Bakıda ölüm düşərgəsi – Məhkumların qulaqlarının dibindən 2 güllə vurub...

Bir vaxtlar adı gələndə insanlar vahiməyə düşürdü. Haqqında elə dəhşətli şeylər danışılırdı ki, deyilənlərin doğruluğuna inanmaq çox çətin gəlirdi eşidənlərə...
Söhbət o vaxtlar ölüm, işgəncə, vəhşət düşərgəsi olan Bayıl həbsxanasından gedir.
2009-cu ildə sökülən həbsxana fəaliyyət göstərdiyi bir əsrdən artıq müddətdə minlərlə insana məzar olub.
Bayıl həbsxanasının tikintisinə 19-cu əsrin ikinci yarısından sonra başlanılıb. Həbsxananın korpusları üç mərhələdə —1874, 1880 və 1886-cı illərdə inşa edilib. Tikildiyi əraziyə uyğun olaraq, Bayıl həbsxanası adlandırılıb. 1920-ci ildən sonra adı 1-ci İslah Evi kimi dəyişdirilib. Sonradan əvvəlki adı qaytarılıb.
Amma zamanla həbsxananın ərazisinin genişləndirilməsinə ehtiyac yaranıb, əlava korpuslar tikilib. 1910-cu ildə 6-cı, 1923 və 1929-cu illərdə isə 3-cü və 5-ci korpuslar istifadəyə verilib.
Tarixi sənədlərə əsasən, Rusiya imperatorunun 1 sentyabr 1885-ci ildə irəli sürdüyü təkliflə Xəzər hərbi gəmiçiliyinin nəzdində işləyən aşağı çinli işçilərin ixtisara düşməsilə əlaqədar onların 62, 63, 64, 65, 66, 67 saylı ailə kazarmaları müvafiq avadanlıqları ilə birgə həbsxanaya çevrilməkdən ötrü Vətəndaş İdarəsinə təhvil verilib.
Arxiv sənədlərindən birinə nəzər salaq: “1888-ci il dekabrın 31-də Bakı Qubernatoru idarə heyətinin tikinti üzrə bölməsində Bakı 1-ci tacir gildiyasının qəyyumu (səlahiyyətli nümayəndəsi – red.) tacir Musael Danilov - Şagedanov, andlıların səlahiyyətli nümayəndəsi Nikolay Karlov Qauzen Bakı Qubernatoruna cari ilin 18 noyabrında dinlənilmiş məsələ ilə əlaqədar aşağıda dərc olunanları bildirir: Bayıl burnunda 38484 rubl dəyərində həbsxana tikintisi Bakı Quberniya İdarəsinin 29 noyabr 1886-cı ildə Musael Şagedanov tərəfindən icraata qəbul edilib. Bütün işlər heç bir şərtsiz 1888-ci il yanvarın 1-də başa çatdırılmalıdır”.
İşlərin yanvarın 1-dək başa çatdırılması tələbinin səbəbi var idi. Çünki əvvəllər Krasilnikovun evində icarəyə götürülmüş otaqların müqavilə vaxtı 1 yanvar 1888-ci ildə başa çatırdı. Həmin müqavilə dəqiqliklə, vaxtında icra olunub. Tutulanlar, həbsdə olanlar yeni inşa olunmuş həbsxanaya həmin ilin yanvar ayının 14-də keçiriliblər.
Bina həbsxana müdiriyyətinin tabeliyinə 19 fevral 1888-ci ildə qəbul edilib.
Elə o vaxtdan həbsxanada əsasən, ağır cinayətlərdə ittiham olunan, haqqında ölüm hökmü verilən məhbuslar saxlanılıb. Buradakı məhkumlara o qədər işgəncə verilirmiş ki, bəzən onları ölüm hökmünün icrasından əvvəl həyatla vidalaşırmışlar. Bu vəziyyət sovet dövründə də davam edib.
Azərbaycan müstəqilliyini qazandıqdan sonra həbsxanaya baxış keçirmək imkanı olan hüquq müdafiəçilərinin söylədiklərinə görə, sovet dönəmində və ondan əvvəl ölümə məhkum olanlar 5-ci korpusda saxlanılırmış. Həmin ərazi 6 metr hündürlüyü olan hasara alınıb, buranın qülləsi, xarici və daxili mühafizəsi olub. Adi dəmir giriş qapısından əlavə, korpusun kiçik həyətə açılan çıxışı olub. Buradan edam olunanların meyiti gizlicə xüsusi avtomobilə yüklənirmiş.
5-ci korpusda 9 tək və 6 ikinəfərlik kamera olub. Ölümə məhkum olanlara gəzintiyə icazə verilməyib.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətin sabiq rəisi Məmməd Zeynalov həbsxana ilə bağlı xatirələrində bunları deyib: “Sovet dövründə güllənmə hökmü Bayıl həbsxanasının zirzəmisində icra olunurdu. Hökmün icrasında Ali Məhkəmənin, prokurorluğun əməkdaşı, həkim və həbsxananın rəisi iştirak edirdi. Güllələnmə prosesi zamanı məhkumun əlləri arxadan bağlanırdı, qışqırmasın deyə, ağzına tıxac tıxayırdılar. Məhkumun qulağının dibindən iki güllə vurulurdu. Bundan sonra həkim məhkumun nəbzini yoxlayırdı, əgər ölməyibsə, daha bir güllə vurulurdu. Hökmün icrasından əvvəl və sonra məhkumların ailələrinə xəbər verilmirdi”.
Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadə 1920-ci ilin aprel işğalından sonra burada cəza çəkib. O dövrün məşhur inqilabçılarından İosif Stalin 39 saylı kamerada iki dəfə (mart 1908, mart 1920), SSRİ-nin keçmiş baş prokuroru A. Vışinski, onlarla tanınmış şəxs burada saxlanılıb.
"Fəryad" filmində İsmayılın həbsxanada olan səhnəsi Bayıl həbsxanasında çəkilib. Onun döyüldüyü, işgəncə verildiyi kamera İosif Stalinin cəza çəkdiyi kamera ilə üzbəüz olub.
Azərbaycanda barəsində çıxarılan ölüm hökmü icra olunan sonuncu şəxslər isə bunlardır: Məmmədov Akif Hidayət oğlu, Məmmədov İslam Aslan oğlu, Madiyev Nizami Madi oğlu, Şetinov Andrey Nikolayeviç, Fətullayev Elşad Rəşid oğlu, qardaşlar - İsmayılov Qardaşxan Feyruz oğlu, Kazımov Bəylər Feyruz oğlu, Boqdanov Roman Yeqoroviç və Salman Aslanoviç Fərmanov...
Xatırladaq ki, 1998-ci il fevralın 10-da Prezident Heydər Əliyevin müvafiq Fərmanı ilə Azərbaycanda ölüm hökmü ləğv olunub. Həmin vaxt 100-dən artıq ölümə məhkum edilmiş şəxsin cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənib.