İndi nə Kamil var, nə Cəmil kişi, nə də milis rəisi... - Bir şəklin tarixçəsi

"1992-ci ilin fevral ayında baş vermiş soyqırımı zamanı girov götürülmüş, qeyri-insani rəftara, işgəncələrə məruz qalmış insanlardan biri də Cəmil kişi idi. Əmin-amanlıq illərində bənna işləyirdi. Qara çaylaq daşlarından inşa etdiyi divarlar sanki bir rəsm əsəri idi".
Bunu TNS-ə Xocalı sakini, həmin vaxt xidmətdə olan polis polkovniki Akif Mirsiyab oğlu Hüseynov "bir şəklin tarixçəsi"ni danışarkən deyib.
Onun 33 il əvvəl çəkilən foto haqqında dediklərini təqdim edirik:
"1992-ci ilin fevral ayında baş vermiş soyqırımı zamanı girov götürülmüş, qeyri-insani rəftara, işgəncələrə məruz qalmış insanlardan biri də Cəmil kişi idi. Əmin-amanlıq illərində bənna işləyirdi. Qara çaylaq daşlarından inşa etdiyi divarlar sanki bir rəsm əsəri idi.
Qarabağ hadisələri zamanı nümayişdən çıxanaltı-yeddi min erməni daşnak - azğınlaşmış kütlə Xankəndi şəhərindən Xocalı kəndinə hücum edir. Qarşılarında olan ilk yaşayış məntəqəsi isə Cəmil kişinin yaşadığı Dərələyəz kəndi idi. Vahimə yaratmaq üçün evlərə, ot tayalarına od vuran daşnaklar kəndə soxulurlar. Ancaq bilmirlər ki, gələcəkləri olduğu kimi, görəcəkləri də varmış. Kəndin küçələrində əlbəyaxa dava başlayır. Yaralananlar, ölənlər...
Sonda ermənilər biabırcasına məğlub olaraq, geri çəkilməyə məcbur olurlar. Əsgərandan və Xankəndidən yanan evləri, ot tayalarını söndürməyə çağırılan yanğınsöndürənlər köməyə gəlməkdən imtina edirlər. Hətta "Hippokrat" andı içən həkimlər belə davada ağır xəsarət almış xocalılara yardım göstərmirlər. Həmin vaxt Xocalıda təmir gedən evimdə işlətmək üçün Nəmirli kəndindən olan Natiq adlı sürücünün Mingəçevir qumu yüklənmiş "KamAZ"ında idim, şlaqbaumu bağlanmış Əsgəran postunda gözləyirdim. Bir azdan Ağdamın yanğınsöndürən maşınları da posta yaxınlaşdı. Sovet əsgərləri onları da Xocalıya buraxmadılar.
Faiq Baxşəliyev o vaxtlar hələ hüquq-mühafizə orqanlarında işləmirdi. O, yanğın söndürən komandasının əməkdaşı idi. Ondan Xocalıda baş verənləri öyrəndim. Qərara aldıq ki, maşınla şlaqbaumu vurub aşıraraq, Xocalıya keçək. Maşınları işə salan kimi 20 nəfərə yaxın sovet hərbçisi yolu kəsdi. Avtomatlardan göyə atəş açaraq, bizi postdan kənarlaşdırdılar. Neçə minlik azğınlaşmış kütlə bir kəndə hücum edir, vəzifəsi münaqişə bölgəsində asayişi qorumaq olan sovet ordu hissələri Xocalını mühafizə etmir, ancaq Ağdam istiqamətindən gələcək köməyin qarşısını kəsməyə hər an hazır vəziyyətdə gözləyirdilər. Gecə birtəhər Xocalıya keçə bildim. Ertəsi gün Ağdama qayıtmaq üçün magistral yolun kənarında yerləşən Dərələyəz kəndinə gəldim. Hadisə yerinin yaxınlığında general-mayor Kamil Məmmədovun həmkəndlilərimlə söhbət etməsini görüb, ora yaxınlaşdım. Görüşəndən sonra nazir müavini mənə dedi ki, vertolyotla Ağdama qayıdıram. "Mənim gəldiyim maşını götür, yaralıları hərbi konvoyun müşayiəti ilə yola düşəcək avtobusda Ağdam xəstəxanasına gətir". Xıdırlıdan olan Yusifin idarə etdiyi Ağdam milisinə məxsus 42-41 AQA dövlət nömrə nişanlı "UAZ" avtomobilinə əyləşib xəstələrin yaşadığı ünvana yollandım.
Həmin maşını bir qədər sonra erməni separatçıları günün günorta çağında sovet ordusu əsgərlərinin gözü qarşısında Xankəndidə basqın edərək ələ keçirəcək, sürücü Şahin güclə qaçıb, canını qurtara biləcəkdi.
Kəndimizin həkimi Eldəniz Allahverdiyev mənə dedi ki, xəstələrə ilk tibbi yardım göstərilib, yola çıxa bilərlər. Ancaq onlardan biri ağır vəziyyətdədir, tərpətsək, daxili qanaxmadan ölə bilər. Axşam tərəfinə bir neçə avtobusdan ibarət maşın karvanı hazır oldu. Hərbi konvoy gecikdiyi üçün artıq hava qaralırdı. Qarşıda BTR, hərbçilərin əyləşdiyi Ural maşını, sonra bizim "UAZ", arxada"PAZ" markalı, ətraf yaşayış məntəqələrindən ermənilərin yurd-yuvasından didərgin saldığı insanlar və bizim yaralıların olduğu avtobuslar,...
