Nəşi ilə düşməni qorxudan Mübariz...
![](/upload/files/up3/Xeberler/2025/2/7/6710cefae4a3f6710cefae4a4017291548106710cefae4a3d6710cefae4a3e.jpg)
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.
TNS xatırladır ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.
O, 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orta təhsilini başa vurub.
2005-ci ildə həqiqi hərbi xidmətə çağırılan M.İbrahimov hərbi xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçib. M.İbrahimov həqiqi hərbi xidmətini 2007-ci ildə başa vurub.
O, 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə təyinatı cəbhə bölgəsindəki hərbi hissələrdən birinə edilib.
M.İbrahimov 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 təkbaşına Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz həmlə ilə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək bir neçə saat onlarla təkbətək döyüşüb, düşməni ağır itkilərə məruz qoyub. M.İbrahimov səhər saatlarında döyüşdə qəhrəmancasına şəhid olub.
2010-cu ildə Mübariz İbrahimovun valideynlərinə yazdığı son məktubunun əlyazması:
“Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim... Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”
Azərbaycan Prezidentinin sərəncamı ilə Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adı (ölümündən sonra) verilib.
Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov 2024-cü il, 16 oktyabrda infarktdan vəfat edib. Anasının haqqında bir neçə il əvvəl ölüm xəbəri yayılsa da, sağ olduğu bildirilib.