Bağanıs Ayrım faciəsi- İşğal siyasətinin ilk qurbanı

Ermənilərin Azərbaycan ərazisində Qarabağ müharibəsinə başlayarkən törətdiyi ilk faciə Bağanıs Ayrım kəndində baş verib.
TNS xatırladır ki, Qazax rayonunun Bağanıs Ayrım kəndi 1990-cı il martın 23-dən 24-nə keçən gecə erməni silahlı quldurları tərəfindən işğal edilib. Təpədən dırnağadək silahlanmış düşmən gecə ikən kəndə hücuma keçib, evləri qarət etdikdən sonra od vurub, günahsız insanları qətlə yetirib, kənd sakinlərini diri-diri ocaqda yandırıb.
Ermənilərin işğalı nəticəsində 5 nəfərdən ibarət bir ailə - Əsliyev Dadaş, həyat yoldaşı Pakizə, qızları Havaxanım, Aliyə, nəvəsi Hafiz və daha bir nəfər kənd sakini Alməmməd Məhərrəmov, 6 nəfər kənd sakini yandırılıb, kəndi qoruyan milis işçisi Məcid Əhmədov qətlə yetirilib. Bundan başqa, daha 1 milis işçisi və 1 nəfər kənd sakini isə yaralanıb.
Yandırılan kənd sakinlərindən böyüyü 75 yaşlı qoca kişi, kiçiyi isə 39 günlük körpə uşaq olub. Bu faciə zamanı 17 ev yandırılıb, 11 ev qarət edilib, əhali öz doğma yurd-yuvalarından didərgin düşərək rayonun müxtəlif yerlərinə səpələnib.
Bununla da Bağanıs Ayrım işğal olunmuş və yandırılmış ilk kənd kimi Azərbaycan tarixinə düşüb.
Bağanıs Ayrım kəndində qətliam törədən erməni silahlı qüvvələri cəzasız qaldıqları üçün bu hadisədən 2 il sonra, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda bu faciəni daha geniş şəkildə təkrar edərək Azərbaycan xalqına qarşı soyqırımı törədiblər.
Vətən Müharibəsində qazandığımız böyük qələbə sayəsində Ermənistan tərəfindən işğal olunmuş Qazax rayonunun dörd kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının da Azərbaycana qaytarılması təmin edilib. Həmin kəndlərin əraziləri 2024-cü ilin mayın 24-də Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.