Close

Kommunistlərin məhkəməsiz, istintaqsız güllələdiyi 57 yaşlı ziyalımız...

XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb-yaratmış, Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində dərin iz qoymuş görkəmli Azərbaycan ziyalılarından biri də Firidun bəy Köçərlidir ( Köçərlinskiy).

Bu gün Azərbaycan ədəbi tənqidi və ədəbiyyatşünaslığının görkəmli simalarından olan ictimai xadim Firidun bəy Köçərlinin anadan olmasının 161-ci ildönümü tamam olur.

TNS xatırladır ki, görkəmli Azərbaycan pedaqoqu, ədəbiyyatşünas və publisist 1863-cü il yanvarın 26-da Şuşada anadan olub. Şuşadakı rus məktəbini bitirib. 1879-1885-ci illər ərzində Zaqafqaziya Müəllimlər Seminariyasında təhsil alıb. Sonradan həmin məktəbdə dərs deyib. 1910-cu ildə Qori seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı təyin olunub. 1918-1920-ci illərdə onun təşəbbüsü ilə həmin seminariyanın əsasında yaradılmış Qazax Müəllimlər Seminariyasında müdir işləyib.

F.Köçərli Zaqafqaziya müəllimlər seminariyasının tatar (Azərbaycan) bölməsini 1885-ci ildə bitirib. O, Seminariyanı bitirdikdən sonra İrəvan gimnaziyasına müəllim təyin edilərək Azərbaycan dili və şəriyət fənlərindən dərs deyib.

Firudin bəy Köçərli 1897-ci ildən etibarən isə artıq məzunu olduğu Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan bölməsində müsəlman dini üzrə şəriət müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. Onun Azərbaycan ədəbiyyatı tarixinə aid ilk əsərlərindən biri rusca yazılmış və 1903-cü ildə Tiflisdə dərc olunmuş 54 səhifəli «Литература Адербейджанских татар» (“Azərbaycan tatarlarının ədəbiyyatı” ) kitabıdır. Həmin əsər hazırda M.F.Axundov adına Milli Kitabxanada qayğı ilə qorunub saxlanılır. F.Köçərli 1911-ci ildə “Mirzə Fətəli Axundov”, 1912-ci ildə “Balalara hədiyyə” kitablarını nəşr etdirmişdir. Tanınmış ədəbiyyatşünas pedaqoq, ictimai xadim F. Köçərli həyatı boyu Azərbaycan ədəbiyyatı və mədəniyyətinə aid materiallar toplamış və həmin materialları tədqiq etmişdir. Xalqımızın digər ədəbiyyatşünas alimi, tənqidçi, yazıçı, tərcüməçi, Əməkqar elm xadimi- Əziz Şərif 1972-ci ildə “Ədəbiyyat və İncəsənət” qəzetində dərc etdirdiyi “ Firidun bəy Köçərli və onun arxivi” adlı məqaləsində Firidun bəy Köçərlinin uzun illər boyu topladığı materiallara qiymət verərək qeyd edirdi: "Burada nələr var idi! Molla Nəsrəddin, Sabir, Səhhət, İsmayıl bəy Qaspirinski, Ömər Faiq, Əli Mərdan bəy Topçubaşov, Salman Mumtaz və daha kimin yüzlərlə məktubu... Firidun bəyin arxivi XX əsr ictimai həyatımızın güzgüsüdür, bu dövrdə yaşayan bir nəfər də ictimai və mədəni xadim yoxdur ki, burada onun izi olmasın... Hələ XVII-XIX və daha qədim əsrlərə aid materiallar öz yerində. Burada Vaqıf haqqında Mirzə Fətəli Axundovun əlyazması da var idi... Biz gecə saat birə qədər oturduq. Bu bir neçə saatın içərisində mən sandıqdakı materialın ancaq azacıq bir hissəsini gözdən keçirə bildim”.

Qeyd edək ki, Köçərlinin “Darı və buğda” əsəri “Vətən dili” kitabına salınıb. Firidun bəy Köçərli 1885-ci ildə İrəvana gedib. 1886-cı ildə 23 yaşlı gimnaziya müəllimi Firidun bəy Köçərli İrəvanda teatr tamaşası təşkil edib. Həmin tamaşa - M.F.Axundovun “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyasının tamaşası İrəvan əhalisinin həyatında böyük mədəni hadisəyə çevrilib. Lakin F.Köçərli 1895-ci ildə İrəvanı tərk edib. O, 1917-ci ildə siyasi proseslərə qoşulub, “Müsavat” partiyasına daxil olub. 1920-ci ilin mayında Qazax kommunistləri onu və digər “Müsavat” funksionerlərini “xalqa xəyanətdə”, “milli nifaq törətməkdə” və s.-də ittiham edərək həbs edib, şahidlər dindirilmədən, verilən izahatlar nəzərə alınmadan Firudin bəy Köçərlini güllələyib.

Görkəmli maarifçi, pedaqoq, tənqidçi, ədəbiyyatşünas, yazıçı- publisist, ictimai xadim - Firudin bəy Köçərli həyatda cəmi 57 il ömür sürüb. Lakin onun həyatda belə qısa ömür sürməsinə baxmayaraq xalqımızın mədəni inkişafı yolunda çox əhəmiyyətli işlər görüb. O, ömrünün 40 ilini millətin maariflənməsi və mədəni tərəqqisinə, savadsızlığın və geriliyin aradan qaldırılmasına, mövhumat və cəhalətə qarşı mübarizəyə həsr edib. Firudin bəy Köçərlinin qələminin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etmək olub.

Aygün