Close

08:40
22 Dekabr 2024
08:32
22 Dekabr 2024

Qarabağdakı bu çinarın bir budağını belə qoparsan, 7 gün çəkməz ölərsən

“Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi inzibati ərazi dairəsində Şıx Dursun adlı balaca bir kənd var. XIX əsrin 20-ci illərində İrandan köçüb gəlmiş erməni ailələri burada məskunlaşdıqdan sonra kəndi Sıxtoraşen (ermənicə sarımsaqlı kənd) adlandırmışdılar. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Sıxtoraşen kəndi Şıx Dursun kəndi adlandırılıb. Kənd Şeyx Dursun adlı şəxsin adını daşıyır. 19 sentyabr 2023-cü ildə kənd erməni işğalından azad edilib. Balaca kənddə qədim Çinar ağacı var. Boşluq sahəsi 44 kv.m, ağac boşluğunun perimetri 27, hündürlüyü 54 metrdir. Nəhəng ağacın kölgəsi 1400 kv.m-dir. Ağacın yarpaqlarının böyüklüyü 0,5 metrə çatır. Ölçüsü Egey dənizindəki Kos adasındakı məşhur ağacları və Aşqabad yaxınlığındakı Piruz dərəsinin ağaclarını üstələyir”.

2_1

TNS xəbər verir ki, bunu dosent Zaur Aliyev bildirib.

Alim qeyd edib ki, bu heyrətamiz ağacın bir neçə qapısı var.

“Ata minən şəxs mərkəzi girişdən rahatlıqla oraya daxil ola bilər. Eyni anda ağacın içərisinə çoxlu insan sığar. Ermənilər işğal dövründə bu ağacın kökündən aparıb Ermənistanın 15 ərazisində əksələr də, qısa zamanda quruyub. Bu ağac yalnız Qarabağda, Şıx Dursun kəndində həmişə yaşıl qalıb.

Dünyanın ən yaşlı ağaclarından biri sayılan ağac kənddəki "Çinar müqəddəs yer" abidə kompleksi ərazisindədir. Ağacın yaxınlığında onu su ilə təmin edən Tenqri bulağı yerləşir. Mütəxəssislərin dediyinə görə, nəhəng ağac hər gün 4,5 ton su udur. Əsrlər boyu bulaq yerli sakinlərin və yoldan keçənlərin susuzluğunu yatırmış, çinarın ətrafındakı tut bağını, ərazidəki bütün ağacları suvarmışdır”, - o bildirib.

Zaur Əliyev qeyd edib ki, iqlim dəyişikliyi səbəbindən illər ərzində bir çox ağac növünün nəsli kəsilib, lakin çox sayda ağac növü sağlam qalıb, bu gün də böyüyür: “Bir ağacın yaşını dəqiq öyrənmək çətindir, çünki bunun üçün bir çox fərqli amil var. Lakin bəziləri 2 min, bəziləri 2500 yaşı olduğunu deyirlər. Bəzi qaynaqlarda 2800 yaşı olması da yazılır. Hazırda keçmiş sovetlər ölkəsinin ən qədim ağacı sayılır.

Azərbaycan xalq folklorunda qeyd edilir ki, bu ağacın bir budağını belə qoparıb odun kimi istifadə eləsən, 7 gün çəkməz ölərsən.

Ermənilər sosial mediada və mətbuatda illərdir iddia edirlər ki, guya bu ağacı uydurma “böyük” Ermənistanın qurucusu Tiqran əkib. Bəzi ermənilər isə bunun V əsrdə Mesrop Maştots, Movses Xorenatsi, bəziləri də 7-ci əsrdə Movses Kalankatutsi tərəfindən əkildiyini iddia edirlər. Ermənilər arasında bu barədə ortaq fikir yoxdur, çünki saxta tarixçilər ağıllarına gələni yazırlar”.

3

Zaur Əliyev mövzunu araşadırarkən maraqlı məlumata rast gəldiyini bildirib.

“Azərbaycanlı Zərdüştün Aralıq dənizi yaxınlğında olan qədim Sarv-e Abarkuh adlı ağac əkdiyi barədə bir çox tarixçi yazır, həmin ağacın təxminən 4500 yaşı olduğu güman edilir. Ağac bütün dünyada diqqəti cəlb edib.

Zərdüştün Suraxanı rayon ərazisində yerləşən ən qədim ibadətgahlardan olan Atəşgahda 4 sərv ağacı əkdiyi də qaynaqlarda yazılır. Ərəblər Azərbaycanı işğal edəndə bu dörd ağacı çıxarıb özləri ilə Bağdada aparıblar.

Zərdüşt ağac əkilməsinə önəm verirdi. Onun görüşlərində ağac və onların çiçəyi uğur, xoşbəxtlik, səadət hesab edilirdi. Buna görə ağacın Zərdüşt tərəfindən əkilməsinə əmin olmaq olar. Çünki təbiət hadisələri və iqlimlə bağlı minlərlə ağac yox olub, Zərdüştün əkdiyi Sarv-e Abarkuh və Şıx Dursunda olan Çinar ağacı tarixin bütün sınaqlarından çxıb, bu dövrə salamat gəlib. Zərdüşt dövründən isə düz XVII əsrə qədər ermənilər bu coğrafiyada yaşamayıblar və bunu sübut edəcək minlərlə yerli və xarici fakt var. Ermənilər həyasızcasına hər şeyi özününküləşdirdikləri kimi, dünyanın ən qədim Çinar ağacını da öz adlarına oğurlayıblar. Lakin əlahəzrət fakt və qaynaqlar sübut edir ki, bu ağac Qarabağda azərbaycanlılar yaşayan torpaqlara və xalqa məxsusdur”, - deyə o vurğulayıb.