Meyitin altında gizləndi, 14 yaşında girov götürüldü, günlərlə ac-susuz, ayaqyalın saxlanıldı...

Tam 33 il əvvəl olduğu kimi, Xocalıya bu gün qar yağır. Hər tərəf ağ örpəyə bürünüb.
Amma bu gün xocalılar 33 il əvvəlkindən fərqli olaraq, qarı sevinclə, xoş əhval-ruhiyyə ilə qarşılayırlar. 1992-ci il fevralın 25-dən 26-a keçən gecədə olduğu kimi, heç bir təhlükə, qorxu hiss etmədən...
Bu gün 33 illik həsrətdən sonra Xocalıdakı ata-baba yurduna qayıdanlardan biri də ermənilərin 14 yaşında girov götürdüyü, olmazın işgəncələr verdiyi Ramin Əzizovdur.
Ramin Əzizov TNS-in yerli müxbiri ilə söhbətində 33 il əvvəli – o məşum fevral gecəsini belə xatırlayıb:
“Birdən ermənilərin Xocalıya hücumu başladı. Hər tərəfdən atəş səsi gəlirdi. Evlərə od vurub yandırırdılar. Yanan evlərindən çıxıb, canlarını qurtarmaq üçün qaçmaq istəyən köməksiz insanları güllələyirdilər. 14 yaşım vardı. Atam İbrahim Əziziovla, qardaşım Elmin postda idi. Onlar evdə olmadığı üçün ermənilərin şəhərə girməsi xəbərini bizə atamın ən yaxın dostu çatdırdı. Biz də digərləri kimi canımızı qurtarmaq istədik. Amma Xocalı mühasirədə idi. Hər tərəfdən ağır silahlarla camaatı atəşə tuturdular. Uşaq, qadın, yaşlı fərqi qoymurdular”.
Ramin Əzizov ailə üzvləri ilə birlikdə düşmənin atəşindən yayına bilmək üçün gizlənməyə çalışıb. Amma orada anasından, qardaşlarından, bacısından ayrı düşüb: “Şiddətli döyüş gedirdi. Ailəmdən uzaq düşdüm. Anamın orda vurulduğunu, şəhid olduğunu görmədim. Ailə üzvlərimin harada olduğunu tapa bilmmirdim. Onları axtara-axtara bir dəstəyə qoşuldum. Təxminən 150 nəfər olardı. Təxminən 150 nəfər də bizdən təxminən 100 metr aralıda idi. İki qrupu da atəşə tutdular. Bu qədər insandan cəmi 13-14 nəfər qaldı. Getdiyimiz yollar meyitlə dolu idi. Qadınları, körpələri qətlə yetirmişdilər. Qaranlıqda kim olduqlarını seçə bilmirdim. Bacardığımız qədər, var gücümüzlə qaçırdıq. “Beşmərtəbə” deyilən yerə çatdıq. Orda xeyli adam yığışmışdı. Biz də qoşulduq onlara. Yaşlılar gedə bilmirdilər. Böyük bir dağı aşmalıydıq, Ağdama keçməliydik”.
Onlar Ağdama getmək ümidi ilə yollarına davam etsə də, çox pis “sürpriz”lə qarşılaşırlar. Ramin Əzizov o gecə ermənilərin əlinə keçir: “Qarqar çayı keçəndə ayaqqablarım çıxdı, ayaqyalın qaldım. Bir oğlan vardı, Valeh, təzə evlənmişdi. Onun ailəsi məndən qabaqda qarın üstündə uzanmışdı. Başını qaldırıb, yoldaşına söz deyəndə alnından vurdular. Ondan sonra heç kim tərpənmədi. Bir ata vardı, qucağında üç yaşlı qızı ilə qaçmağa çalışırdı. Kişini vurub, öldürdülər. Elxan Həmidov adlı bir sakin uşağı götürüb, qaçmaq istəyəndə körpəni də başından vurdular. Orada keçindi. Mən atəşdən qorunmaq üçün həmin azyaşlının atasının meyitinin altında gizləndim.
Ordumuza çatmağımıza az qalmış, bizi girov götürdülər. Hamımızı xəndəyə yığdılar, qadınların qızılların soydular, bizi də möhkəm döydülər. Girovluqda ömrümün sonuna qədər unuda bilməyəcəyim işgəncələr gördüm. Günlərlə ac-susuz qaldıq, ayaqqabımı çay aparmışdı deyə, ayaqyalın idim. O vəziyyətdə günlərlə bizə işgəncə verdilər. Aramızdakı qadınları seçib aparırdılar. Amma hara apardıqlarını bilmirdik...”
Günlərlə dözülməz işgəncələrə məruz qalan Ramin Əzizov bir müddət sonra girovluqdan azad edilib. Ondan sonra illərlə torpaq həsrəti, doğmalarının itkisinin ağrı-acısı ilə yaşayıb.
Hazırda 47 yaşında olan Ramiz Əzizovun yurd həsrəti artıq bitib. Xocalıya qayıdan sakinlərin arasında o və ailəsi də var.
“Şükür bu günümüzə! Ali Baş Komandanımız və Ordumuzun sayəsində doğma yurdumuza qayıtmışıq. Şəhidlərimizin qanı yerdə qalmadı. Mənim oğlum da Vətən müharibəsində iştirak etdi, 5 medal aldı. Bundan sonra bizi Xocalıda gözəl günlər gözləyir...”
Ziya Əmirxanlı