Close

Baş prokuror Vyanada - FOTO

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 22-də BMT-nin Cinayətin Qarşısının Alınması və Cinayət Mühakiməsi Komissiyasının sessiyası çərçivəsində Vyana şəhərində işgüzar səfərdə olub.

Bu barədə TNS-ə Baş Prokurorluqdan məlumat verilib.

Baş Prokurorluq və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (BMTNCİ) arasında əldə olunmuş razılığa əsasən Azərbaycanın COP29-da sədrliyi çərçivəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq ictimaiyyətə təqdim olunması məqsədilə Azərbaycanın Avstriyadakı Səfirliyinin dəstəyi ilə BMT-nin qərargahında “İqlim fəaliyyətinin təkmilləşdirilməsi üçün ətraf mühit cinayətlərinə qarşı cinayətin qarşısının alınmasının və ədalət mexanizmlərinin gücləndirilməsi” adlı xüsusi sessiya təşkil edilib.

Tədbiri giriş sözü ilə açan BMT Baş katibinin müavini, BMTNCİ-nin İcraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Vali Azərbaycanın COP29-u uğurla keçirdiyini qeyd edərək görülən işləri yüksək qiymətləndirib. O, Azərbaycanın BMTNCİ ilə səmərəli və konstruktiv əməkdaşlığını alqışlayaraq, bu tərəfdaşlığın qlobal səviyyədə ədalət, təhlükəsizlik və ətraf mühitin qorunması sahələrində daha geniş miqyaslı təşəbbüslərə yol açdığına əminliyini ifadə edib.

Baş prokuror Kamran Əliyev COP29 çərçivəsində Azərbaycan Baş Prokurorluğunun və BMTNCİ-nin birgə təşkilatçılığı, Birləşmiş Ərəb Əmirlikləri Daxili İşlər Nazirliyinin isə həmsədrliyi ilə keçirilmiş “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması” mövzusunda yüksək səviyyəli tədbiri beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma kimi dəyərləndirib.

Daha sonra Madaqaskarın ətraf mühit və davamlı inkişaf naziri Maks Fonteyn tədbirə video müraciət ünvanlayaraq, iqlim dəyişikliyi ilə mübarizə və ekoloji dayanıqlılıq sahəsində ölkəsinin həyata keçirdiyi təşəbbüslər və əldə olunmuş nailiyyətlər barədə məlumat verib.

Baş Prokurorluğunun idarə rəisi Elnur Musayev və BƏƏ-nin Daxili İşlər Nazirliyinin idarə rəisi Əhməd Əl-Zəruni çıxış edərək, ətraf mühitin qorunması sahəsində hüquq-mühafizə orqanlarının rolu, bu istiqamətdə tətbiq olunan effektiv mexanizmlər və həyata keçirilmiş uğurlu tədbirlər barədə ətraflı təqdimatlarla çıxış ediblər.

Sessiyada Vyanada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, beynəlxalq təşkilatların təmsilçiləri, hüquqşünaslar, iqlim və ekoloji hüquq üzrə ekspertlər, eləcə də müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak edib.

1747913792-b8958fad-9b3d-4a42-91b4-5a753daa542a

1747913791_7f6a189f-0fd9-4f95-af4e-c1304875cc15