Azərbaycan türkcəsi Dağıstanda rəsmi dil olub

Ötən əsrin əvvəllərində Dağıstanda rəsmi dil Azərbaycan türkcəsi olub.
TNS xəbər verir ki, bu barədə dosent Zaur Əliyev bildirib.
"1923-cü ildən 1928-ci ilə qədər Dağıstanda rəsmi dil Azərbaycan türkcəsi elan edilmişdi. Abdulqadir Alqədərinin müəllif olduğu "Yeni türk əlifbası və ilk qiraət" adlı kitabı da orta məktəblərdə tədris olunurdu.
Bu qərar qəbul edilən zaman Dağıstanda çox mübahisələr gedib. Moskvaya xidmət edənlər “rusca Leninin dilidir, inqilabın dilidir”, - deyərək Azərbaycan türkcəsinin qəbul edilməsinə qarşı çıxışıblar", - deyə o əlavə edib.
Zaur Əliyevin sözlərinə görə, halbuki Azərbaycan türkcəsinin qəbul edilməsi elə Moskvanın tələbi olub: "1923-cü ildə Dağıstanda Moskvanın tövsiyəsi ilə din əleyhinə güclü hərəkat başladı. Bu hərəkatın ən vacib hissəsi ərəb dilinə qarşı kampaniya idi. Beləcə, 1923-cü ildə Dağıstanın yeganə rəsmi dili Azərbaycan türkcəsi elan edildi.
Dağıstan rəhbərlərindən N.Samurskinin fikrincə, rus dili Dağıstan xalqlarının dili ola bilməzdi. Bu, dağ cəmiyyətində rus dilinə mənfi münasibətlə, çarizmin zülm və zorla ruslaşdırma siyasəti ilə bağlı idi. Nəticədə Dağıstanda bu fikrə məhəl qoymayan müsəlman din xadimləri arasında qəzəbli narazılıq yarada bilərdi. Azərbaycan türkcəsi isə müsəlman kütlələrin dili olaraq belə maneələrlə qarşılaşmazdı. Dağlarda dünyəvi təhsilə nail olmaq üçün silah kimi istifadə edilən Azərbaycan türkcəsi ərəb sxolastikasının və fanatizminin hökmranlığını sarsıtmağa qadir olan yeganə dil idi.
1928-ci ildə rus dili və əlifbası türkcəyə qalib gəlsə də, 1952-ci ilə qədər rutul və saxurlar yaşayan ərazilərdə tədris Azərbaycan türkcəsində aparıldı. Bu fakt bir daha sübut edir ki, Moskva Qafqazda eyni dildə danışan xalqları parçalayaraq, hökm sürmək məqsədilə rus dilini zorla əsas dil edib".