Close

Ermənilərin məhv etdiyi mədəni irs nümunələri sənədləşdirilib

Füsunkar təbiəti, saf havası, müalicəvi suları, tarixi abidələri ilə dillərdə dastan olan Qarabağ quruculuq, abadlıq işlərinin mərkəzinə çevrilib.

Hazırda Qarabağın mədəni irsinin bərpası və yeni turizm marşrutları ilə bağlı hansı işlər görülür?

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli TNS-ə bildirib ki, indiyədək 550 abidənin, eləcə də 402 tarixi, memarlıq və arxeoloji əhəmiyyət kəsb edən obyektin inventarlaşması həyata keçirilib. 

Qurum rəsmisi bildirib ki, inventarlaşma işləri 12 rayonda (Ağdam, Füzuli, Xocalı, Xocavənd, Tərtər, Cəbrayıl, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Şuşa, Xankəndi) yerləşən abidələri əhatə edib: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarına əsasən işğaldan azad olunmuş ərazilərdə 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanına uyğun olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən tarix və mədəniyyət abidələrinin inventarlaşması və mühafizəsi məqsədilə aparılan işlər davam etdirilir. İnventarlaşma işlərinin həyata keçirilməsində əsas məqsəd işğala məruz qalmış abidələrin hazırkı vəziyyəti ilə bağlı daha dərin təhlillərin aparılması, bərpa-konservasiya işlərinin prioritetləşdirilməsi, vandalizm faktlarının beynəlxalq səviyyədə tanıdılması, işğalın nəticələrinin sənədləşdirilməsi və arxivləşdirilməsindən ibarətdir. Hazırkı dövrədək 550 abidənin, eləcə də 402 tarix, memarlıq və arxeoloji əhəmiyyət kəsb edən obyektin inventarlaşması həyata keçirilib. İnventarlaşma işləri 12 rayonda (Ağdam, Füzuli, Xocalı, Xocavənd, Tərtər, Cəbrayıl, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Şuşa, Xankəndi) yerləşən abidələri əhatə edib.İnventarlaşma işləri zamanı sahə tədqiqatı işləri görülüb, abidələrin hər rayon üzrə xüsusi elektron xəritələri hazırlanıb, keyfiyyətli fotofiksasiya və dron çəkilişləri aparılıb, arxiv sənədləri araşdırılıb, eyni zamanda digər mənbələr nəzərdən keçirilib".

F. Hüseynli qeyd edib ki, azad olunmuş ərazilərdə mədəni irs nümunələrinin Ermənistan tərəfindən dağıdıldığı faktlar əsasında sənədləşdirilib: "Görülən işlər nəticəsində işğaldan azad olunmuş ərazilərdə yerləşən mədəni irs nümunələrinin, mədəni irs obyektlərinin əksəriyyətinin Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən dağıdıldığı faktlar əsasında sənədləşdirilib. Aparılan araşdırmalar nəticəsində abidələrin qəsdən dağıdıldığı, yandırıldığı, mənimsənildiyi, vandalizm aktlarına məruz qaldığı, qəbiristanlıq, məscid, türbə kimi dini-mənəvi baxımdan mühüm dəyər kəsb edən yerlərdə təhqiramiz hərəkətlərə yol verildiyi, Azərbaycan tarixini, mədəniyyətini və etnik kimliyini inkar və təhrif etmək üçün bir sıra abidələrin orijinal memarlıq xüsusiyyətlərinin qəsdən və məqsədyönlü şəkildə dəyişdirildiyi, müdaxilələr edildiyi, özününküləşdirildiyi, o cümlədən hərbi məqsədlər üçün istifadə edildiyi aşkarlanıb. Xüsusilə, dini ibadət yerləri vandalizmə məruz qalıb, təhqir olunub, divarlara erməni dilində söz və ifadələr yazılıb, kitabələrə və memarlıq elementlərinə, eləcə də islam dini müqəddəslərinin adları yazılan medalyonlara qəsdən hədəf seçilərək atəş açılıb. Bəzi abidələr hərbi hədəf, bəziləri isə döyüş mövqeləri kimi istifadə olunub, bəzi abidələrin ətrafına və daxilinə piyada əleyhinə minalar döşənib.

Qeyd olunan faktlar ISESCO-nun beynəlxalq ekspertlərdən ibarət birinci texniki missiyasının hesabatında da öz əksini tapıb”.

O, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşən ərazilərdə 79 abidənin pasportlaşdırıldığını deyib: "Baxış keçirilməyən abidələrin əksəriyyəti isə təhlükəsizlik baxımından riskli, yaşayış məntəqələrindən kənar, yüksək dağlıq və meşəlik ərazilərdə yerləşir. Hazırda həmin ərazilərdə yerləşən abidələrin də inventarlaşması üzrə işlər davam etdirilir. Eyni zamanda, Ağdamda yerləşən İmarət Kompleksinin bərpa-konservasiyası üzrə işlər tamamlanıb və açılışı həyata keçirilib. İşğaldan azad edilmiş ərazilərdəki abidələrin təmir-bərpası üçün əlavə maliyyə mənbələrinin tapılması məqsədilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə danışıqlar aparılmış və Füzuli rayonunun Qoçəhmədli kəndində yerləşən Məscidin bərpası ilə bağlı ilkin razılaşma əldə olunub. Eləcə də cari dövrə qədər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşən ərazilərdə 79 abidənin pasportlaşdırılması və 49 abidənin mühafizə zonasının müəyyənləşdirilməsi işləri tamamlanıb. 2024-cü ilin planına əsasən qeyd olunan istiqamətlər üzrə işlər davam etdirilir. Həmçinin, Azıx və Tağlar mağara düşərgələri UNESCO-nun İlkin İrs Siyahısına daxil edilib".

Ayşən Azadova