Close

20 yanvar qırğınlarını çəkən fotoqraf: “Xatırladığım yanlız qırmızı və qara idi”

1990-cı il 20 yanvarda sovet höküməti tərəfindən planlı şəkildə Bakıda mülki əhaliyə qarşı törədilən qətliamdan məşhur fotojurnalist Reza Deqati və komandasının çəkdiyi fotolar və videolar sayəsində “Qara Yanvar” bir sirr deyil və dünya mülki əhaliyə qarşı törədilmiş qırğından xəbərdardır.

Azərbaycanda əhalinin silahsızlaşdırıldığı, insanların əsas xəbər mənbəyi olan televiziya yayımının dayandırıldığı, Bakıya xarici jurnalistlərin girişinin qadağan olunduğu bir vaxtda Reza Deqati 20 yanvarda bu qətliamdan xəbər tutan kimi Parisdən keşməkeşli yollar ilə Bakıya üz tutur. Parisdən birbaşa Bakıya səyahət mümkünsüz olduğu üçün o, Moskva kinostudiyalarını ziyarət etmək adı altında həmkarları ilə birlikdə sovet vizası alaraq Moskvaya gedir.

Jurnalistlərin girişi qadağan olunduğu üçün o, azərbaycanlı dostlarının köməyi ilə Bakıya yola düşən qatarda gizlənməklə təhlükəni nəzərə alaraq, insanlarla lazımsız ünsiyyətlərdən qaçmaqla 48 saatlıq yol gəlir. Qatarda ilk işi isə “Ya pa rusky niznaya” (mən rusca danışmıram) və “Ya azerbaijani” (mən azərbaycanlıyam) kimi bəzi rusca cümlələr öyrənmək idi. Çünki rus dili bilməyən azərbaycanlıları çox sorğu-suala tutmurdular. Ancaq kimsə onun sənədlərini yoxlasaydı, bu, artıq son demək idi.

Uzun səyahətdən sonra Bakıya çatdığı zaman Reza Deqati burda gördüyü mənzərəni İkinci Dünya Müharibəsi filmindən bir səhnəyə bənzədirdi.

“48 saatlıq səyahətdən sonra qatar Bakı stansiyasına daxil olduğu zaman, axşam vaxtları, komendant saatından yarım saat əvvəl, biz platforma üzərində düzülmüş, silahlı, papaqlı, uzun paltolu sovet əsgərlərini gördük. Soyuq idi, özümü 2-ci Dünya Müharibəsi haqqında filmdəki biri kimi hiss etdim. Sanki heç nə dəyişməyib”, -bunu Reza Deqati deyir.

Yanvarın 24-də onu dostları Bakıda qarşılayır və sovet əsgərlərinin dinc nümayişçiləri güllələməkləri, sovet tanklarının maşınların və mülki vətəndaşların üstündən keçməyi, uşaq, qadın, yaşlı demədən, silahsız insanları necə qətlə yetirdikləri barədə məlumat verirlər.

Küçədə gəzməyin belə təhlükəli olduğu bir vaxtda, sovet tank və əsgər patrulları ilə əhatələnmiş Bakı şəhərində Reza öz həyatını təhlükəyə ataraq, fotoaparatı ilə gizli şəkildə, xəstəxanalara, meyitxanalara gedərək, fərqli aspektlərdən, maşının içindən, binaların pəncərələrindən gördüyü mənzərələrin fotoşəkillərini çəkir.

Fotoqraf bildirir ki, Bakı tanklar və əsgər patrulları ilə mühasirəyə alınmışdı: “Açığı, gördüklərimizin şəkillərini çəkmək çox riskli idi. Ehtiyatlı davranmalı, maşınların və binaların pəncərələrindən fotolar çəkəndə kameranı gizlətməyin yollarını tapmalı idik”.

“Qara Yanvar” şəhidlərinin basdırıldığı, məzarlığa çevrilmiş, qəbrlərin üzəri qırmızı qərənfillər və qara paltarlar ilə örtülmüş şəhər parkına gələn Reza şübhələri üzərinə çəkməmək üçün hərkəs kimi geyinmiş və insanların da köməyi ilə çəkiliş avadanlıqlarını gizlətmişdi: “Xatırladığım yalnız qırmızı və qara idi”.

Ordu helikopteri izdihamı dağıtmaq üçün qəbiristanlığın üzərində uçuşlar həyata keçirdiyi zaman isə artıq Reza bu “qırmızı və qara”dan ibarət kadrları çəkib bitirmişdi. Təhlükəsizlik tədbirləri səbəbi ilə fotoaparat və avadanlıqlar olmadan Moskvaya qayıdan Reza sonradan dostlarının köməyi ilə onları əldə edir və ordan da Parisə gedir.

Parisə çatdığı günün axşamı 18-dən çox televiziya kanalı Rezanın çəkdiyi fotoşəkilləri göstərərək Bakıdakı hadisələr barədə danışdı, onlarla radio stansiyaları, 2000-dən çox jurnal və qəzet 20 Yanvar faciəsi barədə məlumat yaydı. Fotojurnalist Reza Deqati və komandasının çəkdiyi fotoşəkillər, videolar sayəsində qan yaddaşımız “Qara Yanvar” nəinki unudulmur, dünya əhalisi mülki vətəndaşlara qarşı olan bu vəhşilikdən xəbər tutur.

TNS həmin fotolardan bəzilərini təqdim edir:

 

01_0356_0188_insta

01_0356_0206

01_0356_0348

01_0356_0375

01_0356_0392

01_0356_0402

01_0356_0483 01_0356_0501 01_0356_0507 01_0356_0588 01_0356_069001_0356_0749

01_0356_0693