Close

09:50
18 Oktyabr 2024
09:00
18 Oktyabr 2024
07:35
18 Oktyabr 2024

Tariximizdə faciələrə yol açan müqavilənin imzalanmasından 196 il ötür

Bu gün tarixi Azərbaycan torpaqlarının parçalandığı vaxtdan 196 il ötür. Düşmənlərimizin sevindiyi, Arazın həsrət çayına çevrildiyi bu gündən sonra Azərbaycan torpaqlarının, xalqının ağılasığmaz faciələrinin təməli qoyuldu. Bu proseslər necə baş verdi?

TNS xatırladır ki, XVlll əsrin sonunda İranda Azərbaycan-türk sülaləsi olan Qacarlar (1796-1925) hakimiyyətə gəldilər. Bundan sonra onlar Səfəvilərin hakimiyyəti altında olmuş bütün əraziləri, o cümlədən Azərbaycan xanlıqlarını, sultanlıqlarını yenidən mərkəzi hakimiyyətə tabe etdirmək siyasəti yeritməyə başladılar. Qacarlarla həmin dövrdə Cənubi Qafqazı, o cümlədən Azərbaycanı işğal etməyə çalışan Rusiya imperatorluğu arasında müharibələr oldu. Nəticədə 1828-ci il fevralın 10-da Türkmənçay kəndi yaxınlığında müqavilə imzalandı.

Tarixi arayış: 1828-ci il fevralın 9-da Təbriz yolunun üç verstliyində yerləşən kiçik Türkmənçay kəndində ikinci sülh sazişinin sonuncu iclası keçirildi. Fevral ayının 10-da “İsanın anadan olmasının 1828-ci ilində” gecə münəccimin təyin etdiyi vaxtda, saat 12:00-da barışıq paktı imzalandı. Müqaviləni Rusiya tərəfindən İvan Paskeviç, İran tərəfindən isə Mirzə Əbdül Həsən xan imzaladılar. Elə həmin an müqavilənin bağlanması münasibətilə rus toplarından 101 yaylım atəşi açıldı.

Türkmənçay müqaviləsi ilə müstəqil Azərbaycan dövlətlərinin – xanlıqların və sultanlıqların varlığına son qoyuldu. Ölkə iki imperatorluq arasında bölüşdürüldü: Azərbaycanın şimalı (Şimali Azərbaycan) Rusiyaya, cənubu (Cənubi Azərbaycan) isə Azərbaycan-türk əsilli Qacarlar sülaləsinin idarə etdiyi İran şahlığına qatıldı. Şərqə doğru daha da irəliləmək istəyən Rusiya Cənubi Qafqazda yaşayan xristian əhalisinə arxalanır, müsəlman əhalinin zorla xristianlaşdırılması və kütləvi surətdə Rusiyadan xristian əhalinin Qafqaza köçürülməsi siyasətini həyata keçirirdi. Xristian əhali adı ilə işğal olunmuş Qarabağın dağlıq bölgələrinə, həmçinin keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə qonşu ölkələrdən kütləvi surətdə ermənilər köçürüldü. Qərbi Azərbaycanda, keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “Erməni vilayəti” yaradıldı. Bununla, Azərbaycan ərazisində gələcək erməni dövlətinin əsası qoyuldu. Beləcə, ermənilərin azərbaycanlılara qarşı yeni ərazi iddiaları üçün şərait yardılmış oldu.

İranın şahlıq rejimi də Azərbaycanın cənub torpaqlarında mahiyyətcə bənzər siyasət həyata keçirirdi.

Beləliklə, Türkmənçay müqaviləsi ilə vahid Azərbaycan dövləti iki imperiya arasında parçalandı və gələcək fəlakətlərin əsası qoyulmuş oldu.

Qeyd edək ki, Azərbaycanın taleyini həll edən bu müqavilənin əsas müddəaları Peterburqda hazırlanmışdı. Onun hazırlanmasında Qafqaz ordularının komandanı olmuş Yermolov və Paskeviçin yazışmaları, hesabatları və sənədləri mühüm rol oynayıb. 1826-cı ildə ilk müddəalar yazılıb, daha sonra Cəlaloğlu düşərgəsində 24 may 1827-ci ildə Qriboyedov və Obresk tərəfindən əlavələr edilib. Azərbaycanın tarixində faciələrə yol açan bu müqavilənin xəbərini hökmdara çatdıran İvan Paskeviç qraf elan edildi. Türkmənçay sazişinin digər iştirakçısı, “Ağıldan bəla” komediyasının müəllifi A.Qriboyedova 4000 çervon ənam, A.Obrezkovun nişanlısına isə üç yüz minlik cehiz hədiyyə edildi.

Aygün