Buzovnanın məhv olan tarixi – Filmdən bir cümlə çıxarmaqdansa…

“Youtube platformasında yayımlanan, ssenarisi Əli Ucala aid olan "Ayıq sürücü" filmi Buzovna sakinlərinin narazılığına səbəb olmuşdu.
Əlbəttə, ssenaridə bir az redaktələr ola bilərdi, lakin buna görə Buzvona sakinlərinin, xüsusilə ağsaqqalarının təhdidləri, səs-küyləri, aktyorlara olan təyziqlər və mediada ardıcıl təhqirlərin olmasına baxıb təəssüflənirəm”.
TNS xəbər verir ki, bunu dosent Zaur Əliyev bildirib.
Alim Buzovna ağsaqqalarına müraciət edib: “Bilirsiniz, kəndiniz ən qədim ərazilərdən biridir. Tarixin bütün dövrlərində kənd barədə məlumata rast gələ bilərik. Azərbaycanda Buzovna kimi qədim abidələrə, mədəni-irsi nümunələrə, tarixi yerlərə sahib kəndlər azdır. Bu abidələrin bəziləri qorunsa da, bəziləri dağılmaqdadır.
Həmin yerləri diqqətinizə çatdırıram:
- Bizim eradan əvvəl III əsrə aid edilən Hun qəbiristanlığı da baxımsızdır. Düzdür, burada eramızdan əvvəlki qəbirlər hələ sovet hakimiyyəti illərində dağıdılıb, amma başqa qədim məzarlar qalmaqdadır. Hun qəbiristanlığındakı məzarların üzərində müxtəlif yazılar – mərhumların şərəfinə yazılmış şeirlər, beytlər, naxışlar, svastika, Günəş, yaxud əbədiyyət simvolu, Süleyman peyğəmbərin altıbucaqlı möhürü olan ulduz, səkkizbucaqlı ulduz və digər simvollar, təsvirlər əks olunub.
- Təməli 1902-ci ildə qoyulmuş ikigünbəzli Cabayev hamamı. Şərq memarlığı üslubunda tikilmiş hamam hazırda zibilliyi xatırladır. Hamamı zibilliyə çevirməsinlər deyə, çıxarılan qapının yerini taxtalarla bağlayıblar. Təəssüf ki, bu da abidənin zibilliyə çevrilməsinin qarşısını ala bilməyib.
- Təhməzbəyov hamamı. İnşa tarixi XIX əsrə aid olan tarixi abidə baxımsız vəziyyətdədir. Hamam öz fəaliyyətini 1989-cu ilə qədər davam etdirib.
- Bakı şəhərinin rəmzi olan Buzovna qayaları dağılır. Ərazidə “Dövlət Təbiət Abidəsi” olmasına dair məlumat lövhəsi və davranış qaydalarına dair nişanlar yerləşdirilsə də, qayalar öz tarixi görkəmini itirimək üzrədir.
- 19-cu əsrin sonlarında tikilən daha bir hamam isə Məşədi Qərib hamamı olub. Hamamı sahibkar və xeyriyyəçi Qərib Heybət oğlu tikdiribmiş. Buzovnalıların istifadəsi üçün tikdirilmiş ev hamamı imiş. O da məhv olub.
Hələ digər hamamlar, qədim məhəllələr, türk məbədi, alban kilsəsi, bulaq və sairə barədə yazmıram.
Əziz Buzovna ağsaqqaları, sizcə bir cümlə təhlükəlidir, yoxsa tarixin, babalarımızın bizə miras qoyduğu abidələrin, tikililərin və mədəniyyət yerlərinin dağılması?
Bütün kənd olaraq birləşib, filmdən bir cümlə çıxarmaq daha önəmlidir, yoxsa Buzovna kimi tarixi bir kəndin babalarından qalan yadigarını qorumaq?”