“İran-Azərbaycan münasibətləri yeni dövrə qədəm qoyur”

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bir neçə gün öncə Tehran Dialoq Forumunda iştirak etmək üçün İrana səfər edərək, vacib görüşlər keçirmişdi. Prezidentin köməkçisi Tehran Dialoq Forumunda çıxışı zamanı bildirmişdi ki, Azərbaycan Türkiyə, Rusiya və İranla çoxtərəfli əməkdaşlığı dəstəkləyir.
Bəs, bu görüşlərin Azərbaycan-İran münasibətlərinə təsiri necədir? Ümumiyyətlə, son vaxtlar Azərbaycanla İran arasındakı əlaqələri necə dəyərləndirmək olar? Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadənin edam cəzasının icrası iki ölkə arasındakı əməkdaşlığa necə təsir edəcək?
Mövzu ilə bağlı TNS-in suallarını politoloq Elşad Həsənov cavablandırıb.
Onun sözlərinə görə, son zamanlar İran-Azərbaycan münasibətlərində proses normallaşmaya doğru gedir:
"Buna da ilk növbədə İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana birgünlkü səfəri səbəb oldu. O, Azərbaycanda olmaqdan qürur hissi keçirdiyini deyərək Azərbaycanla münasibətlərin yaxşılaşdırılması üçün mühüm addımların atılması barədə fikirlər səsləndirdi. Sonra da Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İrana səfəri və orada yüksək səviyyədə qarşılanması, keçirdiyi görüşlər və apardığı danışıqlar, həmçinin, Tehran Dialoq Forumundakı çıxışı göstərir ki, İran-Azərbaycan münasibətləri yeni dövrə qədəm qoyur.
Biz həmişə İranla münasibətlərimizi normal saxlamağa çalışmışıq. Lakin İranda müəyyən siyasi dairələr Azərbaycana öz ərazisi kimi baxır və Azərbaycana qarşı hədyanlar yağdırırlar. Bu da təbii ki, bizi narahat edib. Hələ Ulu Öndər Heydər Əliyevin dövründə bununla bağlı bəzi problemlər yaranmışdı. O vaxtlar üçüncü ölkələr Azərbaycan ərazisində İrana qarşı əməliyyat-kəşfiyyat işləri aparmaq istəyiblər. Buna da Heydər Əliyev qəti etiraz edərək narazılığını bildirib. Yəni, biz həmişə İrana müsbət mövqeyimizi göstərərək münasibətlərimizin normal olmasına çalışmışıq. Təəssüf ki, torpaqlarımız işğal olunanda İran fars-molla rejimi daim Ermənistanın yanında oldu, onlara həm siyasi, həm maddi, həm də iqtisadi dəstək göstərdi, lakin Azərbaycana əks münasibət göstərildi. Baxın, ermənilər Azərbaycanın 65 məscidini dağıtdı, bunu görən İran olanlara göz yumdu. Lakin bunlar nə qədər təəssüf doğursa da, keçmişdə qaldı".
Politoloqun fikrincə, indi iki ölkə arasındakı münasibətlərdə yeni dövr başlayıb: "Düşünürəm ki, Məsud Pezeşkianın komandası Azərbaycanla münasibətləri ən yaxşı formaya salmağa çalışır. Bu istiqamətdə də bir sıra addımlar atılır".
Azadə Yolçu