Türk tarixini dəyişəcək kəşf- Yeni tapıntı nələrdən xəbər verir? - FOTO

Özbəkistanda VI əsrə aid olduğu təxmin edilən türk sikkəsi tapılıb. Üzərində “Türk-Kağan” yazısı olan sikkənin Qərbi Göktürk dövrünə aid olduğu güman edilir. Türk tarixini dəyişə biləcək kəşfin detalları ilə bağlı Özbəkistan Elmlər Akademiyasının Milli Arxeologiya Mərkəzinin mütəxəssisi, professor Qeybulla Babayarov ilk dəfə olaraq “TRT Xəbər”ə danışıb.
TNS xəbərin detallarını təqdim edir.
Professor Daşkənd bölgəsinin köhnə şəhər xarabalıqlarından tapılan tunc sikkələr arasında Qərbi Göktürk xaqanlığına aid sikkələrin 20-dən çox növünün olduğunu bildirib. Bu sikkələrdən üçünün üzərində żpγw “Cabgu” yazısı var; onlardan 5-nin cpγw x’γ’n “Cabgu-Kağan”, 9-nun isə x’γ’n “Kağan” başlığı ilə zərb olunduğu, qalanlarının isə yazısız olduğu ortaya çıxıb.
O, qeyd olunan sikkə növləri arasında (I lövhə) iki növ sikkənin soğd qrafikası ilə türk x’γ’n – “Türk-Kağan” ifadəsi ilə zərb edilməsinin maraqlı olduğunu bildirib: “Bu sikkələrin həm ikonoqrafiyası, həm də istehsal tərzi (diametri, çəkisi, texniki istehsalı, metal xüsusiyyətləri və s.) onları sonradan zərb edildiyi görünən Qərbi Göktürklərin Yabqu-Xaqanlıq (7-ci əsrin əvvəlləri - bu əsrin 30-cu illəri) və Xaqanlıq dövrünə (630-740) aid olan sikkələrdən fərqləndirir”.
Professor bildirib ki, tapıntının istər arxeoloji təbəqələrə, istərsə də soğd yazı sisteminə və üslubuna görə 6-7-ci əsrlərə aid olduğunu düşünür: “Bu türk-xaqan sikkəsi Qərbi Göktürk xaqanlarından birinə, ehtimal ki, Fərqanədə hökmranlıq etmiş Xaqanlığın qurucularından biri olan İstemi xaqanın nəvələrinə məxsus ola bilər”.
Qeybulla Babayarovun fikrincə, bu tapıntı “türk” adının tarixini 150 il daha əvvələ aparır: “Yəni Orxon yazıları 730-cu illərdə ərsəyə gətirilibsə, sikkə yazıları 580-610-cu illərə aiddir. Beləliklə, başa düşə bilərik ki, “türk” adının tarixi 1400-1500 illik dövrə malikdir.
Bu türk-xaqan sikkəsi elm adamları arasında indiyədək geniş yayılmış “Göktürklər köçəri cəmiyyət olduqları üçün ticarətdə oturaq insanlara xas olan pul dövriyyəsinə ehtiyac görmürdülər” fikrini təkzib edir. Həmin dövrlərdə türk idarəçilərinin və türk cəmiyyətinin əhəmiyyətli bir hissəsinin oturaq həyat sürdüyü, şəhərlər saldığı anlaşılır.
Bu sikkə ilə türk dünyasında Daşkənd və Fərqanə kimi Türküstanın ən qədim oturaq mədəniyyət bölgələrinin türk tarixi və toplumları baxımından əhəmiyyəti ortaya çıxır.
Aygün