“Fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa gedənlər..."

"Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım. O kəsləri deyib gəlmişəm ki, söhbətimi xoşlamayıb, bəzi bəhanələr ilə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə. Çünki hükəmalar buyurublar: sözünü o kəslərə de ki, sənə qulaq vermirlər.
Ey mənim müsəlman qardaşlarım. Zəmanə ki, məndən bir gülməli söz eşidib, ağzınızı göyə açıb gözlərinizi yumub o qədər xa-xa edib güldünüz ki, az qala bağırsaqlarınız yırtılsın və dəsmal əvəzinə ətəkləriniz ilə üz-gözünüzü silib "lənət şeytana" dediniz, o vaxt elə güman etməyin ki, Molla Nəsrəddinə gülürsünüz. Ey mənim müsəlman qardaşlarım! Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqət ilə baxın camalınıza..."
Bu, tam 119 il əvvəl - 1906-cı il aprel ayının 7-də (yeni təqvimlə 20-də) 1-ci sayı işıq üzü görən "Molla Nəsrəddin"in oxucularına müraciətindəndir.
Göründüyü kimi, aradan bir əsrdən çox vaxt keçsə də, “Molla Nəsrəddin”in personajları qarşımıza tez-tez çıxır.
TNS xatırladır ki, Azərbaycanın ilk şəkilli jurnalı 1906–1917-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922–1931-ci illərdə Bakıda çap olunan nəşrin yaradıcıları Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə və maarifpərvər tacir Məşədi Ələsgər Bağırzadə olub. 25 il ərzində 748 nömrəsi çapdan çıxıb.
Jurnal dövrün ən müasir inqilabi məsələləri ilə yanaşı, Azərbaycan xalqının min illərdən bəri davam edib gələn dərdlərini də sərgiləyirdi. Bu dərdlər içərisində dini fanatizm ən dəhşətlisi idi.
Nəşrdə Mirzə Ələkbər Sabirin gizli imza ilə 40-dan çox şeiri çap olunmuşdu. Bu şeirlərin hamısı cəmiyyətdəki eybəcərlikləri ortaya çıxarırdı. Bu eybəcərlikləri yaradanlar çirkin əməllərindən əl çəkmək əvəvzinə jurnala hücum edir, nəşrin yazarlarını, rəssamlarını “kafir” adlandıraraq, camaatı onlara qarşı qızışdırırdı. Cahil insanlar isə bu təhlükəninin mənbəyini seçə bilmədikləri üçün fitnəyə uyur, zorakılığa əl atırdılar. Beləcə, toplum onun gözünü açmağa çalışan yox, qaranlığa sürükləyən tərəfin əsiri olurdu.