Close

Ermənilər bu qədim kitabı Daşkəsənin Bayan kəndindən necə oğurlayıb? - Alim şok faktları açıqladı

“Ermənistanda prezident seçkilərindən sonra rəsmi andiçmə mərasimi zamanı üzərində and içilən xristianlığa aid ən qədim İncil iki hissədən ibarətdir: "Müqəddəs Yevangiliya" və "Qoruyucu". Kitab Ermənistanda Matenadaran və ya Mesrop Maştots adına İrəvan Əlyazmalar və Sənədlərin Qorunma və Tədris Mərkəzində tam məxfi seyfdə qorunur və qeydiyyat nömrəsi 10680-dir. Bu kitabı qorumaq üçün xüsusi mühafizə qrupu var. Ona yalnız xüsusi icazəsi olan adamlar yaxınlaşa bilər. İndiyədək kitabın içi açılmayıb, erməni kilsəsinin baş katalikoslarından başqa heç kim orda hansı dildə yazıldığını görməyib”.

TNS xəbər verir ki, bu barədə dosent Zaur Əliyev bildirib.

“Bilirsiniz niyə?

Uzun zaman idi ki, xarici dostlarımızdan bu kitab barədə ətraflı məlumat almaq üçün Ermənistanda araşdırma aparmasını xahiş etmişdik. Kitabın hansı əlifba ilə yazılmasını öyrənə bilmədik. Amma tam əminik ki, nə qədim, nə də müasir erməni dilindədir. Aramey və latın dilində də deyil. Qismət olsa, Qərbi Azərbaycanı azad edib, bu mərkəzə gedə bilsək, onda əmin olacağıq. Amma əldə etdiyimiz məlumatlar daha önəmli faktlara gətirib çıxarıb”, - alim qeyd edib.

Zaur Əliyevin fikrincə, bu kitab V əsrdə Daşkəsən rayonunun Bayan kəndində hazırlanıb, orada 16-cı əsrə qədər saxlanılıb:

“Azərbaycandakı tarixi abidələrin müəyyən bir qismi xristianlıqla bağlıdır. Təxminən 3-4-cü əsrlərdə ölkədə bu qəbildən inşa edilən kilsə və monastrlar ərəb yürüşləri nəticəsində dağıdılıb. Dağlara çəkilən xristian əhali 7-8-ci əsrlərdə burada yenidən tikinti işləri aparıb. Tarixçilərin fikrincə, Daşkəsən rayonunun Bayan kəndi ərazisindəki 3 alban məbədi də (Bayan monastrı, Çiçərvəng məbədi, Bayan kilsəsi) məhz bu tarixdən günümüzə qədər gəlib çatan abidələrdir.

Məhz Bayan monsastrı üçün hazırlanan bu qədim və nadir kitab V əsrdən 1625-ci ilə qədər burada saxlanılıb. Sonradan onun restavrasiya edilməsi lazım olub və bunun üçün Qüdsdən dəvət edilən mütəxəsislər kitabın burda qalmasını mühüm hesab ediblər. Bayan kəndində saxlanılan bu qədim kitabın əfsanəsi o qədər yayılıb ki, Şərqin və Avropanın bir çox yerindən zəvvarlar Daşkəsənin Bayan kəndinə gəlib. Buna səbəb həmin kitabın sağlamlıq bəxş edib, xəstə insanlara kömək etməsi barədə şayiələr idi”.

Onun sözlərinə görə, kitab burada XIX əsrə qədər, Makar Barxudryan adlanan yepiskopun bölgəyə gəlməsinə qədər qorunub saxlanılır. 1895-ci ildə o, təcili Eçmiədzin kilsəsinə məktub yazır ki, bu kitab mütləq ermənilərə verilməlidir.

1974-cü ildə Bayan kəndində yaşayan Asi Qriqoryan adlı şəxs kitabı oğurlayıb Bakıya gətirir, Azərbaycanda erməni kilsəsinin baş katalikoslarından biri olan Vaqan Teryana verir. O da öz növbəsində 1 yanvar 1975-ci ildə Azərbaycan xüsusi xidmət orqanlarının diqqətini cəlb etməmək üçün onu 1955-1994-cü illər arasında bütün ermənilərin katolikosu olan I Vazgenə (Levon Garabed Baljian) anasının xatirəsinə hədiyyə edir. O, qədim kitabı hədiyyə alır, açır və həmin ilin 25 iyulunda Matenadarana göndərir, tapşırıq verir ki, heç bir zaman açılmasın. Həmçinin, kitabın surətinin erməni dilində yazılmasını, oxşarının hazırlanmasını tapşırır. Hazırlanan surətinə isə "Vexamor" adını verirlər. Bu ad I Vazgenin Buxarestdə müəllimə işləyən, 1974-cü ildə ölən anası Siranuş Palçyanın xatirəsini yaşatmaq üçün seçilir.

Hazırda Azərbaycan dövlətinə, xalqına və qədim Bayan monastrına məxsus bu qədim və nadir kitab Matenadaranda tam məxfi saxlanılır, onun surətini (saxta və ermənicə yazılan) qonaqlara göstərirlər. 

Bu qədim kitabın hansı dildə yazılması isə bu günə qədər gizli saxlanılır. 

Ümid edirik ki, nə zamansa bu kitab üzə çıxacaq və böyük ehtimalla Alban dövlətinə daxil olan Qarqarlardan olan Beniyaminin 52 hərfdən ibarət hazırladığı əlifba ilə olması sübut ediləcək”.