Close

12:53
19 Aprel 2025

Kimdir, bu Humay? - VİDEO

Son günlərdə "Ay Yola" başqırd qrupunun "Homay" mahnısı sosial şəbəkələrdə sürətlə populyarlıq qazanıb.

Dosent Zaur Əliyev bu mahnının tarixçəsi ilə bağlı maraqlı paylaşım edib.

TNS həmin paylaşımı təqdim edir: “Azərbaycan xalqının mifik təfəkküründə qadın ilahələr içərisində müsbət Umay və ya Humay Ana obrazı var. Orxon-Yenisey kitabələrində adı “yer-su və Umay xatun” şəklində adı qeyd edilən bu yaradıcı güc haqqında Kaşqarlı Mahmudun əsərində belə deyilir: “Qadınlar Umay ilə doğurarlar. Umay tapılarsa, oğlan olur”.

Moğol inanclarında Uma olaraq adlanan bu ruh Azərbaycan divan ədəbiyyatında “Humay” şəklini alıb.

Bütün Türk xalqları kimi, Azərbaycan xalqının da inanc sistemində Humay doğurqanlığın, bərəkətin və insan taleyinin simvoludur.

Türk xalqlarının islam və xristianlıq dinlərini qəbul etməsi nəticəsində bu rəmzlər xalq yaddaşından silinməyib. İnanclara görə, Humay Ana körpələri, ailəni, xəstələri, şəhid döyüşçülərin ruhlarını himayə edir.

Türk mifologiyasına əsasən, xanımların rəqs zamanı qollarının çiyindən yuxarı qalxmaması şərti ilə etdilləri rəqslər Humay Ananın rəmzi olan qu quşunun yerişini xatırladır.

Köhnə türk adət-ənənəsinə görə, Humay Ana qıza və ya qadına sataşan hər kəsin gözlərinə mil çəkilməsi, kor olması tapşırığını verib. Ona inanlar hesab edirdilər ki, qadına hücum edən istənilən “təcavüzkar” öldürülməlidir.

Türk qadınların özlərini qorumaq hüququ var idi. Bundan əlavə, türk qızının şərəf və ləyaqəti dövləti idarə edən xaqan tərəfindən adətlə (qanun) qorunurdu.

Ona görə də heç kim türk qızlarına, qadınlarına pislik edə bilməzdi.

Əgər Çingiz xanın və Teymurun zamanında Balkanlardan Çin səddinə bir qadın tək getsəydi, heç kim ona laqeyd baxmazdı. Belə sərt qanunlar vardı, qadınlar toxunulmaz idi, çünki Humay Ana belə istəyib!

Humay Ana adı Göytürk kitabələrindən biri olan Tonyukuk yazısında qeyd olunur. VIII əsrdə Göktürk əlifbası ilə yazılmış yazının 38-ci sətirində Umay Ananın adı bu sözlərlə çəkilir: "Gələnlər çətin olduğunu dedilər, amma hiss etmədilər. Deyəsən, Allah Umay, Müqəddəs məkan və Su kömək etdi. Niyə qaçırıq?"

Humay Ana obrazına inamın gücündən gələrək Azərbaycan türklərində qadınlarla bağlı andlar da yaranıb:

1. Azərbaycanda qadının saçı namus hesab edilirdi. Qadın saçı üzərinə and içmək, düşmənə “saçlarıma bağışla”, - deyərək onu mərhəmətə çağırmaq belə inanclardan idi.

2. Qadının örpəyi də saçı qədər müqəddəs hesab edilirdi. Aralarında qan davası olan iki tayfa arasında sülhün təmini zamanı elin ağbirçək qadınlarının örpəklərini yerə sərməsi düşmənçiliyin qarşısını alırdı.

3. Qapıda dayanan qadının düşmənin evə girməsinin qarşısının alınması mənasına gəlirdi.

“Qadını öz inanclarında əbədiləşdirən türk cəmiyyətdə qadın dəyərlərinin aliliyi öz əksini tapıb”, - deyimi də buradan yaranıb”.