Sahibə Qafarova Çin səfiri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova mayın 15-də Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lu Mey ilə görüşüb.
Bu barədə TNS-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Sahibə Qafarova Azərbaycanın və Çinin bütün sahələrdə fəal qarşılıqlı fəaliyyət göstərdiyini, siyasi sahə ilə yanaşı, digər sahələrdə də uğurlu əməkdaşlıq əlaqələrinin mövcud olduğunu söyləyib. O, bu gün ölkələrimiz arasında münasibətlərin özünün ən yüksək inkişaf mərhələsinə - hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə qalxdığını vurğulayıb.
Söhbət zamanı Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfərinin əhəmiyyəti qeyd olunaraq, iki ölkə arasında imzalanan "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat"ın münasibətlərimizin yüksək səviyyəsinin daha bir göstəricisi olduğu vurğulanıb. Prezident İlham Əliyevin sözügedən dövlət səfəri çərçivəsində Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri Cao Leji ilə görüşündə parlamentlərarası əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldığı qeyd olunub.
Görüşdə parlamentlərimiz arasında əlaqələrin ölkələrimiz arasında münasibətlərin mühüm tərkib hissəsini təşkil etdiyi diqqətə çatdırılaraq, parlamentlərarası əməkdaşlığın, o cümlədən parlamentlərin dostluq qrupları və komitələri arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Birgə Bəyanatda parlamentlər arasında əməkdaşlığa dair məsələlərin əks olunduğu ifadə edilib.
Spiker Sahibə Qafarova, özünün Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri Cao Leji ilə görüşünü xatırlayaraq, bu cür təmasların əlaqələrin daha da genişlənməsinə xidmət etdiyini bildirib.
Görüşdə Azərbaycan və Çinin beynəlxalq müstəvidə də əməkdaşlıq etdikləri qeyd olunaraq, ölkələrimizin daim bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri məmnunluqla vurğulanıb.
Səfir Lu Mey Cao Lejinin salamlarını Milli Məclisin sədrinə çatdıraraq, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə digər sahələrlə yanaşı, qanunvericilik orqanları arasında da əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylər göstərəcəyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.