Bir ədəd yenə də hərbi "Ural" avtomaşını və BTR-lə qaranlıq düşəndə yola düzəldik. Əsgəran qalasını keçdik. Küçələr bomboş idi. Əsl sürpriz bizi profilaktoriya deyilən yerdə gözləyirmiş. Hündür barrikada qurularaq magistral yol kəsilmiş, yolun hər iki tərəfini ulaşan daşnak sürüsü tutmuşdu. BTR tam sürətlə özünü barrikadaya vursa da, maneəni aşa bilmədi. Hər tərəfdən daş, dəmir parçaları üstümüzə yağırdı. Əsgəran hərbi komendantlığının beş addımlığında baş verən bu həngamədən sanki xəbərləri yox idi. "Ural"dan tökülüşən əsgərlər bir əlləri ilə şiti (qalxan) başlarına tutur, bir əlləri ilə də barrikadanı sökməyə çalışırdılar. Bir təhər maneəni yararaq Ağdama çatdıq. Xəstələri Ağdam rayon Mərkəzi xəstəxanasında yerləşdirib şöbəyə gəldim. Rəisin kabinetində əyləşən nazir müavininə vəziyyəti məruzə etdim. K. Məmmədov qəzəblə üstümə çığırdı:
- Bir saata axırıncı yaralını gətirməsən, paqonunu sökəcəyəm.
Həyətə düşdüm, maşının yanında gözləyən Yusifə vəziyyəti dedim. Yusif maşına minib, Xocalıya sürmək əvəzinə şöbəyə daxil oldu. Onunla ikinci mərtəbəyə qalxsam da, kabinetə daxil keçmədim Yusif qəbul otağının qapısını açıq qoyduğu üçün əvvəlcə açar cingiltisi, ardınca onun səsini eşitdim:
- Əsgəranda baş verənlərdən xəbərin var? Özün vertolyota minib aradan çıxdın, ikinci dəfə məni ölümə göndərirsən. Mənə nə işiniz, nə də maşınınız lazımdır!
Bundan sonra həyətdə saxladığı şəxsi "Jiquli"sinə minərək çıxıb getdi. Xeyli gözlədim. Yeni bir tapşırıq olmadığı üçün fürsətdən istifadə edərək Xocalıdan çıxarıb gətirdiyim, maşında gözləyən anamı və azyaşlı uşaqlarımı da götürüb, o vaxtlar işlədiyim və yaşadığım Güllücə sovetliyinin Sums kəndinə üz tutdum. Vəziyyət bir qədər sabitləşəndən sonra yenidən Xocalıya evimizə qaytardım.
SSRİ DİN-nin əməliyyat və istintaq qrupu bu hadisəyə görə, Xocalıdan bir qrup gənci həbs edərək Rusiyanın ucqar şəhərlərində yerləşən təcridxanalara göndərdi. Bunlardan biri isə şəkildə gördüyünüz, əsirlikdən azad edilmiş atası Cəmil kişini jurnalist Şamil Sabiroğlu ilə qucağında gətirən, uşaqlıq dostum Kamil idi.
Bir neçə aydan sonra Cəmil kişi həmkəndlilərimizin maddi dəstəyi ilə Kamilin həbsdə olduğu şəhərə yollanır. Uzun danışıqlardan sonra rusiyalı hakim ona söz verir ki, həmsərhəd rayonların birində gəlib məhkəmə iclası keçirəcək və oğlunu azad edəcək.
Günlərin birində şöbənin qarşısında səs-küy eşidib həyətə çıxdım. Hər zaman gülərüz, sakit təbiətli Cəmil kişini tanımaq olmurdu:
- Ay vicdansız, mənim oğlum kəndini, evini qoruduğuna görə həbs olunub, həbsdə çürüyür. Rus gəlir ki, Ağdamda məhkəmə keçirib onu azad eləsin, buna niyə imkan vermirsən?
Cəmil kişini bir təhər sakitləşdirib, milis rəisinin maşınından kənarlaşdırdım. Ondan nə baş verdiyini soruşanda qəhər və qəzəblə danışdı:
- Məhkəmə ilə telefonla danışdım, söz verdi ki, kənddən şahidləri də gətir, bu gün üçün gəlib Ağdam məhkəməsində işə baxacaq. Gəlmişəm, nə Kamil var, nə də məhkəmə. Zəng etdim, hakim dedi ki, Ağdamın milis rəisi ilə danışdım, o dedi ki, Ağdamda vəziyyət çox gərgindir, ona görə də burada belə bir məhkəmə iclasının keçirilməsinə icazə verə bilməz. Ağdamda xalq ayağa qalxacaq, iğtişaş yaranacaq. Bu səbəbdən məhkəmə baxışını təxirə salmağa məcbur oldum.
Bu gün Kamil də, Cəmil kişi də, milis rəisi də haqq dünyasına qovuşublar".
Azadə Yolçu