirdi. İmperiyaların və müstəmləkə zülmü altında müharibənin sonlarında yaranmış gərgin şəraitdə Azərbaycanın istiqlalı məsələsində çox az saylı azərbaycanlı ziyalılar Əli bəy Hüseynzadə, Əhmədbəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov və b. müstəsna rol oynadılar. Onlar xalqın taleyi ilə bağlı məsələlərdə məsuliyyəti üzərlərinə götürdülər.
1918-ci il mayın 27-də Azərbaycan fraksiyası ayrıca iclasına toplaşaraq müstəqilliyi elan etmək qərarına gəldi. Fraksiya özünü Azərbaycan Milli Şurası elan etdi. Azərbaycan xalqının tarixi istəyi yerinə yetirildi.
Bu zaman Osmanlı ilə Zaqafqaziya arasında Batumda keçirilən danışıqlarda iştirak edən M.Ə.Rəsulzadə qiyabi olaraq Milli Şuranın sədri seçildi. Rəsulzadənin namizədliyini İttihad Partiyasından başqa bütün partiyaların namizədləri dəstəklədilər. Milli Şuranın mayın 28-də Tiflisdə keçirilən iclasında Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildi. Altı maddədən ibarət olan bəyannamədə yazılırdı: 1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət hüququna malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir. 2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir. 3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərə, xüsusən qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir. 4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir. 5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır. 6. Müəssislər Məclisi toplanana qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan müvəqqəti hökumət dayanır”.
Beləcə, müsəlman Şərqində ilk cümhuriyyət quruldu. Millət vəkili bildirib ki, cümhuriyyətin elan edilməsi ilə Azərbaycan xalqı XX əsrdə ilk dəfə olaraq Dövlət Millətinə çevrildi: “Əgər Azərbaycanın şimal əraziləri Rusiya tərəfindən xanlıqlar formasında işğal edilib imperiyanın tərkibinə qatılmışdısa, 1918-ci ildə onun tərkibindən vahid, müstəqil dövlət kimi çıxdı”.
Musa Qasımlının sözlərinə görə, cümhuriyyət tarixinin öyrənilməsi bəzi ibrət dərslərini almağa imkan verir: “İlk növbədə həmin dövrdə buraxılan səhvləri bilmək və onlardan müvafiq nəticələr çıxarmaq gərəkdir. Tarixi təcrübə göstərir ki, dövlətin yaradılmasını liberal dəyərlərlə elan etmək olar, amma daxili və xarici təzyiqlərin daim olduğu və olacağı bir şəraitdə liberalizmlə qorumaq mümkün deyildir. Bunun üçün çoxlu amillərin məcmusu tələb olunur. Əgər Azərbaycanda parlament deyil, prezident respublikası və ya “möhkəm əl” olsaydı, bəlkə də müstəqilliyin ömrü uzun ola bilərdi. Xalq öz dövlətinin mühafizəsinə, güclənməsinə və tərəqqisinə çalışmalı, milli dövlətini qorumalı, onun maraqlarını hər şeydən uca tutmalıdır. Hakimiyyət qanadları arasında sıx birlik olmalıdır.
Dünyanın hansı ölkəsində yaşamasından, hansı siyasi təşkilata mənsubluğundan asılı olmayaq, hər bir azərbaycanlı daim Azərbaycanın maraqlarını uca tutmalı, ümumi məqsədlərə xidmət etməlidir. Xaricdə yaşayan soydaşlarımız yalnız Azərbaycanın yanında olduqda böyük, güclü və qüdrətlidirlər. Milli tarixə və keçmişə daim hörmətlə yanaşılmalıdır.
Cümhuriyyətin süqutundan sonra siyasi və dövlət xadimlərinin bir qismi xarici ölkələrə mühacirət etməyə məcbur oldu. Bir qismi isə erməni və bolşevik terrorunun qurbanı oldu. 20-30-cu illərdə milli düşüncəli ziyalılar repressiya edildilər. Amma sovet repressiya aparatı istiqlal fikrini məhv edə bilmədi.
Milli ruhlu ziyalılar 70-80-ci illərdə Heydər Əliyevin qayğısı ilə əhatə olundular. Müstəqil dövlət üçün lazım olan təməllər məhz bu illərdə düşünülmüş şəkildə hazırlandı.
Nəhayət, cümhuriyyət atributları ilk dəfə olaraq rəsmi şəkildə Naxçıvanda Heydər Əliyevin liderliyində qəbul edildi. Naxçıvan müasir Azərbaycan dövlətçiliyinin təməli oldu. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi oldu”.
Bu gün də Azərbaycan dövləti öz varlığını, müstəqilliyini qoruyub saxlamaq üçün var gücü ilə mübarizə aparır. 200 illik yaralarını sağaltmağa çalışır. Öz torpaqlarını işğaldan azad edir, qurur, yaradır. Vaxtilə doğma torpaqlarından didərgin düşən insanları yurduna qovuşdurur. Azərbaycan övladlarına düşən ən böyük missiya isə ən azı son 200 illik tarixindən nəticə çıxarmaq və müstəqillik günəşinin daha da parlaq olması üçün əlindən gələni əsirgəməməkdir.
Aygün