Close

Deputat Milli Məclisdə Elgünün ölümü barədə danışdı

“Hər bir gəncin ölümü çox üzücü və ağırdır. Ötən gün Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə açıqlaması oldu. Bu məsələyə aydınlıq gətirildi ki, həmin şəxs qəsdən öldürülməyib. Ona görə bu məsələyə toxunuram ki, bir çox hallarda bizlər istintaqın nəticəsini gözləmədən dərhal müxtəlif fərziyyələr irəli sürürük”.

TNS xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında Gəncədə istifadəsiz qalmış yataqxana binasından yıxılaraq ölən 11-ci sinif şagirdi Elgün İbrahimovdan danışarkən bildirib.

“Bu fərziyyələr bir çox hallarda həmin gəncin ailəsinin dərdinin üzərinə dərd gətirir. Məsələn, onun valideyni fikirləşəcək ki, oğlumu öldürüblər, amma qatilləri azadlıqda gəzir və s. Son vaxtlar uzun illər bağlı qalmış çoxlu sayda qəsdən adam öldürmə cinayətlərinin üstü açılıb. Cinayətin qurbanlarının yaxınları təskinlik tapıblar ki, ədalət öz yerini tapdı. Həmin şəxslər ədalət mühakiməsi qarşısına çıxarılıb layiqli cəzalarını alıblar.

Bu məsələlərdə bizim hüquq-mühafizə orqanlarının prinsipial mövqeyini qeyd etmək lazımdır. Hüquq-mühafizə orqanlarını tənqid qərəzli olmalı deyil. Hüquq-mühafizə orqanlarını gözdən salanda bundan ən çox əziyyət çəkən vətəndaşlar olacaq. Vətəndaşlar hüquq-mühafizə orqanlarına kömək etməsələr, cinayətkarlığa qarşı effektiv mübarizə aparmaq olmayacaq”, - deyə, deputat əlavə edib.

Xatırladaq ki, Elgün İbrahimov mayın 12-də Azərbaycan Texnologiya Universitetinin istifadə olunmayan yataqxanasının qarşısında yarımcan halda tapılıb. Ötən gün Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti Elgün İbrahimovun ölümü ilə bağlı məlumat yayıb. Məlumatda gəncə kənar şəxslər tərəfindən xəsarət yetirilmədiyi, heç bir zorakı hərəkətlərə yol verilmədiyi, onun hündürlükdən yıxılmaq nəticəsində aldığı çoxsaylı xəsarətlərdən öldüyü qeyd olunub.